|
“2016-cı il büdcəsi yığım və qənaət büdcəsidir”
Prezident İlham Əliyev 2016-cı il dövlət büdcəsini təsdiqləyib. Fins.az-ın məlumatına görə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.
 
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.
 
Bundan əlavə prezident 2016-cı ilin dövlət büdcəsinin təsdiqlənməsi ilə bağlı fərmanında dövlət qurumlarına müxtəlif məsələlərlə bağlı tapşırıqlar verib. Dəyişikliklər gömrük tariflərinə, bank əmanətlərinə, fermerlərə güzəştlərə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə və sair sahələrə aid olacaq.
 
“Yeni Müsavat”a açıqlamasında ölkə başçısının tapşırıqlarını dəyərləndirən iqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, növbəti ilin büdcəsi qənaət prinsipi üzərində qurulub: “Nəzərə alsaq  ki, 2016-cı ilin dövlət büdcəsi birmənalı şəkildə qənaətə söykənir və gələn il hökumət qənaət edəcək və yığım Azərbaycan büdcəsinin əsas siyasəti olacaq. Bu həm özünü dövlət rezervlərinə qənaət edilməsində göstərəcək, eyni zamanda kapital və infrastruktur xərclərinin azalması da əsas hədəflərdən biridir. Bu baxımdan 2016-cı ilin dövlət büdcəsi yığım və qənaət büdcəsidir. Sözsüz ki, hökumət gələn il sosial ayırmalar istisna olmaqla, əsas istiqamətlər üzrə qənaətə üstünlük verəcək. Diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ölkə prezidenti hökumət qarşısında konkret vəzifələr müəyyənləşdirib. Bu vəzifələr birbaşa ölkə iqtisadiyyatına təsir göstərən amillərdir”.
 
Ekspertin sözlərinə görə, bu tapşırıqlardan ən əsası  fermerlərə yardım mexanizminin dəyişdirilməsi, eləcə də subsidiyaların verilməsində şəffaflığın artırılması ilə bağlıdır: “2016-cı il üçün bu vacibdir. Çünki gələn il Azərbaycan üçün kənd təsərrüfatı sektoru prioritetdir. Neftin dünya bazarındakı qiymətində azalmaların davam etdiyini nəzərə alsaq, hökumət çalışacaq ki, azalan vəsaiti bir sıra qeyri-neft sektorundan, əsasən aqrar sektordan qazanılan vəsaitlər  hesabına kompensasiya etsin. Bu baxımdan təbii ki, aqrar sektorun inkişaf prioriteti önəmlidir. Bu mənada həm fermerlərə yardımların artırılmasına, həm də yardım mexanizminin dəyişdirilməsinə ehtiyac var.
 
Hələ 2010-cu ildə Kənd Təsərrüfatı Nazirliyi təklif vermişdi ki, Azərbaycanda subsidiyaların verilməsi qaydaları dəyişdirilsin. Subsidiyalar indi hər hektara görə təqdim olunur. Məsələn, fermerlərin ikisi də eyni məhsulu istehsal edirsə, onlardan biri bir hektardan 3 ton, digəri isə 6 ton məhsul alırsa, mövcud qaydalara əsasən onların dövlət büdcəsindən aldığı vəsaitin həcmi eynidir. Halbuki, subsidiyanın həcmi birbaşa olaraq fermerin istehsal etdiyi məhsulun həcminə uyğun olaraq müəyyənləşməlidir. 6 ton məhsul  istehsal edən daha çox subsidiya almalıdır. Bu təcrübə inkişaf etmiş ölkələrdə də tətbiq edilir. Onun üçün də daha çox subsidiyanın təqdim edilməsi bir stimullaşdırıcı amil olmalıdır. Bu fermeri stimullaşdırmalıdır ki, daha çox məhsul istehsal etsin. Çünki bu zaman artıq, daha çox məhsul istehsal edəndə dövlət büdcəsindən daha çox subsidiya ala biləcək. Dövlət büdcəsindən subsidiyaların verilməsi mexanizminin tamamən şəffaf olması olduqca vacibdir. Çünki aqrar sektorun maliyyələşməsində subsidiyalar həlledicidir. Çünki aqrar sektorda subsidiyaların həcmi 14 faizdən çoxdur. Bu  da ciddi bir  rəqəmdir".

