Ermənistandakı hakim rejimin cinayətkar əməlləri isə ölkə daxilində açıq şəkildə bəyan edilir. Elə son həftə ərzində İrəvanın mərkəzi meydanında keçirilən mitinqlərdə də “Serjik, rədd ol!” şüarları ilə çıxış edənlər cinayətkar rejimin öz ömrünü uzatmaq üçün referendum keçirməsinə etirazlarını bildirdi.
Lakin etirazlara baxmayaraq, konstitusiya islahatlarını nəzərdə tutan referendum kütləvi saxtakarlıq şəraitində keçirildi. Ermənistan KİV-lərinin məlumatına görə, erməni müxalifəti geri çəkilmək niyyətində deyil. “Rejimin məhvi-xalqın xilasıdır”-Azadlıq meydanındakı mitinqin tribunasından “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyan belə deyib.
Sosioloji sorğuların nəticələrinə görə, əhalinin 91-95 faizi konstitusiya islahatlarının əleyhinədir. Bu barədə “İrs” Partiyasının sədr müavini Armen Martirosyan bildirib. “İrs” Partiyasının İdarə Heyətinin üzvü Hrayr Manukyan saxtakarlıqların qarşısını almaq üçün cəhd göstərmək istəyərkən zorakılığa məruz qalıb. O, seçki məntəqəsində döyülüb . Həmin vaxt “İrs” Partiyasının sədr müavini Armen Martirosyan da bu ərazidə olub.
Lakin MSK konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Məlumata görə, referendumda ölkə əhalisinin 50,5%-i iştirak edib, onlardan da 75%-ə yaxını islahatlara “hə” deyib. (ANS) Bundan başqa, prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək. Lakin ölkə prezidentinin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq.
Bütün bunlar sübut edir ki, Sərkisyan rejimi ömrünü uzatmaq üçün Azərbaycanla təmas xəttində gərginliyi artırmaqda, hətta itkilər bahasına diqqəti daxildəki durumdan yayındırmağa çalışır. Bəs Ermənistandakı vəziyyət Azərbaycana, Qarabağa nə vəd edir? Sərkisyan rejiminə etirazlar hara qədər davam edə bilər və hakimiyyət dəyişikliyi Azərbaycan üçün faydalı perspektiv vəd edirmi? Belə vəziyyət prezidentlərin dekabr görüşünü sual altında qoymurmu? Bu məsələlərə ekspertlərimizin maraqlı yanaşmaları var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Ermənistan növbəti gərginlik dövrünə qədəm qoyub: “Bu ölkədə konstitusiya dəyişiklikləri cəmiyyəti parçalayıb. Cəmiyyətin fəal hissəsi prezident Serj Sərkisyan istəklərinə tabe olmaq istəmir. Ermənistan müxalifəti konstitusiya dəyişiklikləri əleyhinə çıxmaqla həm də gələcək prezident seçkisi öncəsi gücünü sınayır və narazı elektoratı ətrafında toparlayır.
Ermənistanda baş verənlərin cəbhə bölgəsindəki duruma inikası da mümkündür. Çünki Serj Sərkisyan ağır anlarında cəbhə bölgəsində təxribata əl atır ki, cəmiyyətin diqqətini sosial və siyasi problemlərdən Dağlıq Qarabağa və Azərbaycanla sərhədə yönəltsin, millətçi ruhu qaldırsın. Sərkisyan cəbhə bölgəsində gərginlik yaratmaqla bir başqa məqsədinə də çatmaq istəyir”.
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Ermənistan hakimiyyəti Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən öz məqsədləri üçün istifadə etmək istəyir. Məsələn, Kremlə yaxın bəzi rusiyalı ekspertlər təxribat xarakterli açıqlamalar yayırlar ki, guya Türkiyə Azərbaycanı Ermənistanla müharibəyə təhrik etmək istəyir ki, Rusiyaya Suriya xaricində, yəni Cənubi Qafqazda problem yaratsın. Həmin rusiyalı ekspertlər misal olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və baş nazir Əhməd Davudoğlunun qısa zaman kəsiyində Bakıya ”şübhəli" səfərlərini də bu amillə əlaqələndirirlər. Daha anlamırlar ki, Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk xarici səfərini Azərbaycana edir, bu, strateji müttəfiqliyin yaxşı ənənəsidir. Bu mənada Ermənistan ordusu cəbhə bölgəsində atəşkəsi pozanda Azərbaycan tərəfinin də cavab atəşinə və itkiyə ümid edir ki, sonra desinlər ki, “gördünüz, türkiyəli rəsmilərin Bakıya səfərlərindən sonra vəziyyət gərginləşdi”. Bundan sonra da rəsmi İrəvan Rusiyanın prosesə müdaxiləsinə ümidlidir".
Ancaq politoloq deyir ki, rəsmi İrəvanın “tətbiq etdiyi” siyasətin bumeranq effekti var: “Azərbaycan cəbhə bölgəsində işğalçının təxribatına layiqli cavab verir, düşmən itkiyə məruz qalır. Rusiyadan isə səs çıxmır. Bu mümkün də deyil, çünki Rusiyada onu da anlayırlar ki, Azərbaycan ordusunun Ermənistana hücum etmək kimi planı yoxdur, ordumuz işğalçının Dağlıq Qarabağ ətrafındakı postlarını məhv edir və bu, İlham Əliyevin ”Ermənistan əsgərinin və zabitinin Ağdam və Füzulidə nə işi var" strategiyasına uyğundur. Ona görə də Azərbaycan ordusu torpaqları azad etmək hüququndan istifadə edərək düşmənə daha ağır zərbələr endirməlidir ki, Serj Sərkisyanın planı nəinki pozulsun, hətta Ermənistan ordusunun üzləşdiyi itkilər Sərkisyanın cəmiyyət qarşısındakı vəziyyətini bir az daha ağırlaşsın".
E.Şahinoğlu qeyd etdi ki, Ermənistanda siyasi və sosial durumun ağırlaşması fonunda Azərbaycan prezidentinin Sərkisyanla görüşünün əleyhinədir: “ATƏT-in Minsk Qrupu həmsədrləri ”Azərbaycan və Ermənistan prezidentləri dekabrın əvvəlində Parisdə görüşəcəklər" dedikdə, mən görüşün baş verməyəcəyini aylar öncəsi ehtimal etmişdim. Belə də oldu, İlham Əliyev doğru qərar verdi. Çünki Parisdə görüş üçün zəmin yox idi, danışıqlarda irəliləyiş qeydə alınmayıb. Həmsədrlər indi də deyirlər ki, prezidentlər dekabrın sonunda görüşəcəklər. Məncə, heç bu görüşə də ehtiyac yoxdur. Sərkisyanın kreslosu laxlayır. Ona görə belə prezidentlə görüşə ehtiyac yoxdur. Onunla görüş Sərkisyanın xeyrinədir ki, status-kovunu uzatsın. Belə bir fürsəti ona vermək doğru olmazdı".
Cia.az
