|
Azərbaycanda Türkiyə hərbi bazaları qurulsunmu...
Ölkəmizin ətrafında olan böyük dövlətlər arasında gərginlik getdikcə artır. Rusiya-Türkiyə qarşıdurmasına İran da müdaxilə etməyə başlayıb. İran son günlər atdığı bir neçə addımla Rusiyaya dəstək nümayiş etdirmiş oldu. Ekspertlər bildirir ki, sərhədlərində olan üç böyük dövlətin arasında qarşıdurmanın dərinləşməsi Azərbaycanın iki od arasında qalmaq təhlükəsini yaradır.
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın beynəlxalq etibarlı təhlükəsizlik təminatı olmalıdır. S.Əkbər hakimiyyətə demokratik dünya ilə inteqrasiyaya getmək, Avropa Birliyi və NATO ilə birləşmə yolunu tutmaqla Azərbaycana beynəlxalq təhlükəsizlik təminatını almaq təklifini verib. S.Əkbər həmçinin təklif edib ki, ilk növbədə Türkiyə ilə sıx hərbi-siyasi müttəfiqlik münasibətləri qurulmalıdır, Azərbaycanda Türkiyənin hərbi bazaları qurulmalıdır. İlk növbədə bu iş Naxçıvandan başlamalıdır.
 
 
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Azərbaycanın iki od arasında qalması əsrlərdir davam edir və təhlükə heç zaman sovuşmayıb. Biz bu təhlükələrdən qorunmaq üçün Türkiyə ilə ən yüksək səviyyədə hərbi-strateji müttəfiqliyi həyata keçirməliyik: “Biz təhlükədən çıxış yolu axtarmalıyıq. Hesab edirəm ki, tarixi ənənələr, Qars müqaviləsi var. Bu ənənələrə söykənib Türkiyə ilə hərbi müttəfiqlik məsələsini daha da inkişaf etdirmək lazımdır. Tarixi təcrübədən yararlanmaq lazımdır və Azərbaycan bu yolla özünü sığortalamlıdır. Milli təhlükəsizliyimizi qorumaqdan ötrü bu addım atılmalıdır”.
 

Ümid Partiyasının sədri İqbal Ağazadə sözügedən təklifin milli maraqlarımız baxımından müsbət təklif, ideya olduğunu söylədi: “İdeya kimi cəlbedici və maraqlıdır. Lakin bu ideyanın həyata keçməsinə əngəl törədə bilən iki məsələ var. NATO-nun üzvü olan Türkiyəyə NATO-dan münasibət necə olacaq? İkincisi, Rusiyanın buna münasibəti necə olacaq? Amma Azərbaycan-Türkiyə münasibətlərində bu mərhələ gərək çoxdan olaydı. Bu mərhələ çoxdan olsaydı indi problemlərlə üz-üzə qalmazdıq. Amma təəssüf ki, bəzən fürsətlər buraxıldı. İndi ən azı müzakirələr açmaq, müzakirələri aparmaq və müzakirələrin nəticəsində həm NATO-nun, həm Rusiyanın nəbzini yoxlamaq olar. Təbii ki, regionda baş verən hadisələr Azərbaycana ciddi şəkildə təsir edəcək. Çalışacaqlar ki, Azərbaycana təzyiq etsinlər, Azərbaycanı Türkiyə ilə birgə olmaq yolundan çəkindirsinlər. Amma hər halda bizim təhlükəsizlik çətirimiz Qərb dünyasıdır, Türkiyədir, Avropadır, ABŞ-dır. Çünki bu çətir daha güvənli, demokratik çətirdir. Ona görə biz oranı seçməliyik və strateji olaraq oraya hədəflənmiş kurs götürməliyik”.
 

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, nəzəri baxımdan bu təklif, ideya müsbətdir: “İdeya kimi çox yaxşı ideyadır. Ancaq reallaşmasının nə dərəcədə mümkün olub-olmadığı məsələsinə diqqət etmək lazımdır. Türkiyə NATO-nun üzvüdür. NATO-nun razılığı olmadan Türkiyə başqa bir dövlətin ərazisində hərbi bazalar qura bilməz. Çünki NATO-nun özünün standartları, qaydaları, taktikası var. İkincisi, NATO-nun nizamnaməsi Varşava müqaviləsi ləğv ediləndən sonra dəyişilib və demokratiyanın, insan hüquqlarının müdafiəsi funksiyası da bu qurumun üzərinə qoyulub. Bu da Azərbaycandan insan hüquq və azadlıqlarının Avropa, NATO standartlarına uyğun təmin edilməsini tələb eləyir. Azərbaycanda qeyd olunan sahələrdə vəziyyət bu standartlara uyğun deyil. Nəhayət, üçüncü amil gəlir. Bu da geopolitik durumdur. 50 milyonluq Ukrayna nəinki NATO ilə əməkdaşlıq, hətta Avropa Birliyi ilə birləşmək istiqamətində kiçicik addım atmaq istəyəndə Rusiya onun ərazisinin bir hissəsini işğal elədi. Azərbaycan NATO üzvü olan ölkənin hərbi bazalarını öz ərazisində yerləşdirmək istəsə bizim Ukraynadan fərqli bir taleni yaşamayacağımıza hansı təminat varmı? NATO, ABŞ, Türkiyə Azərbaycanın ərazilərinin Rusiya tərəfindən işğal edilməməsi üçün hər hansı təminatı öz üzərlərinə götürərlərsə, Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün addımlar atmaq olar. İndiki halda isə Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik yalnız müdafiə xarakterli ola bilər. Vacib deyil ki, bu bizim ərazimizdə hərbi kontingent saxlanması kimi olsun. Dövlətlər arasında xarici təhlükədən qorunmaq haqqında daha ciddi müqavilələr imzalamaq olaq".
Cia.az