Noyabrın 24-də Türkiyə tərəfindən Rusiyaya məxsus hərbi təyyarənin vurulması iki həftədir yerli və əcnəbi analitiklərin əsas diqqətini bu iki dövlət arasında münasibətlərin perspektivinə və yaşanan soyuqluğun mümkün nəticələrini hesablamağa yönəlib. Təhlilçilər ehtiyatlı şəkildə durumu NATO-Rusiya qarşıdurması kontekstində də təhlilə eləməyə, eyni zamanda Ankara-Moskva gərginliyinin onlara ən yaxın olan Güney Qafqaz regionuna necə inikas edəcəyini proznozlaşdırmağa çalışırlar.
Güney Qafqaz deyəndə isə ən birinci Türkiyənin 1 nömrəli müttəfiqi Azərbaycanla Rusiyanın 1 saylı müttəfiqi və forpostu Ermənistan və Dağlıq Qarabağ konflikti göz önünə gəlir. Görəsən, gərgin ritorika bölgədəki situasiyaya hansı təsirləri göstərəcək?
“Su-24" insidentindın sonra Azərbaycan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına şövqlə yanaşır. Ancaq bu yaxınlaşma Cənubi Qafqazda, Qarabağ münaqişəsində yeni gərginliklərə yol aça və Rusiya ilə münasibətlər çətinləşə bilər”. Belə bir ehtimal “Middle East Eye” saytında dərc edilmiş məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: “Ola da bilsin, Rusiyanı Türkiyənin enerji təminatından kənarlaşdırmaq məsələsində Türkiyə və Azərbaycan yalnız xəbərdarlıq çıxışları edirlər, açıqladıqları planlar (TANAP-ın inşasının sürətləndirilməsi - red.) heç də qəti deyil. Ancaq yenə Türkiyənin region və enerji ilə bağlı siyasətinin alternativi görünməkdədir. Hələlik nə Rusiya, nə də Türkiyə geri çəkilmək əhvalında deyillər”.

***
Bu, doğrudan da belədir. Xüsusən də Rusiyanın siyasi-hərbi rəhbərliyi, onun aparıcı yazılı və elektron KİV-ləri yanan ocağa yağ effektli aqressiv ritorikanı davam etdirir. Müşahidə edilən budur ki, Kreml vəziyyəti yumşaltmaq məramında deyil və Ankaraya qarşı hətta yeni və daha təhlükəli planlar cızır.
Rusiya-Türkiyə arasında yaşanan mürəkkəb durum isə gözlənildiyi kimi, Rusiya ərazindəki erməni lobbisini Ankara və Bakıya qarşı hərəkətə keçməyə və təxribatları gücləndirməyə həvəsləndirib - təbii ki, rəsmi Moskvaya yaxın dairələrin rüsxəti ilə.
Rusiyanın dövlət və “özəl” TV-ləriniizləyənlər yaxşı bilir, indi artıq ölkənin aparıcı telekanallarında bu mövzuda əllaməlik edən, şərhlər verən, əslində isə Azərbaycanlı da Türkiyənin gözünə qatıb söyən, aşağılayan erməni əslili “ekspert” və “politoloqlar” yağışdan sonrakı göbələklər kimi çoxalıb.
Onlar hətta ORT telekanalının azərbaycanlı aparıcısı olan İradə Zeynalovanın analitik verilişində də meydan sulayır. Yeri gəlmişkən, həyat yoldaşı rus olan bu xanımın damarlarında ümumiyyətlə, azərbaycanlı, türk qanı axdığı böyük şübhə doğurur. Çünki o, Türkiyəni rus, erməni millətindən olan aparıcı və şərhçilərdən heç də az asıb-kəsmir. Üstəlik, vurğulandığı kimi, öz verilişlərində erməni maraqlarının, təcavüzkar Ermənistanın mövqeyinin təbliğinə şərait yaradır, bu mövzuda süjetlər, reportajlar yayımlayır, bununla da özünü azərbaycanlı sayan birisi Azərbaycan ərazilərinin işğalına haqq qazandırır.
***
Təbii ki, ermənilərin kök saldığı başqa Rusiya KİV-də də eyni vəziyyətdir - Türkiyə və Azərbaycan qarşı təbliğat bütün gücü ilə aparılır, Rusiya ictimaiyyətinin gözündə Türkiyə ilə yanaşı, ölkəmiz haqda da düşmən obrazı formalaşdırılır, ermənilər isə “türk millətindən həmişə işgəncə görmüş fağır xalq” kimi təbliğ edilir.

