Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfərə başlamalı idi. Səfər ən əvvəl “Su-24" insidentindən sonra gərginləşmiş Ankara-Moskva münasibətlərində hansı gəlişmələrə gətirə biləcəyi ilə diqqətdə idi. Söhbət öncələrdə də qeyd elədiyimiz kimi, Rusiyanın mümkün qaz şantajına qarşı Türkmənistanın, Azərbaycanın, digər dost-müttəfiq ölkələrinin hesabına qardaş ölkənin nə dərəcədə çevik və önləyici tədbirlər görəcəyindən gedir.
Bu xüsusda baş nazir Əhməd Davudoğlunun Bakı ziyarətindən az sonra Ərdoğanın Türkmənistana səfəri mühüm önəm daşıyır. Eyni zamanda səfərin Türkiyə-Rusiya iqtisadi savaşında hara qədər genişlənə biləcəyinə müəyyən aydınlıq gətirməlidir. Doğrudur, hələ ki, şimal qonşumuz Türkiyəyə qaz nəqlini dayandırmayıb. Lakin Putinin son hədələrindən bəlli olur ki, Kremlin qaz nəqlinə zəmanəti 24 noyabradək kimi 100%-li də deyil.
Hərçənd, bu arada Rusiya tərəfdən Türkiyə tərəfdən münasibətlərin bərpasına yönəlik kövrək notlar da səslənir. Məsələn, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova “Vestnik Kavkaza” nəşrinə müsahibəsində iki ölkə arasında yaranmış durumu şərh edərkən bildirib ki, “Rusiya Türkiyəni və türk xalqını dost sayır”.
Sitat: “Bizim dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapıb. Əlbəttə ki, bizim tariximizdə müxtəlif məqamlar və müxtəlif vaxtlar olub, ancaq biz tərəfdən əlaqələrin inkişafı və irəliyə hərəkətin xeyrinə prinsipial seçim edilib... Son illər çoxlu sayda ortaq Rusiya-Türkiyə ailələri yaranıb. Onlar üçün həm Türkiyə, həm də Rusiya doğma evləridir. Bu adamlar hər iki dövləti sevir. Onların ortaq övladları var. Bu insanların hamısı sanki ikitərəfli əlaqələrin mahiyyətinə çevrilib”.
Diplomat sonda iddia edib ki, “nə vurulan ”Su-24" təyyarəsi, nə də Rusiya öz tarixində heç vaxt Türkiyəni hədələməyib. Lakin xoşməramlı jestlərə rəğmən Rusiya rəsmisi Türkiyənin insidentə görə günahkar olduğunu və üzr istəməli olduğunu söyləməyi də unutmayıb. Bunu isə Türkiyə heç vaxt etməyəcək. Demək, əlaqələr də qeyri-müəyyən vaxtadək gərgin qalacaq, bəlkə də bir qədər də kəskinləşəcək.
***
“Hazırda Türkiyə əleyhinə atılan addımlar şantaj xarakter daşıyır və hay-küydən savayı bir şey deyil. Politoloq Qabil Hüseynli bu sözləri Axar.az-a açıqlamasında deyib. Sabiq dövlət müşavirinə görə, Rusiya və İran Türkiyəni təkləyə bilməyəcək: ”İran Rusiyanın diktəsi ilə hərəkət eləsə də, Türkiyəni təkləyə bilməyəcəklər. Türkiyənin yanında NATO və ABŞ var. Türkiyə özü də bir NATO ölkəsi kimi müstəqil sürətdə istənilən şantaj və iqtisadi sanksiyalara cavab vermək qüdrətindədir. Ankara İranın belə bir addım atacağını öncədən bilirdi. Məhz buna görə də qaz axtarışlarına çıxmışdı. Qətər və Əlcəzair Türkiyəyə söz verib. Eyni zamanda “Şahdəniz-2" və TANAP işə düşərsə, Türkiyənin başqa dövlətlərdən qaz asılılığı aradan qalxacaq”.

