Dekabrın 4-də Xəzər Dənizinin “Günəşli” yatağında baş vermiş faciə nəticəsində cəsədləri tapılan neftçilərin dekabrın 8-də dəfn mərasimləri keçirilib. İtkin düşən 26 neftçidən isə hələ də xəbər yoxdur. Onların axtarışı davam edir.
İki neftçini xilas edən, lakin öz həyatını itirən xilasedici Fuad Tağıyev dünən son mənzilə yola salınıb. Onun atası Tahir Tağıyev çətinliklə olsa da, bunları deyib: “Sentyabrda qızı doğulub. İndi iki aylıq körpənin üzünə necə baxım? Onun 3 balasını necə ovundurum? Dənizə gedərkən vidalaşdı, elə bil heç vaxt qayıtmayacağını bilirdi”.
Dünən cəsədi tapılan daha bir neftçi - Mikayıl Babayev dəfn olunub. Əməkdaşımız neftçinin yaşadığı yataqxanada olub. M.Babayevin qohumları bildiriblər ki, o, dekabrın 8-də dənizdən növbədən qayıtmalı imiş. M.Babayev on ilə yaxındır ki, neftçi işləyirmiş. 52 yaşlı neftçinin iki övladı qalıb. Kiçiyinin altı yaşı var. Neftçi Günəşli qəbiristanlığında dəfn edilib.
Dünən bölgələrdə də dəfn mərasimləri təşkil olunub. 31 yaşlı Samir Mayılov Qubanın Alpan, 47 yaşlı Ağa Mahmudov isə Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı ətraf kəndlərin sakinləri iştirak ediblər. Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. O, 15 ildən çox imiş ki, neftçi kimi çalışırmış. Neftçi S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Onun 8 və 9 yaşlarında iki övladı var.
Dünən 1965-ci il təvəllüdlü İsgəndərov Habil Tağı oğlunun da yas mərasimi keçirilib. Hadisə yerində olan reportyorumuzun verdiyi məlumata görə, yas yerində mərhumun iş yoldaşları, SOCAR-ın bəzi nümayəndələri iştirak ediblər.
***
Bu arada Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunan neftçilərdən ikisi dekabrın 8-də evə buraxılıblar. Bu barədə xəstəxanadan məlumat veriblər. Xəbərdə deyilir ki, neftçi Ənvər Əliyev və Mais Abbasovun vəziyyəti yaxşılaşıb. Hazırda xəstəxanadakı 13 neftçinin vəziyyəti stabildir.

“Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş bədbəxt hadisədə dünyasını dəyişən, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi də açıqlanıb. Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək: “Təbii ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunla tənzimlənir". Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə ANS-ə müsahibəsində həlak olanların ailə üzvlərinə, sağ qalanların isə özlərinə veriləcək təzminatların məbləğini açıqlayıb: “Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvlərinin birinə əmək haqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda vəfat edən işçinin uşağının həddi buluğa, yəni 18 yaşına çatana qədər hər ay əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Eləcə də vəfat edən işçinin övladı hər hansı ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək, əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb”.
Dünən günorta saatlarında “Günəşli” yatağındakı yanğının söndürülməsində birbaşa iştirak edən Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviçin qəflətən dünyasını dəyişməsi ilə neçə gündür yaşanan faciənin üzərinə daha biri əlavə olundu. 45 yaşlı komandirin ölümü ilə bağlı ilk olaraq FHN rəsmi məlumat yaydı.

“Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan ”Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmamazlığından vəfat edib", - deyə məlumatda bildirildi.
İtkin düşən neftçilərin yaxınlarının mətbuat və sosial şəbəkələrdə yayılan ümid dolu açıqlamaları hər kəsi qəhərə boğur. Onlar hələ də yaxınlarının ölmədiyinə ümid edirlər. 22 yaşlı gənc neftçi Tural Babazadənin atası Fətəli Babazadə oğlunun sağ qalacağına inanır: “Oğlum ölə bilməz. O, hələ yaşamalı, ailə qurmalıdır. Biz bu arzu ilə yaşayırıq. Ölüm Turala yaraşmaz. Bir ata üçün bundan böyük dərd ola bilməz. Çarəsiz qalmışıq, bilmirik nə edək. Ümidimizi üzmürük. İnşallah oğlum da digər neftçi dostları ilə birlikdə sağ-salamat tapılacaq və evimizə gələcək. Turalın yolunu gözləyirik. O, çox yaxşı övladdır, 22 yaşı olsa da zəhmətkeş oğul olub”.

53 yaşlı Canbaxış Əhmədovanın həyat yoldaşı Mətanət Əhmədova onun qayıdacağına ümid edir: “Hələ də zəng çatmır. O gündən bəri elə hey yığıram. Mən möcüzəyə inanıram! Allah möcüzə yaradacaq. Canbaxış gələcək, bilirəm. Hiss edirəm, o yaşayır. Balalarını yetim qoymaz, gələcək. Allah iki dəfə möcüzə yaradıb, onu ölümdən qoruyub. Atalar üçdən deyib. Bu dəfə də qoruyacaq. Mən buna inanıram”.
İtkin düşən İman Qasımovun sosial şəbəkələrdə yayılan həyat yoldaşına yazdığı son mesajı isə hər kəs tərəfindən kədərlə paylaşılır. O, mesajlarında həyat yoldaşı ilə vidalaşıb və “Arzu, mən getdim, salamat qal” yazıb.
Dekabrın 8-də faciə ilə bağlı növbəti mətbuat konfransı keçirilib. Neftçilərin axtarışı ilə bağlı son məlumatları SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov verib. O bildirib ki, itkin düşən neftçilərin axtarışı davam edir: “Hazırda 26 neftçi itkindir. Onlardan 23-ü ”Günəşli" yatağının, 3-ü isə “Neft daşları”nın əməkdaşlarıdır". SOCAR rəsmisi müsavat.com-un suallarını cavablandırarkən bildirib ki, indiyə qədər itkin düşən neftçilərdən tapılmayan hallar da olub.
***
Dənizdə həlak olmuş neftçilərin xatirəsi yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də anılır. Baş vermiş faciə Rusiyada yaşayan həmvətənlərimizi yasa boğub. Dekabrın 7-də Moskvada yüzlərlə insan Azərbaycanın Rusiyadakı səfirliyin binasına gələrək itkin neftçilərimizi qərənfillərlə anıblar.
“Günəşli” faciəsi qardaş Türkiyədə bir dəqiqəlik sükutla yad edilib. Boluda keçirilən və millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın da açılışında çıxış etdiyi “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət” adlı tədbirdə itkin neftçilərimiz xatırlanıb.
Ölkəmizi yasa boğan faciənin fonunda hər kəs də bir sual yaranıb. İnsanları təhlükəli iş olan neftçi olmağa nə vadar edir?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu suala belə aydınlıq gətirdi: “Sovet dövründə ölüm halları az olurdu. Çünki təhlükəsizlik qaydalarına əməl olunurdu. İndi yüksək əməkhaqqının xatirinə görə bu işə gedirlər. Hazırda bu peşə gözdən salınıb. Əvvəllər şərəf, imic üçün gedilən neftçi peşəsinə indi əməkhaqqı üçün gedirlər. Onların maaşı 1500-1800 arasıdır. Ödəniş əmsalı 70%-dir. Platformalarda daha çox maaş alırlar. 600-700 arası maaş alanlar da var”(musavat.com).
Cia.az
