|
Prezident Nardarana 12 milyon manat ayırdı
Nardaran dekabrın 1-dən etibarən Daxili Qoşunların və polisin nəzarətindədir. Kəndə yalnız yerli sakinlərin girişi və çıxışı mümkündür.

Musavat.com-un məlumatına görə, Nardarana  girişlərdə qurulan postlarda şəxsiyyət vəsiqələri və maşınlar yoxlanılır. Şəxsiyyət vəsiqəsi olmayan kənd sakinin hərəkəti belə mümkün deyil.
 
Hazırda 1500-ə yaxın ailəyə elektrik enerjisinin verilişi bərpa edilib. Təbii qaz isə sayğaclar və borular təmir edildikdən və yeniləndikdən sonra mümkün olacaq.
 
Kəndin mərkəzində yeni parkın inşası davam etdirilir. İlk dəfədir Nardaranda polis binasının tikintisinə başlanılıb. Polis binası Nardarının mərkəzi hissəsi hesab edilən İmam Hüseyn meydanının yaxınlığında tikilir.
 
Dekabrın 11-də prezident İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial -mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.
 
***
Daxili Qoşunların tam nəzarətində olan Nardaranda 2 polisin və 4 dindarın ölümü ilə nəticələnən qaşıdurmadan sonra keçirilən aksiyalarda iştirak edən şəxslərin həbsi davam edir. Son günlərdə aksiyada iştirak edən və Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadəni dəstəkləyən xeyli sayda dindar saxlanılıb. Sonuncu rəsmi məlumatda saxlanılanların sayının 32 olduğu bildirilirdi. Son iki gündə kəndin iki məscidinin imamı həbs edilib. Əvvəlcə Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov həbs edilib. Daha sonra isə Cümə məscidinin axundu olduğunu iddia edən Hacı Ataməli Nur saxlanılıb.

Kənddə baş verən son hadisələrlə bağlı musavat.com-a danışan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, insanların məscidlərə toplaşmasına və dini mərasimlərin keçirilməsinə icazə verilmir: “Hacı  Nuhbala və Hacı Ataməli həbs edilib. Onların birinə 12, digərinə 30 sutka veriblər. Xeyli sayda həbs olunan var. Bildiyimiz qədər ilə onların böyük əksəriyyəti Binəqədi təcridxanasına köçürülüb. Məscidlər nəzarətdədir. Bu gün də cümədə insanlar məscidə gələ bilmədi. Dini mərasimlərin keçirilməsinə icazə verilmir”.

Hazırda kənddə parkın salındığını deyən N.Kərimov prezidentin kəndə 12 milyon ayırmasına da münasibət bildirib: “Təbii ki, prezidentimizin Nardarana diqqət ayırması müsbət haldır. İndi əsas məsələ bu pulun hara və necə xərclənəcəyidir. Prezidentin nəzarətində olarsa, bu pul ayrıldığı istiqamətdə də xərclənəcək. İnşallah, bundan sonra Nardaran üçün hər şey yaxşı olacaq”.

Hazırda kənddə ən əsas problemlərdən birinin işsizlik olduğunu deyən N.Kərimov deyib ki, kənd sakinləri pul olmadığı üçün işıq yandırmır: “Kənddə işsizlik baş alıb gedir. İş yerləri yoxdur. Əksər evlərə elektrik enerjisi verilib. Amma camaat işığı yandıra bilmir. Çünki onlar bilirlər ki, bu pulu ödəyə bilməyəcəklər. Ailələrdə işləyən bir neçə adam var idi, onlar da saxlanılıb. Çoxunun harada olmasından xəbərimiz yoxdur”.
 
Bu arada, Nardaran hadisələri ilə bağlı Cəlilabadda keçirilən əməliyyat zamanı rayon sakini Ramin Əliyev saxlanılıb.
 
R.Əliyev Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib.
R.Əliyev “Müsəlman birliyi” adlandırılan təşkilata dəstək verməkdə təqsirli bilinərək həbs edilib.(musavat.com)
Cia.az