Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu ölkənin baş prokuroru Yuri Çaykanı və onun ailə üzvlərini müdafiə edən məqalə yazıb.
Azərbaycanlı iş adamının həmin məqaləsi “Kommersant” qəzetində reklam mətni kimi yerləşdirilib.
“Crocus Group” şirkətinin sahibi olan Ağalarov həmin məqaləsində hazırda korrupsiya ittihamları ilə üzləşən Y.Çaykanı və onun ailə üzvlərini müdafiə edib. Ağalarov bildirib ki, Korrupsiya ilə Mübarizə Fondunun açıqladığı araşdırmada Çayka ailəsinin biznesi haqda göstərilən faktlar yanlışdır.
Ağalarovun sözlərinə görə, Yuri Çaykanın oğlanlarından birinin Yunanıstandakı villası araşdırmada iddia olunduğu qədər də bahalı deyil.
Azərbaycanlı iş adamı baş prokurorun oğlu Artyom Çaykanın otel biznesinə yatırdığı 20 milyon dollarlıq sərmayəni “adi məbləğ” adlandırıb. Əlavə edib ki, “bunlar banklardan kredit kimi alınmış pullardır, korrupsiya yolu ilə toplanmış vəsait yox”.
Ağalarov hesab edir ki, fondun araşdırması Çayka ailəsini gözdən salmaq üçün növbəti cəhdlərdən biridir. İş adamı bütün bunların təsadüfi olmadığını da vurğulayıb.
Ağalarov yazısını nasist ideoloqu Yozef Göbbelsdən sitat gətirməklə tamamlayıb: “Nasist canisi, Hitler Almaniyasının təbliğat naziri Göbbels deyirdi ki, min dəfə təkrarlanan yalan həqiqət kimi qəbul olunur. Düşünün...”
Cia.az
