"Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.
Cia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.
Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.
Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
* * *15:00
Bu dəqiqələrdə virtualaz.org saytına daxil olan məlumatda deyilir ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülünün dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşmüş işçilərindən 3-nün cəsədi tapılıb.
Məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib.Onun bildirdiyinə görə, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır. Cəsədlərin kimə aid olduğunu yəqin ki, SOCAR rəsmiləri az sonra keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.
Cəsədlərin Xəzərin hansı hissəsindən tapıldığı hələlik məlum deyil.
İtkin düşmüş digər neftçilərin axtarışları davam edir.
Cia.az