Belə təbliğat üçün münbit şərait isə çoxdan mövcuddur. Məslə ondadır ki, illərdir bir neçə nüfuzlu Rusiya KİV-i erməni millətindən olan şəxslərin birbaşa nəzarətindədir. “Regnum” Agentliyi, qalmaqallı “Lifenews” internet-telekanalı bu qəbildəndir.
Biz hələ Rusiyanın ictimai-ekspert dairələrində yuva salmış çoxsaylı və başa bəla erməni “politoloqları”nı demirik.
Son olaraq Aram Qabrelyanın rəhbəri olduğu “Lifenews” internet xəbər telekanalı Türkiyəyə, Azərbaycana qarşı qarayaxmaya və təxribata əl atıb. Belə ki, dekabrın 5-də gedən birbaşa efirdə, “Azərbaycandan yanacaq” adlı verilişdə Milli Energetik Təhlükəsizlik Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç Rusiya qazı olmadan Türkiyəni hansı perspektivin gözlədiyini, Azərbaycanın ona hansı köməyi göstərə biləcəyini izah edərkən monitorda Türkiyə və Azərbaycanın xəritələri göstərilib və... ölkəmizin ərazi bütövlüyü təhqir edilib. İki ölkənin təqdim edildiyi xəritələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi qeyd edilməyib.
***
Heç şübhə yox ki, Ermənilərin Azərbaycana qarşı belə təxribatları yəqin ki, davam edəcək və Türkiyə-Rusiya münasibətlərində soyuqluq qaldıqca hətta güclənəcək. Ankara-Moskva əlaqələri isə belə görünür uzun müddətə korlanıb. Münasibətlərin əvvəlki axara qayıtması üçün ən azından ya prezident Rəcəb Tayyib Ərdoğan iqtidardan getməlidir, ya da Vladimir Putin.

Hər halda sağlam məntiq bunu diktə edir. Fəqət, Ərdoğanın hakimiyyətdən getməsi gözlənilmir. Ən azı ona görə ki, son sorğulara görə, “Su-24" insidentindən sonra onun reytinqi qalxıb. Türkiyədəki ”Gəzici" təhqiqat mərkəzinin ölkənin 16 əyalətində apardığı sorğuya görə, rəyi soruşulanların 53%-i Türkiyədə prezidentli üsul-idarəyə keçidin tərəfdarı olduğunu söyləyib. Təyyarə insidentinədək bu göstərəcinin xeyli aşağı olduğu bildirilirdi. “Rusiya ilə gərgin münasibətlər fonunda prezident Ərdoğan ölkəni yaxşı idarə edirmi” sualına respondentlərin 74%-i təsdiqi cavab verib. Onların 91%-inin fikrincə isə, Türkiyə ölkənin hava məkanını pozan Rusiya təyyarəsini vurmaqda düzgün hərəkət edib.

Beləliklə, Türkiyə əhalisinin mütləq əksəriyyətinin məsələdə birmənalı şəkildə hakimiyyətin tərəfində olduğu üzə çıxıb. Nəzərə alsaq ki, Putinə olan etimad “Su-24" olayından sonra azalsa da, hələ ki, yetərincə yüksək olaraq qalır və Putinin hakimiyyətdən getmək fikri yoxdur, o zaman Dağlıq Qarabağa məsələsində yaxın perspektivdə bu iki vacib dövlətin ortaq və konstruktiv əməkdaşlığını gözləməyə dəymir. Nəinki gözləməyə dəymir, həm də müşahidə edildiyi kimi, Rusiya erməni kartından Türkiyənin əsas müttəfiqi Azərbaycana qarşı təzədən xəfif Qarabağ təhdidləri üçün istifadə eləmək niyyətində görünür.(musavat)
Cia.az
