|
Bazarlarda ən baha qoz-fındıqdır
Rusiyanın Türkiyənin ərzaq, xüsusən də kənd təsərrüfatı məhsullarına  embarqo qoyması bir çoxlarında Azərbaycanda bu adda məhsulların qiymətlərinə təsir edəcəyi fikrini yaratmışdı. Amma görünür ki, bunun tam əksi baş verdi və kənd təsərrüfatı məhsullarının qiyməti hər  gün bahalaşmağa davam edir. 

Ekspertlərin bəziləri bazarlardakı bahalaşmanı manatın yenidən dəyərdən düşməsi ilə əlaqələndirir, kimi isə  Yeni il qabağı bu tendensiyanın hər zaman yaşandığını deyir, kimisi isə qışın gəlməsinin qiymətlərə təsir etdiyini bildirir. Kimin nə deməsindən asılı olmayaraq real olan bu bahalaşmadan əhalinin əziyyət çəkməsidir. Əhali bu gedişlə Yeni ili yavan çörəklə qarşılayacaqlarını, bu qiymətlərlə bayram süfrəsi açmağın mümkünsüz olduğunu deyirlər. Satıcılar isə bahalaşmanın təbii olduğunu, nəzərəçarpacaq dərəcədə yüksək qiymətlər olmadığını deyirlər.
 
Bu fikirlərlə “vasmoy bazarı” kimi tanınan 8-ci kilometr bazarında rastlaşdıq. Paytaxt əhalisinin daha çox üz tutduğu və ən ucuz bazar sayılan 8-ci kilometr bazarında qiymətlər doğrudan da “əl yandırırdı”. Belə ki, pomidorun qiyməti 1 manat 20 qəpik, zirə pomidoru 2 manat 50 qəpik, xiyar 20 manat 50 qəpik, kartof 80 qəpik, 1 manat, soğan 70-80 qəpik, göyərti 4 dənəsi 1 manat, limon 4 dənəsi bir manat, alma 1-2 manat arası, nar 2 manat, banan 2 manat 50 qəpik, xurma 80 qəpik, qoz  ləpəsi 6-15 manat arası, fındıq ləpəsi 8-14 manat arası, badam 16 manat, şabalıd 5-10 manat, qaysı 4-8 manat  arasında satılırdı. Apardığımız müşahidə bazarlarda ən bahalı məhsulun elə qoz-fındıq olduğunu deməyə əsas verir.

Maraqlıdır, qiymətlərin bu dərəcədə bahalaşmasına səbəb nədir? Deyilənlər kimi devalvasiya baş verəcəyi üçün qiymətlər artıb yoxsa başqa səbəblər var? Əhali belə vəziyyətdə nə etməlidir?
 
Suallarımızı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov devalvasiya ehtimalının yüksək olduğunu bildirdi:“Təəssüflər olsun devalvasiya ehtimalı yüksəkdir və hazırda baş verənlər bu prosesi daha da yaxınlaşdırır. 2016-cı ilin birinci rübündə böyük ehtimalla devalvasiya baş verəcək və düşünürəm ki, bu yumşaq devalvasiya olmayacaq. Hazırda iki variant əsasında müzakirələr gedir. Birincisi kəskin devalvasiya, ikincisi üzən məzənnə sisteminin tətbiq edilməsi. Üzən məzənnəyə keçid tətbiq edilərsə, bu zaman analoji olaraq kəskin devalvasiyaya bənzər manatın məzənnəsində azalmalar baş verəcək. Məsələ ondadır ki, Azərbaycan hazırda birinci devalvasiyanın nəticələrini həzm edə bilməyi və bununla bağlı çox ciddi problemlər yaşanmaqdadır. Xüsusilə də biz bunu bank sektorunda hiss edirik. Bununla bağlı növbəti devalvasiya təhlükəsi təbii ki, cəmiyyətdə haqlı olaraq müəyyən narahatlıqlar, gərginliklər yaradır. Bu xərcləmələrdə də özünü biruzə verir. Məhz bu səbəbdən qaynaqlanan xərcləmələrin azalması öz-özlüyündə digər iqtisadi faktorların zəifləməsinə gətirir çıxarır. Ümumiyyətlə götürəndə bu gün qiymətlərin artımı ilə bağlı baş verənlər rəqabət prinsiplərinin tələbi olaraq, bazarda tələbin artımına yönəlik qiymət artımından getmir. Bu qiymət artımı bir neçə səbəbdən baş verə bilir. Birincisi, ola bilər ki, məhsulun gətirildiyi ölkədə qiymət bahalaşıb. İkinisi, devalvasiya baş verəndən sonra devalvasiyaya uyğun olaraq xaricdən idxal olunan məhsulların qiymətində artımlar baş vermədi. Müəyyən inzibati tədbirlərlə bunun qarşısı alındı. Lakin hazırda bununla bağlı nəzarətin nisbətən zəifləməsi bu şirkətlərin qiymətləri artırmasına səbəb olub. Təbii ki, bu əslində normal haldır. Çünki məhsullar dollarla alınır. Bu məhsulların alışındakı maya dəyərində kəskin bahalaşma baş verir. Əgər onlara təzyiqlər uzun müddət davam edərdisə, bu hal şirkətlərin sıradan çıxmasına səbəb olardı”.
 
