“Axtarış-xilasetmə işləri davam edir. Gəmilər də bütün gecə axtaış aparıb. 1 nömrəli platformanın altında da axtarış aparılıb. Dünən küləyin sürəti yüksək və su da bulanıq olduğundan axtarış nəticə verməyib”.
Bunu hazırda "Günəşli" neft yatağında baş vermiş qəzaya görə yaradılan operativ qərargahda mətbuat konfransı keçirən “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.
Onun sözlərinə görə, bu gün hava nisbətən düzəldiyi üçün dalğıclar axtarışı davam etdirəcək: “FHN-in helikopterləri axtarışı davam etdirir. 10 nömrəli platformanın söndürülməsi işləri bu gecə də davam edib. Hazırda fövqəladə hallar naziri, Sərhəd Qoşunları komandanı, gəmiçilik qurumunun rəhbərliyi “Günəşli” yatağındakı 5 nömrəli platformada hansı addımların atılacağı, axtarış işləri və platformanın söndürülməsi ilə bağlı müşavirə keçirirlər. Bu vaxta qədər itkin düşmüş işçilərdən heç kimin tapılması mümkün olmayıb.
1 saat əvvəl məlumat daxil oldu ki, suyun üzündə boş xilasetmə jiletləri tapılıb. Əməkdaşlarımızı göndərdik, məlum oldu ki, bizim əməkdaşların jileti deyil”.
Qeyd edək ki, dekabrın 4-də "Günəşli" neft yatağının 10-cu özülündə dəhşətli qəza baş verib. Qəza güclü yanğına çevrilib. Platformadakı olan 63 neftçinin 33 nəfəri xilas ola bilib. 1 nəfər həlak olub. Qalan 29 neftçi isə itkin düşüb. Hazırda onların axtarışı gedir.
Cia.az
