|
Azərbaycan prezidentinin Çin səfərinin pərdəarxası
Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb. Prezident  Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri ilə görüşüb, 10-dək müqavilə imzalanıb.
 
Səfərin son günü Azərbaycan prezidentinə Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib. Prezident  mərasimdəki çıxışında fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib və deyib ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir: “Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı” - xəbərdə deyilir. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.  Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırıb.

 Qeyd edək ki, prezidentin Çinə səfərinin məram-məqsədləri barədə müxtəlif fikirlər səslənir. Ölkə başçısı Pekində keçirdiyi görüşlərdə bu barədə danışıb. “Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var”- prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib. 

Ölkə başçısı deyib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: “Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.
 
 
Nəqliyyat sahəsində əməkdaşlığa toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd edib.
Prezidentin səfərini şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanın Çinin investisiyalarına ehtiyaci var: “Xüsusilə də texnologiya, nəqliyyat və kəmər infrastrukturunda Çin şirkətlərinin iştirakı vacibdir. Odur ki, hesab edirəm səfər çərçivəsində imzalanmış dövlətlərarası müqavilələr bu istiqamətdə səmərə verə bilər. Bununla yanaşı, iki ölkə arasında özəl sektorda da əməkdaşlığın perspektivi yüksəkdir”.
 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov deyir ki, son illər ərzində Azərbaycan hökuməti Çinlə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində çox ciddi addımlar atıb və bunun da əsasında hər iki ölkənin iqtisadi maraqlarının müxtəlif formalarda kəsişməsi faktı dayanır: “Son 10 ildən bir qədər artıq vaxt ərzində Çinlə Azərbaycanın ticari əlaqələri 3 dəfəyə qədər artıb. Lakin potensial imkanların bundan dəfələrlə artıq olduğu hər iki tərəfə tam aydındır. Elə bu səbəbdəndir ki, hər iki ölkənin siyasi rəhbərliyi iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bundan hər iki ölkənin maksimum iqtisadi fayda götürməsi şanslarını reallaşdırmağa qərar veriblər. Bu gün Çin dünya Ümumi Daxili Məhsulunun 13%-dən çoxunu istehsal edir. Bu prizmadan yanaşıldığı halda kimsə Azərbaycan-Çin iqtisadi əlaqələrinin Çin üçün əhəmiyyətini lazımınca dəyərləndirməyə də bilər. Ancaq əsl həqiqət ondan ibarətdir ki, bu münasibətlərdə fiziki həcmlər ölçü vahidi deyil. Söhbət qarşılıqlı iqtisadi əlaqələrdən hər iki tərəfin maksimum yararlana bilməsindən gedir”. F.Yusifov deyir ki, əslində Çinlə Azərbaycanın iqtisadi əlaqələrinin tarixı çox qədimlərə gedib çıxır: “Bu əlaqələrin başlanğıcı iki min il öncə Böyük İpək Yolu vasitəsilə qoyulub. Bu gün isə tarixi bu qədər qədim olan həmin əlaqələri əsaslı şəkildə genişləndirmək şansları yarınıb. Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsində Azərbaycanın maraqları hər kəsə aydındır. Dünya iqtisadiyyatında bu qədər böyük rolu olan nəhənglərdən birilə iqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividentlər verə bilər. Digər tərəfdən, bu münasibətlərdən istifadə edib Çin kapitalının Azərbaycana yönəlməsinə nail olmaq mümkündür ki, bu da az əhəmiyyət kəsb edən məsələ deyil”. Ekspert deyir ki, Çinin Azərbaycanla bağlı siyasi ambisiyaları yoxdur: “Çin Azərbaycanla bərabər əsaslarla iqtisadi əməkdaşlıq etmək niyyətindədir. Bu gün Azərbaycanı öz təsir dairəsinə almaq üçün min bir oyundan çıxan Qərb ölkələri və qonşu ölkələrdən Çini bizim üçün fərqləndirən əsas məqamlardan biri də elə budur. Azərbaycan hökuməti bütün bu məqamları təhlil edib Çinlə əlaqələrin daha da genişləndirilməsi yolunu tutmağa qərar verib. Bu, çox doğru və uzaqgörən bir siyasətin nəticəsidir”.
 

Deputat Zahid Oruc isə dedi ki, Çin iqtisadiyyatı dünyadakı qeyri-sabit maliyyə vəziyyətinə baxmayaraq, stabil inkişaf xəttini qoruyub saxlayır: “O cümlədən, BMT Təhlükəsizlik Şurasının üzvü kimi həmin ölkənin bir çox beynəlxalq münaqişələrə fərqli münasibəti mövcuddur. Daha konkret söyləsək, hazırki dünya düzəninə yön verən geoplotik nəhənglərdən biridir. Azərbaycan prezidentinin Çinə səfəri neft bumunun söndüyü və alternativ iqtisadiyyatın daha da dirçəldilməsi, yeni bazarlar və invesitisya mənbələri tapmaq baxımından çox böyük əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, ölkəmizin yerləşdiyi coğrafiya böyük İpək yolunun üstündə yerləşir, onda gündoğar ölkənin özü üçün geniş bir məkanda yükdaşımaların məhz bu regiondan keçməsini qərarlaşdırmaq məhz belə ikitərəfli görüşlər vasitəsilə mümkündür. Vaxtilə Traseka layihəsi çərçivəsində formalaşan nəqliyyat infrastrukturu, sonralar Azərbaycanın müstəqil və iddialı qərarları ilə daha da genişləndi. İndi Bakı-Qars dəmir yolu layihəsi Asiya-Avropa arasında ən yaxşı ”dəmir körpü" və ya “ötürücü qovşaq” ola bilər". 
 
Z.Orucun sözlərinə görə, vaxtilə atılmış addımın strateji marağa xidmət etməsi göz qabağındadır:“Ümidvarıq ki, əldə olunmuş razılaşmalar hazırki dövrdə böyük dəyişiliklər dövrünü yaşayan Azərbaycan dəmir yolu nəqliyyatı üçün yeni mərhələ olacaq. Neftin erasını bitirənlər hər bir əlkədə real iqtisadiyyatın kölgədən çıxmasına təkan veriblər. Çinin Qarabağ məsələsində siyasi mövqeyi ölkə başçımızın dünən ifadə etdiyi kimi ”Vahid Çin" bəyanatına qarışlıq olaraq verilir və bu dünya nəhəngi separatizmin nə olduğunu yaxşı bilir. Ona görə Azərbaycan dünyada dəyişən siyasi-iqtisadi şəraitə uyğun yeni dostlar qazanmaq üçün fəal xarici siyasət kursu yürütməkdədir. Çin Azərbaycanı əhalisinə və ərazisinə görə deyil, siyasi əhəmiyyətinə görə qiymətləndirir"(musavat.com).
Cia.az