V.Bayramov qeyd etdi ki, dövlət rezervlərinin, xüsusən Dövlət Neft Fondunun rezervlərinin toxunulmaması və ya az toxunulması hədəfdə olacaq: “Güman olunur ki, dövlət xarici və daxili borclanmaya gedəcək. Daxili borclanma limitinin artırılması da bundan xəbər verir. Xarici borclanmaya getməklə xarici valyutaya olan tələbatın ödənilməsinə çalışılacaq. Daxili borclanma isə daxildə bir sıra dövlət qurumlarının borclanması hesabına maliyyə vəsaitlərinə olan tələbin ödənilməsi baxımından önəmli  olacaq. Bu baxımdan 2016-cı ildə Azərbaycanın həm daxili, həm də xarici borlarının həcminin artacağı gözlənilir. Bu eyni zamanda, özünü ümumdaxili məhsulda xarici borcun payının artması formasında göstərəcək”.

İqtisadçının fikrincə, bu qərarın ən əhəmiyyətli məqamlarından biri də bank sektoru ilə bağlıdır ki, bank sektoru 2016-cı ilə heç də yaxşı göstəricilərlə daxil olmur: “Mərkəzi Bankın devalvasiya qərarından sonra manatla olan əmanətlər banklardan geri çəkildi. Vətəndaşlar pullarını xarici valyutaya çevirərək evlərdə saxlamağa üstünlük verdi ki, bu da xarici valyutaya olan tələbatı artırdı. Bu da Mərkəzi Bankın valyuta rezervlərini 6,2 milyard manata qədər azalmasına gətirib çıxardı.
 
Bu baxımdan əmanətlərin qorunması sisteminin möhkəmləndirilməsi ilə bağlı tapşırıq var. Eyni zamanda, banklarda olan əmanətlərin əmanətçilər tərəfindən vaxtlı-vaxtında istədikləri vaxt geri götürülməsinin təmin edilməsi, həm də banklara əmanətlərin yerləşdirilməsi ilə bağlı stimulun formalaşmasında özünü göstərməlidir. Bu gün xarici valyuta ilə də banklarda əmanətlərin yerləşdirilməsinə maraq azdır. Çünki bir tərəfdən xarici valyuta üzrə əmanətlərə verilən faiz dərəcələri aşağıdır, digər tərəfdən bir sıra bankların öz əmanət öhdəliklərini yerinə yetirə bilməməsi vətəndaşlarda banklara inamın azalmasına gətirib çıxarır. O baxımdan bank sektoru  gələn il üçün həlledici olacaq. Çünki bank sektoru iqtisadiyyatın lokomotividir. Xüsusən, bank sektorunun maliyyə təminatının artırılması da iqtisadiyyata mənfi təsir göstərəcək. Bu baxımdan kifayət qədər ciddi tapşırıqlar var".

“Gömrük rüsumlarının artırılması da gündəmdədir” deyən iqtisadçı vurğuladı ki, hökumət 2016-cı ildə vətəndaşların xərclərini birbaşa artıracaq vergi və rüsum artımlarına getməməyə çalışacaq: “Bununla belə, dövlət büdcəsinə daxilolmaların artırılması üçün daxili vergi dərəcələrinin artırılmasını həyata keçirəcək. Bütövlükdə, 2016-cı il asan il olmayacaq. Qənaət prinsipi əsas olacaq. Sözsüz ki, bu ilin iqtisadi nəticələri növbəti ili də istiqamətləndirəcək. Növbəti ilin iqtisadi vəziyyəti xüsusən də sahibkarlığın dəstəklənməsi, gömrük sistemində  liberallaşmanın aparılması və digər islahatlardan  birbaşa asılı olacaq. Hər halda 2015-ci ilin son aylarında aparılan islahatlar, xüsusən iş adamlarının fəaliyyətinə müdaxilələrin minimuma endirilməsi, sahibkarlara dövlət dəstəyinin artırılması ilə bağlı nikbinlik var. Bu baxımdan 2016-cı ildə iqtisadiyyatı neftdən gələn gəlirlər deyil, aparılacaq islahatlar nəticəsində formalaşacaq maliyyə resursları müəyyənləşdirəcək. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,6 milyard manat olacaq, xərcləri isə 16,3 milyard manat olacaq. O baxından dövlət büdcəsində 1,7 milyard manat kəsirin olacağı gözlənilir”.
Cia.az