|
“Azərbaycan ekspansiyanı ən əvvəl Rusiyadan gözləməlidir”
Avropa Birliyi (AB) ölkələri dekabrın ortalarında Rusiya əleyhinə iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq fikrindədir. Məlumdur ki, bu sanksiyalar iki ildir Ukraynanın suveren ərazisi olan Krımın zorla Rusiyaya birləşdirilməsi, bununla da Moskvanın beynəlxalq hüquq normalarını ayaqaltı eləməsinə görə tətbiq olunur. AB ilə yanaşı, bəllidir ki, ABŞ da Rusiyaya qarşı sərt iqtisadi-maliyyə sanksiyaları tətbiq edir. 
Özlüyündə Qərbin, beynəlxalq birliyin sanksiyalar yolu seçməsi məntiqli bir davranışıdır. Çünki hər dövlət güclü olduğu üçün öz qonşusunun ərazisini zəbt edəcəksə, bu, az sonra zəncirvari prosesə çevrilərək dünyanın tarazlığını poza, qlobal xaosa gətirə bilər. Ayrı, sözlə, Kremlə qarşı işə salınan sanksiyalar onun kimi oxşar niyyətə düşə biləcək bütün ölkələrə əyani xəbərdarlıqdır. 
 
***
Ancaq əfsuslar olsun ki, eyni yanaşmanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonu yenə məhz Rusiyanın köməyi ilhaq eləmiş işğalçı Ermənistana qarşı tətbiq etmək nədənsə Qərbin, ABŞ-ın yadına düşmür. Bu harasıdır, üstəlik, Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə və başqa köməkliklər göstərilir, separatçı liderlərə onların Abxaziyadakı, Krımdakı, Cənubi Osetiyadakı əqidədaşlarından fərqli olaraq həvəslə qucaq açılır. 
 
Elə Rusiyaya qarşı sanksiyaların uzadılması ərəfəsində qondarma “DQR”in “xarici işlər naziri” David Babayan ABŞ-da görüşlər keçirir. Bu görüşlərdən biri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə Vaşinqtonda baş tutub. Görüşdə saxta qurumun ABŞ-dakı və Kanadadakı “daimi nümayəndəliyi”nin rəhbəri Robert Avetisyan da iştirak edib. İkili standart göz deşir. 
 
Təbii ki, söhbət təkcə ABŞ-ın ikili standartlarındandan getmir. Minsk Qrupunun digər həmsədr ölkəsi Fransanın ermənilərə münasibəti beynəlxalq hüquq baxımından daha acınacaqlıdır. Üçüncü həmsədr dövlət - Rusiyadan isə danışmağa dəymir. Şimal qonşumuz yeri gələndə öz ərazisində separatçı (əslində milli-azadlıq) hərəkatlarını Çeçenistandakı kimi qan gölündə boğur, yeri gələndə isə Abxaziya və Cənubi Osetiyada, Krımdakı kimi dağıdıcı separatizmə hətta hərbi dəstək verir, onları özünə ilhaq edir, suveren ölkələrin ərazi bütövlüyünü pozur. 
 
 
Dağlıq Qarabağ separatizminin və ərazilərimizin işğalının da 1 nömrəli sponsoru Rusiyadır. Bu da ikili standartın başqa bir formasıdır.  
 
***
 
Hazırda Rusiya Qarabağ məsələsində ədalətli vasitəçi olmaqdan çox öz yeni imperiya ambisiyalarını Qərbə qəbul etdirmək cəhdlərində bulunmaqdadır. Nəzərə alanda ki, Qarabağ konfliktinin həllinə ən böyük təsir rıçaqları məhz Kremlin əlindədir, o zaman bu ölkənin yaxın perspektiv üçün planlarını izləmək Azərbaycan üçün heç də az önəm daşımır. 
 
