Bu gün Yunanıstan və Bolqarıstan arasında iki ölkənin qaz kəmərləri sistemini birləşdirən kəmərin tikintisinə dair investisiya razılaşması imzalanacaq.
Virtualaz.org saytı bu barədə Bolqarıstan KİV-lərinə istinadən xəbər verir.
Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin (İGB) tikintisinə dair investisiya razılaşmasının imzalanması bu il ərzində iki dəfə təxirə salınıb. Sonuncu dəfə sənədin imzalanması iyun ayına planlaşdırılmışdı, lakin Yunanıstan tərəfi ölkədəki siyasi vəziyyəti əsas gətirərək razılaşmanın təxirə salınmasını istəyib.
İGB layihəsi Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin mühüm komponentidir. Azərbaycan qazı Yunanıstanın Türkiyə ilə sərhədindən TAP kəmərinə vurulacaq, oradan qazın bir hissəsi İGB kəməri ilə Bolqarıstana çatdırılacaq.
Gələcəkdə Bolqarıstan üzərindən Azərbaycan qazının digər bəzi Avropa ölkələrinə də nəqli planlaşdırılır. İGB kəməri ilə ildə 3-5 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.
İnvestisiya razılaşmasına Yunanıstan və Bolqarıstanın energetika nazirləri imza atacaqlar. Bolqarıstanın baş naziri Boyko Borisov da mərasimdə iştirak edəcək.
İGB kəmərinə dair investisiya razılaşmasının imzalanması üçün ABŞ Yunanıstan hökumətinə xeyli təzyiq göstərib.
Cia.az