 
Ekspert yeganə çıxış yolunun liberal bazar mühitinin yaradılmasında gördüyünü dedi: “Düşünürəm ki, hazırda yeganə çıxış yollarından biri liberal bazar mühitinin yaradılması, iqtisadi islahatların sürətləndirilməsidir. Xüsusilə gömrüklə bağlı ciddi qərarlar qəbul edilməli, ölkədə inhisarçılığa qarşı sərt tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın, biznesin formalaşmasında aktivlik gücləndirilməlidir. Bu tədbirlər monopoliyanın yığışdırılmasına, gömrükdə müəyyən qeyri leqal fəaliyyətlərin dayandırılmasına səbəb ola bilər. Eyni zamanda hazırda hər bir Azərbaycan vətəndaşının ödədiyi monopoliya inhisar faizinin onların ailə büdcəsində qalmasına gətirib çıxara bilər. bu isə bütövlükdə götürdükdə ailənin gəlirlərinin dəyərlənməsinə səbəb olur, imkanları artır.  
 
Yaşanan bu böhranlı dövrlərdə vətəndaşların əvvəlki dövrlərlə müqayisədə itkilərinin müəyyən bir hissəsini kompensasiya edir. Düşünürəm ki, gömrüklə bağlı ciddi islahatlar aparılıb, inhisarçılıq aradan qaldırlarsa, hazırda baş verən qiymət artımlarından da daha artıq faizlərlə ifadə olunan qiymət azalmaları baş verəcək. Bu isə əhalinin sosial rifahına, həmçinin ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər. İnsanlara bu gün üçün məsləhət xarakterli nəsə demək çətindir. Sonrakı dövrlərdə hansı iqtisadi kursun yeniləcəyini proqnozlaşdırmaqda çətindir. İslahatlar baş verəcəkmi və bunun fonunda həqiqətən liberallaşma olacaqmı demək çətindir”.
 
R.Həsənov vətəndaşlara pullarını müxtəlif valyutalarda saxlamağı və banklara mümkün qədər borclanmamağı tövsiyə etdi: “İnsanlar ekonomik xərclər etməyə çalışmalı və vəsaitlərini şaxələndirilmiş istiqamətdə, fərqli valyutalarda saxlamalıdır. Yəni yığım məqsədilə saxlanılan vəsaitlərinin bir valyutadan asılılığını aradan qaldırmalıdır. Bundan sonrakı dövrlərdə mümkün qədər bankdan az borclanmaq lazımdır. Növbəti dövrləri dəqiq proqnozlaşdırmaq mümkün olmadığı üçün bankdan götürülən vəsaitlərin hansı gəlirlərin gətirəcəyini də əvvəlcədən demək çətindir. Mümkün qədər ehtiyatlı davranmaq lazımdır”(musavat.com)
Cia.az