Əksər təhlilçilərə görə, Rusiya Suriyada bataqlığa girib və oradan o, uduşsuz çıxacaq. Bəs sonra? Rəsmi Kremlin planlarında Güney Qafqazın, Qarabağ məsələsinin önəmi hansı səmtə dəyişə bilər? Putinin növbəti hədəfi hansı region və ya ölkə ola bilər? 
 
Qüdsdəki Şərq Tərəfdaşlığı İnstitutunun prezidenti, “Caucasianreview” saytının baş redaktoru Avraam Şmuleviçə görə, bu hədəflər elə də çox deyil (minval.az): “Məsələn, Qazaxıstan onun hədəfi ola bilər. Qazaxıstan haqda Rusiyada çox danışır, onu Ukrayna ilə müqayisə edirlər. Ancaq Rusiya bu ölkəyə girsə, Çinin maraqlarına toxunacaq, Moskva isə Çindən dovşan boadan (tropik Amerikada yaşayan nəhəng ilan - red.) qorxan kimi qorxur. Bəs Baltikyanı ölkələr, onlar hədəf seçilə bilərmi? İstisnadır. Çünki bu, NATO ilə birbaşa konfrontasiya deməkdir və hərbi planda Rusiya üçün mümkünsüzdür”.
 

Analitikə görə, ən çox ehtimal edilən istiqamət məhz Cənubi Qafqazdır: “Rusiyanın ekspansiyasını ilk növbədə Azərbaycan gözləməlidir. Azərbaycan onun üçün yağlı tikədir. Suriyadakı avantüra bitəndən sonra Rusiya Güney Qafqaza yönəlik aktiv siyasətə başlayacaq. Ermənistan və Gürcüstan faktiki surətdə Rusiyadan asılı durumdadır. Ermənistan ümumiyyətlə, tam asılıdır. Azərbaycan haqda isə bunu demək olmaz. Rusiya Azərbaycana iqtisadi təzyiqlər göstərəcək, yoxsa hərbi-siyasi xarakterli təzyiqlər? Bəlkə Rusiya xüsusi xidmətləri ölkədə vəziyyətə qarışdırmağa cəhd edəcək? Mən nüfuzlu rusiyalı ekspertlər tanıyıram ki, onlar Rusiyanın Azərbaycanı öz tərəfinə çəkmək üçün bu ölkədə sosial, dini və etnik qarşıdurmalar yaradıb vəziyyəti qarışdırmağın tərəfdarı kimi çıxış edirlər. Belə bir ekspansiyanı gözləməyə dəyər. çünki Rusiya rəhbərliyi müharibə aparmaq və yad əraziləri zorla ələ keçirməkdən savayı heç nəyi bacarmır”.
 
*** 
“Suriyada münaqişələrin gərginliyi Cənubi Qafqaz regionuna da təsir edir”. Bunu isə Qafqaz üzrə ekspert, professor Uve Halbax deyir (Publika.az). O, ötən ildən  başlayaraq Dağlıq Qarabağ zonasında münaqişənin yenidən gərginləşməsinə diqqət yönəldib: “Dağlıq Qarabağ münaqişəsində Rusiya ikili rol oynayır. Bir tərəfdən Azərbaycan və Ermənistan arasında vasitəçilik edir, digər tərəfdən hər iki ölkəyə silah satır. 
 
 
Cənubi Qafqaz tarixi imperiyalar arasında geosiyasi rəqabət regionudur. ”Əsrin müqaviləsi" və Xəzərdə Azərbaycan qazının istehsalı haqda müqavilələrdən sonra 1994-cü ildən etibarən regionda “Böyük oyun” başlandı. Bu oyun Gürcüstanın avroatlantik kursunun gücləndirilməsi ilə davam etdi. Rusiya Abxaziya və Cənubi Osetiya ilə bu oyuna cavab verdi. Sonra Ukrayna hadisələri baş verdi. İndi də Rusiya-Türkiyə qarşıdurmasında ümumi rəqabət açıq hiss olunur".
 
Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində tezliklə həll olunmalıdır. Onun fikrincə, bu regionda bütün ölkələr üçün vacibdir.
Cia.az