|
Parlamentdə nazirlər sərt tənqid edildi
Dekabrın 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Milli Məclisin Daxili Nizamnaməsinə” dəyişiklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev narazılığını bildirərək deyib ki, parlament hazırda çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərsə də, bu, müşahidə edilmir:  “Əməldə biz Milli Məclisin çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərdiyini görmürük. Bu gün Milli Məclisdə rəhbər vəzifələrdə, komitə sədrləri və onların müavinləri postlarında ancaq hakim partiyadan seçilən millət vəkillərini görürük. Azlıq təşkil edən partiyaların nümayəndələri rəhbər vəzifələrdə təmsil olunmurlar. Hesablama Palatasının üzvləri də komitə sədrlərindən seçilir və məlumdur ki, onlar hakim partiyanın nümayəndələridir. Belə olan halda isə aşkarlıq prinsipindən söhbət gedə bilməz”. Deputat qeyd edib ki, heç olmazsa Hesablama Palatasının auditorları parlamentdə azlıqda təmsil olunan partiyalardan seçilsinlər. “Parlamentin çoxpartiyalılıq sistemi ilə fəaliyyət göstərməsinin əməldə görünməməsi onun parlamentin nüfuzuna mənfi təsir göstərir”.

Modern.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı da həmkarının söylədiyi fikirlərin mütləq əksəriyyəti ilə razı olduğunu qeyd edib: “Bu, günümüzün reallığıdır. Nizamnamə və deputatın statusu ilə bağlı qanunlar 20-25 il öncə qəbul edilib, ötən müddət ərzində Azərbaycanda Milli Məclis vacib dövlət qurumu olaraq oturuşub, kifayət qədər ənənələr formalaşıb. Eyni zamanda da Milli Məclisdən dövlətə qarşı ola biləcək təhlükələr indi minumuma enib. Yəni mən bunu 20-25 il öncəki vəziyyətlə müqayisə edirəm. İndi Milli Məclis dövlətçiliyin qorunmasında və inkişafında məsuliyyətini dərk edən və bu istiqamətdə xüsusi töhfələr verən dövlət qurumuna çevrilib. Ona görə də hesab edirəm ki, Qüdrət müəllimin bu gün burada səsləndirdiyi təklifləri daha da genişləndirməklə, Nizamnamədə və statusda ciddi dəyişiklik etməyə ehtiyac var. Biz bunu mütləq etməliyik. İndi mətbuatda da bununla bağlı ictimai rəy yaranıb. Biz bəzən mətbuatın üzərinə gedirik ki, niyə belə deyir. Əslində mətbuat ictimai rəyi formalaşdıran çox ciddi bir tərəfdir. Təsadüfi deyil ki, mətbuat 4-cü hakimiyyət adlanır. Bu gün ictimai rəydə də Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlər səslənir. Çünki son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər”.
 
F.Ağamalı bildirib ki, bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, onlar millət vəkillərinin telefonlarına cavab vermir: “Məmurlara telefonla da zəng vurub sözünü deyə bilmirsən. Milli Məclisin iclaslarında elə atmosfer yaranıb ki, nazirlər və komitə sədrləri gələndə, elə bil göydən paraşütlə düşürlər. Yəni dövlətçiliyimiz və xalqımız üçün bu cür ənənəni qırmaq mütləq lazımdır. Bu cür məsələlərin dövlət səviyyəsində həlli üçün Əli müəllim, (Əli Hüseynli- red.) sizin kifayət qədər həm hüquqşünas olaraq, həm də nüfuzlu komitə sədri kimi imkanlarınız var. Xahiş edirəm ki, siz bu məsələləri həm parlament rəhbərliyi, həm də dövlət səviyyəsində qaldırasınız”.
 
Komitə sədri Əli Hüseynli hər iki deputatın fikirlərinə hörmətlə yanaşdığını bildirib. Qeyd edib ki, qanun layihəsi işçi qrupunda müzakirə edilərkən hər iki partiya sədri müzakirələrə dəvət edilsin və fikirlərini nəzərə almaq olar.
 
Komitə iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirə olunub. Layihəyə görə, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeələrinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min , hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq. Dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
 
Məcəlləyə təklif edilən digər dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə fiziki şəxslər iki yüz manatdan üz yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
 
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, parlament komitələrinə əlavə səlahiyyətlər verilir. Belə ki, mövcud Sosial siyasət komitəsinin səlahiyyətlərindən idman, gənclər və səhiyyə ilə bağlı məsələlər alınaraq yeni yaradılan Səhiyyə, Gənclər və idman komitələrinə verilib. Bundan başqa, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin səlahiyyətindən korrupsiyaya qarşı mübarizə ilə bağlı məsələlər səlahiyyətləri artırılan Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinə verilir.
 
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişikliklər görə, Nizamnamənin 36-cı maddəsinə təklif edilən dəyişiklikdə bildirilir ki, “Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər”.
 
“Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirməyəcək”. Bunu isə Əmək və sosial siyasət komitəsinin iclasında sözügedən komitənin yeni üzvü, ASDP sədri Araz Əlizadə deyib(Gün.az).
 
Qeyd edək ki, iclasda Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı komitə üzvləri həmçinin, ölkədə turizmin vəziyyətindən, bu sahədə problemlərdən danışıblar. 
 
Komitə sədri Hadi Rəcəbli deyib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin axtarılıb tapılması vacibdir: “Komitənin üzvü İlham Məmmədov da dünyada yaşanan iqtisadi böhran fonunda əlavə gəlirlər mənbələrinin axtarılıb tapılmasına böyük ehtiyac duyulduğnu söyləyib: "Turizmin inkişafı üçün də qiymətlərin aşağı salınması, xüsusilə təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, aradabir endirimlər olunur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turzimi də inkişaf etdirmək mümkün deyil".
 
Həmkarının çıxışına müdaxilə edən digər komitə üzvü Araz Əlizadə isə “Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirən deyil”, - deyə, bildirib. “Prezident deyir ki, kerosini də dövlət verir, təyyarələri dövlət alır, ancaq ”AZAL" rəhbəri rentabellikdən-filandan dəm vurur... Eyni zamanda,  məsələn, Antaliyada otellərdə bir otaq 24-25 min dollara satılır. Kim istəsə ala və qalmadğı dövrdə isə  onu  icarəyə verib pulunu qazana bilər. Bizdə də bu təcrübədən istifadə olunmalıdır", - deyə A.Əlizadə sözlərinə əlavə edib(musavat.com).

Cia.az