Dünya bazarında WTI markalı xam neftin bir barelinin qiyməti 38 dollara, "Brent" markalı neft isə 40,7 dollara düşüb. Neftin qiyməti 2009-cu ilin fevral ayından bəri ən aşağı həddə enib. Əlbəttə, hazırkı dönəmdə "qara qızıl"ın ucuzlaşmasının başlıca səbəblərindən biri OPEC-in ötən həftənin sonunda neft hasilatı ilə bağlı kvotanı artırması haqqında qərardır. Artıq bununla bağlı proqnozlar ötən həftədən verilməyə başlanmışdı. Hətta bir sıra analitiklər "qara qızıl"ın qiymətinin yaxın zamanda 35-36 dollara qədər ucuzlaşa biləcəyini deyirdilər. Buna təsir edəcək amillərdən biri də ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcələrini artırma ehtimalının yüksək olmasıdır. Belə ki, faiz dərəcələri artarsa, dolların digər valyutalar qarşısında möhkəmlənməsi prosesi gedəcək. Nəticədə neftin və qızılın qiymətlərində ucuzlaşma baş verə bilər. FED bu qərarı 2015-ci ilin dekabr ayında verməsə belə, 2016-cı ilin əvvəlində uçot dərəcələrinin artırılması qaçılmaz olacaq. Demək, "qara qızıl"ın gələn il üçün bir qədər də ucuzlaşma tendensiyasını müşahidə edəcəyik.
Əlbəttə, bu prosesdən ən böyük zərbə görəcək subyektlər neft şirkətləri olacaq. RBC-nin yazdığına görə, Rusiyanın energetika naziri Aleksandr Novaka bildirib ki, neftin cari qiyməti bu sahədə fəaliyyət göstərən şirkətlərin işində böhran yarada bilər. Nazirin hesabatında qeyd edilir ki, indiki qiymətlərlə neft şirkətləri vergilərini ödədikdən sonra yeni investisiyalar etməyə stimul yaratmır.
Rusiyanın ən böyük neft şirkətləri ildə 26 milyon tondan artıq hasilatın dondurulacağı ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar yeni kəşfiyyat işləri ilə əlaqədar investisiyaları dayandıracaqlar.
"Lukoyl" 2016-cı il üçün büdcəsini 50 dollar bareldən proqnozlaşdırıb. Amma şirkət bəyan edib ki, Arktikada yeni kəşfiyyat işlərinin aparılması, habelə yeni investisiyalar üçün neftin qiyməti 65-90 dollara qədər qalxmalıdır.
"Qazpromneft" isə növbəti il üçün 45 dollar/bareli konservativ yanaşma hesab edir. Ən optimist proqnoz isə "Başneft"dədir. "Başneft" gələn il büdcəsini 60 dollar/bareldən hesablayıb.
Rus analitikləri hesab edir ki, neftin 60 dollarlıq həddini yalnız 2017-ci ilin əvvəlində görmək mümkün olacaq.
Beynəlxalq ekspertlər isə neftin qiymətinin yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacağını proqnozlaşdırırlar. Buna səbəb kimi bazarda təklif bolluğu və dünya iqtisadiyyatının zəif inkişaf etməsini göstərirlər. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu fikri ötən gün Əlcəzairdə "Shell" neft-qaz şirkətinin Yaxın Şərq və Şimali Afrika bölgələri üzrə vitse-prezidenti Munir Buaziz Şimali Afrikada neft-qaz sahələrinin inkişafı məsələlərinə həsr olunmuş 10-cu konfransda çıxışı zamanı bildirib.
"Biz neftin qiymətinin uzun müddət aşağı səviyyədə olacağını proqnozlaşdırırıq", - deyə Buaziz bildirib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının artım templərinin proqnozlaşdırılan səviyyədən aşağı olması və bazarda neftin bolluğu dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olan əsas faktorlardır.
Bununla belə, "Shell"in vitse-prezidenti qiymətin qalxmasına səbəb ola biləcək dünyada "qara qızıl"a olan tələbatın artmasına tendensiyaların yarana biləcəyinə dair proqnozların da olduğunu qeyd edib. Buaziz neftin bahalaşmasına dair proqnoz verməyin mümkünsüz olduğunu da vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barel üçün 50 dollar götürülüb. Proqnozlardan görünür ki, gələn il üçün hökumətin gözləntiləri alt-üst ola bilər. Bu isə həm Dövlət Neft Fondunun, həm də dövlət büdcəsinin icrasında çətinliklər yaradacaq, vergi yığımlarında kəsir yaranacaq. Eyni zamanda manata qarşı təzyiqlər artacaq, bu da devalvasiya riskini yüksəldir. Əgər hökumət üzən məzənnəyə, ya da devalvasiyaya getməzsə, o zaman ehtiyat valyutamız xeyli "əriməli" olacaq.
İqtisadçı-ekspert Qubad İbadoğlu isə qeyd edir ki, müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir ki, gözlənilən 40 dollar/barel psixoloji baryerini aşıb: "Beləliklə də yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb.
Xam neftin qiyməti hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analitikləri ciddi düşündürür. Onların qiymətləndirmələrinə və proqnozlarına görə dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin ucuzlaşmasının qarşısı alınmaz olacaq və ucuzlaşma davam edəcək. Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barel tələbə qarşı ən azı 1 milyon barel artıq neft təklif olunur. Odur ki, qiyməti ucuzlaşdıracaq başlıca səbəbi kimi təklifin artması qeyd olunur".
Q.İbadoğlunun fikrincə, xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir: "Bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir"(bizimyol).
Cia.az
