Dekabrın 8-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi ”Bizim Kino Günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb.
Musavat.com-un verdiyi xəbərə görə, layihə “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası mövzusu" ilə yekunlaşıb. Layihənin ənənəvi müzakirələrinin hədəfi “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətlərinin kino dili ilə, sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları kimi əhəmiyyətli mövzular olub.
Tədbirdə kino ictimaiyyəti, layihənin final mərhələsində nümayiş olunacaq filmin yaradıcı heyəti və media nümayəndələri iştirak edib. Həmçinin türk filmləri həftəsi çərçivəsində Bakıya gələn türkiyəli rejissorlar Osman Sınav, Öner Kılıç, ssenarist-yazar Kamuran Tümay Yıldız və digərləri tədbirə qatılıblar.
Tədbiri giriş sözü ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov açıb. O, bir aya yaxın davam edən layihə çərçivəsində paytaxtın kinoteatrlarında yerli filmlərin nümayiş olunduğunu bildirib: “Audiovizual məkanda peşəkarlıq məsələsinə həsr olunan layihənin məqsədi peşəkar kino nümayəndələrini və onların çəkdikləri filmləri ictimaiyyətə tanıtmaqdır. Bu məsələdə media nümayəndələrinin üzərinə böyük vəzifə düşür. Media obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtmalı və gündəmdə saxlamalıdır.
Sovetlər Birliyi dövründən sonra Azərbaycanda kino sahəsində böhran yarandı. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiqləndikdən sonra bu proqramdan çıxış edərək çoxlu layihələr həyata keçirilib, gənc kinematoqrafçılar cəlb edilib. Məhz görülən işlərin nəticəsidir ki, “Nabat” filmi ilə ilk dəfə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildi”.
Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasının son fəaliyyəti barədə də məlumat verib: “Rusiya kinematoqrafçıları ilə birgə istehsal edilən “Qırmızı bağ” filmi gələn ilin fevral ayında təqdim ediləcək. Həmçinin Türkiyə kinematoqrafçıları ilə müştərək layihələr həyata keçirilməsi nəzərdə tutulub”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru 2016-cı ildə beş yeni film çəkiləcəyini vurğulayıb.
Daha sonra rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş olunub.
Qeyd edək ki, film Qarabağ müharibəsi dövründə erməni qəsbkarlarının aramsız hücumlarına məruz qalan kəndini doğma torpağına olan bağlılığından tərk edə bilməyən məğrur Azərbaycan qadını obrazını yüksək bədii dillə ifadə edir. Film müharibədən bəhs etsə də döyüş səhnələri, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır.
Film bitdikdən sonra rejissor Elçin Musaoğlu açıqlama verib. O, bildirib ki, filmdəki məqsədi ana obrazını ön plana çəkmək olub:
“Dəfələrlə mənə sual veriblər ki, niyə Nabat olanlara fəryad etmir? Cavab olaraq bildirmişəm ki, Nabat zahirən fəryad etməsə də onun daxili fəryadını tamaşaçı görə, hiss edə bilir”.
Tanınmış türkiyəli rejissor Osman Sınav da film barəsində öz fikirlərini səsləndirib. O, filmin çox şey dediyini, filmə baxarkən insanın ritmi dəyişdiyi, susdurduğunu bildirib.
Tədbirin sonunda filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, jurnalistlərin cavablandırılıb.
Xatırladaq ki, tədbir “Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq” layihəsinin sonuncu-dördüncü mərhələsidir.
Layihə çərçivəsində artıq “Audiovizual məkanda ailə-məişət problemləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik mövzuları” müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” filmlərinə baxış keçirilib. Adı çəkilən filmlər Bakı kinoteatrlarda mütəmadi nümayiş olunub.
Cia.az