Politoloq hesab edir ki, əgər Türkiyənin qaza ehtiyacı kəskin artsa, onda Avropa ölkələri də hərəkətə keçə bilər: “Məsələn, böyük qaz istehsalçıları Norveç və ABŞ da Türkiyəyə qaz nəql edə bilər. Bor sözlə, Moskva və Tehranın hədəfləri nəticəsiz qalacaq. Çünki Türkiyə də Rusiyaya qarşı sanksiyalar hazırlayır. Türkiyəyə qarşı bu cür addım rublun inflyasiyasını artırıb, rus bazarları bahalaşma riski ilə üz-üzədir. Bu isə rus əhalinin büdcəsinə ciddi zərbə vuracaq. Rusiya hələ ki, hədə-qorxu taktikasından istifadə edir. Ötən illə müqayisədə Rusiya iqtisadiyyatında geriləmə baş verir. Bir sözlə, Türkiyənin sərəncamında olan bir sıra məsələlər var ki, Ankara bunları işə salarsa, Moskva daha çox əziyyət çəkəcək. O ki qaldı İrana, belə bir zamanda Rusiyanın sözü ilə oturub-durmaq Tehranın nüfuzuna böyük zərbə vuracaq”.
“Türkmənistan Türkiyə üçün çox əlverişli tərəfdaşa çevrilə bilər”.
Bu sözləri isə politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, Ankara-Moskva münasibətlərinin hazırkı durumu bu iki dövlət arasında qaz anlaşmasının əldə olunması üçün hər hansı müsbət dönüş vəd etmir: “Türkiyə qaz tranziti ölkəsinə çevrilmə planından əsla əl çəkmək niyyətində deyil. Odur ki, Ankara indi Moskvanın alternativini tapmaq istəyir ki, yaxın gələcəkdə Avropaya enerjidaşıyıcısının ötürülməsində özünün tranzit-paylaşdırıcı funksiyasını gerçəkləşdirsin. Bu mənada Türkmənistan Türkiyə üçün çox əlverişli tərəfdaşa çevrilə bilər. Təbii ki, Ankara həm də Transxəzər layihəsinin reallaşması yolunda hazırda fəallıq göstərir.

Əvvəla, bu layihə gerçəkləşsə, Rusiya ciddi zərbə almış olacaq. Çünki dənizin altından çəkilməsi nəzərdə tutulan boru kəməri türkmən qazının qiymətini optimal edəcək. Bundan udan Azərbaycan və Türkiyə olacaq. Yox, Transxəzər layihəsi baş tutmasa, onda mavi enerjidaşıyıcısı İranın ərazisi ilə Türkiyənin ərazisinə çatdırılacaq. Bu variantda isə İran daha çox qazanc əldə edə biləcək, eləcə də Türkiyə də tranzitdən qazanacaq”.
Analitik onun da qeyd edib ki, Ankara ilə Moskva arasında barışıq ehtimalı, demək olar, minimum həddədir: “Məhz bu amil Ankaranı tələsməyə sövq edir ki, Avropaya qaz ixracatında boşluq yaranmasın və Türkiyə bu prosesdə gözlədiyi mənfəəti götürə bilsin. Türkmənistan hazırda qazının böyük həcmini Çinə göndərir və Pekin həmin resursun özü üçün vacib əhəmiyyət kəsb etdiyini bildirir. Təsadüfi deyil ki, Çin Türkmənistanın enerji sektoruna çox miqdarda sərmayə qoymağı nəzərdə tutub. Hər halda, bu iki ölkənin qaz ətrafındakı anlaşması ən azı 25-30 ilə nəzərdə tutub”.
***
Göründüyü kimi, Moskva ilə gərginləşən münasibətlər Türkiyənin həm də Avropaya doğru bir etibarlı qaz tranzit ölkəsi, qaz xabı (paylayıcısı) kimi öz önəmini qoruyub saxlamaq zərurəti yaradıb. Dekabrda Davudoğlunun Azərbaycana, Ərdoğanın isə Türkmənistan səfərlərində əsas hədəflərdən biri də budur. Çünki energetik önəm həm də siyasi önəm, siyasi bağlılıq yaradır. Bu mənada Türkiyə özünə energetik “xilas kəməri” axtarmaqla əslində elə Avropa üçün də xılaskar rolunda çıxış edir.
Cia.az
