|
Türkiyəyə qarşı embarqo Azərbaycana ciddi təsir etməyəcək
Moskva-Ankara münasibətləri Rusiyanın “Su-24" təyyarəsinin vurulmasından sonra gərgin olaraq qalır. Münasibətlərin korlanması ən əvvəl iqtisadiyyatda özünü göstərməkdədir. Belə ki, Rusiya təyyarənin vurulması ardınca bır sıra Türkiyə malının idxalına qadağa qoyub və bəzi digər iqtisadi sanksiyalara başlayıb. 
Maraqlıdır, Rusiyanın Türkiyə məhsullarına, xüsusən də kənd təsərrüfatı məhsullarına qadağa qoyması Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcəkmi? Bunu öyrənmək üçün “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarına və bir neçə marketə üz tutduq. Həmçinin yol boyu arabalarda kənd təsərrüfatı məhsulu satan satıcılardan da qiymətlərin necə olması ilə maraqlandıq. 
 
Bazardakı qiymətlərdə artım və ya ucuzlaşma müşahidə etmədik. Satıcıların əksəriyyəti baş verən olaylardan xəbərsiz olsalar da çoxu məlumatlı idi. Meyvə-tərəvəz satıcısı Ənvər Məmmədov deyir ki, qiymətlər yeni ilə yaxın bahalaşacaq: “Qiymətlər bayramqabağı qismən bahalaşır. Həm də qışda yaya nisbətən bahalaşma olur. Sonrası nə olacaq bilmirəm. Onsuz da xaricdən gətirilən meyvələrin qiyməti yerli məhsullara nisbətən bahadır”.
 
Digər satıcı Elşad Əliyev isə əksinə, embarqo tətbiq edilərsə, qiymətlərdə ucuzlaşma olacağını deyir: “Əgər Rusiya Türkiyədən kənd təsərrüfatı məhsullarını almırsa, bizdən alacaq deməkdir. Həmçinin Türkiyə də məhsullarını Azərbaycana daha çox satmalı olacaq ki, bu da bazarda bolluq olacağını deməyə əsas verir. Bolluq olduğu təqdirdə isə qiymətlər qismən aşağı düşəcək. Amma nə qədər ucuzlaşsa da hazırkı əmək haqları ilə yaşamaq çətindir. Ən ucuz qiymət belə bizə görə olduqca bahadır”.
 
Ümumi qiymətlərə gəlincə isə soğan 70-80 qəpik, kartof 1 manat, 1 manat 20 qəpik, pomidor 70 qəpik 1 manat arası, badımcan 50 qəpik, bibər 5 dənəsi 1 manat, limon 1 dənəsi 30 qəpik, kələm 70 qəpiyə satılırdı. Ərzaq məhsullarında da bahalaşma vardı. Belə ki, duru yağlarda 20-30 qəpik, banka yağlarda 20 qəpik, düyüdə 10-30 qəpik, çaylarda isə 10 qəpik bahalaşma vardı. 
 
 
*** 
İqtisadçı ekspert Rəşad Həsənov Türkiyə ilə bağlı situasiyada analoji vəziyyətin yaranacağını dedi:“Rusiya-Türkiyə arasındakı bugünkü münasibətlərdən müsbət mənada nələrəsə ümid etmək doğru olmazdı. Yəni burada Azərbaycan fürsətcil kimi görünməməlidir. Azərbaycan hansısa formada dəstək göstərəcəksə, ilk növbədə Türkiyənin yanında olmalıdır. Türkiyəyə tətbiq edilən embarqolar Avropa Birliyi ölkələrinə edilən embarqolara bənzəyir. Həmin dövrdə də ümid olunurdu ki, Azərbaycandan Rusiyaya idxal olunan məhsulların həcmi sürətlə artacaq. Əvəzində isə Azərbaycan bazarlarında qıtlıq yaşanacaq. Təbii ki, təklifin azalması qiymətlərin bahalaşmasına yol açacaqdı. Amma sonrakı dövrlər , xüsusən də rublun kəskin şəkildə dəyərini itirməsi nəticəsində Rusiya bazarları Azərbaycanlı biznesmenlər üçün heç də cəlbedici olmadı. Nəticədə bu istiqamətdə ixracın gözlənilən səviyyədə artımı baş vermədi. Düşünürəm ki, Türkiyə ilə bağlı bu situasiyada da analoji vəziyyət yaranacaq. Türkiyədən idxal olunan məhsullara embarqonun tətbiqi Azərbaycandan idxalın artımına səbəb olmayacaq”.

Ekspert ilkin dövrlərdə Rusiyanın alternativ bazar kimi Azərbaycan məhsullarına baxa biləcəyini dedi: “İlkin dövrlərdə Rusiya alternativ bazar kimi Azərbaycan məhsullarına baxa bilər. Azərbaycanlı sahibkarlar da bu fürsətdən istifadə etməyə cəhd göstərə bilərlər. Amma ümumi götürdükdə bu istiqamətdə ciddi irəliləyiş olmayacaq və növbəti dövrlərdə Rusiya bazarlarına çıxmaq imkanı məhdud olan türkiyəli iş adamlarının, Türkiyə istehsalçılarının Azərbaycan bazalarına yol tapması məqbul görünür ki, bu da sonda bütün məhsulların qiymətinin ucuzlaşacağını deməyə əsas verir”. (musavat.com)
Cia.az