|
Mübariz Əhmədoğlu: “Rusiyanı çökdürmək ssenarisi hazırlanıb”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirləri görməyi planlaşdırmadığını bildirib. Bu barədə Mövlud Çavuşoğlu Belqradda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra bildirib: “Bu günə bizdə Rusiyaya qarşı cavab tədbirlərinin görülməsinə dair qərar yoxdur”.  
Nazir Türkiyə və Rusiya arasında əlaqə kanallarının açıq saxlanılmasının vacib olduğunu qeyd edib.  
 
Rusiya tərəfi isə Türkiyəyə qarşı embarqolarını artırmaqda və hədələr yağdırmaqda davam edir. Prezident Vladimir Putinin dilindən Türkiyəyə qarşı ən sərt ittihamlar səslənir. Rusiyada bütün səviyyələrdə anti-Türkiyə kampaniyası tam sürətlə davam edir, Ankarada isə rəsmi dairələr Moskvanın ittihamlarını arqumentlərlə cavablandırmağa çalışırlar. Türkiyəyə iqtisadi sanksiyaların tətbiqi ilə davam edən qarşıdurma özü ilə birlikdə bir neçə önəmli sual doğurub.

Rusiya hakimiyyətinin hədələri blefdir, yoxsa tarixdə növbəti Rusiya-Türkiyə müharibəsinin anonsudur?

Bir çox siyasi təhlilçilər hesab edir ki, Kreml əslində blef edir. Bəzi siyasi təhlilçilər isə prosesin sonunda müharibə göründüyünü düşünürlər. 
 
Politoloq Mübariz Əhmədoğlu da bu cür düşünənlərdəndir. M.Əhmədoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, əslində nə Rusiya, nə də Türkiyə müharibə istəmirdilər. Çünki müharibənin onlara böyük fəlakətlər gətirəcəyini bilirlər. Rusiya ilə Türkiyə arasında müharibəni istəyən ABŞ-dır. Məqsəd Rusiyanın bütün rezervlərinin silaha xərclənməsinə və sonda Rusiyanın çökməsinə nail olmaqdır: “ABŞ Rusiyanın gündən-günə güclənməsini, Putinin reytinqinin pik həddə çatmasını həzm edə bilmirdi. Öncə Rusiyanı Ukraynada müharibəyə cəlb eləmək və bu vasitə ilə çökdürmək istədilər. 
 
 
Görəndə ki, dəhşətli müharibənin Avropanın ortasında olması Avropa ölkələrinə də böyük zərbələr vurar, plan dəyişdi və Rusiyanı Suriya bataqlığına çəkmək, sonra isə Türkiyə ilə qarşı-qarşıya gətirmək ssenarisi dövriyyəyə buraxıldı. İndi baş verənlər və gözlənilən müharibə əslində Rusiya-Türkiyə müharibəsindən çox, Rusiya-ABŞ müharibəsi olacaq. Artıq NATO qüvvələrinin Türkiyə ərazisinə gətirilməyə başlanması da üfüqdə müharibənin göründüyünü deməyə əsas verir. ABŞ Rusiyanın bütün pullarının hərbə xərclənməsi, Rusiyanın SSRİ-nin gününə düşməsi üçün iş aparır. Necə ki, SSRİ-ni çökdürdülər, indi də Rusiyanı çökdürmək ssenarisi hazırlanıb. Bu ssenaridə qazanan ABŞ olacaq, ziyan çəkən Türkiyə, ən böyük zərbə alan isə Rusiya olacaq. Rusiyanın bütün iqtisadiyyatı hərbiyə işləyəcək və nəhayət, Rusiya çökəcək. 

Artıq Türkiyə başa düşür ki, müharibə onun maraqlarına uyğun deyil. Korrekt davranışları da bununla bağlıdır. Xatırladım ki, təyyarə olayından əvvəlki dövrlərdə bir neçə hallar olub ki, müəyyən gərginliklərdə Rusiya Türkiyəyə çox korrekt münasibət sərgiləyib. İndi Putinin sərt danışmağına baxmayın. Putinin indi tətbiq etdiyi sanksiyaların və hədələrinin məqsədi var. Putin Türkiyəni etiraf etməyə məcbur eləmək istəyir ki, Ankara Rusiyaya qarşı addımı əslində ABŞ-ın atdığını etiraf etsin".  
 
Bu arada Putinin Türkiyəyə qarşı təkcə iqtisadi sanksiyalardan istifadə etməyəcəyi, Türkiyəyə ölümcül təhdid hazırladığı barədə rusiyalı politoloq Stanislav Belkovski açıqlama verib. O deyib ki, Moskva kürdlərə iqtisadi və maliyyə dəstəyi verəcək. Bu dəstək Türkiyə üçün ağrılı olacaq.
Kürdlərdən isə Moskvanı məyus edəcək, Türkiyənin isə xeyrinə olan addım atılıb. APA-nın “Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, İraq Kürdüstanı parlamentinin rəhbəri Şerko Cavdat deyib ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən İŞİD-in Türkiyəyə neft göndərməsinin sübutu kimi təqdim edilən görüntülərdə əks olunan yanacaq daşıyan avtomobillər İŞİD-ə yox, İraq kürdlərinə məxsusdur.
 
Ş. Cavdatın sözlərinə görə, sözügedən avtomobillər İraq Kürdüstanından Türkiyənin Ceyhan terminalına doğru hərəkət edir. Bunu hər kəs bilir, burada sirr yoxdur. 
 
 Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətlərinin İraq Kürdüstanında fəaliyyət göstərdiyini xatırladıb.
Qeyd edək ki, dekabrın 2-də Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyəyə neft daşındığını təsdiqləyən faktlara malik olduqlarını bildirib və videogörüntülər yaymışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ittihamları rədd edərək heç kimin Türkiyəyə iftira atmağa haqqı olmadığını bəyan edib.
Cia.az