Dağlıq Qarabağ məsələsi üçün bir qiymətli il də beləcə tarixə qovuşur. Hətta ilin sonunadək Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutsa belə, bu, nəticəni dəyişməyəcək. Hərçənd bəzi optimistlər bir qədər fərqli fikirdədir.
Məsələn, politoloq Qabil Hüseynli Rusiya-Türkiyə əlaqələrinin hazırkı böhranlı durumunda da növbəti Əliyev-Sərkisyan görüşünün “5 rayon” məsələsi kontekstində məhsuldar ola biləcəyini söyləyib. İşin içində olan siyasət adamları və diplomatlar isə fərqli fikirdədirlər. Bunu ATƏT XİN Başçıları Şurasının təzəcə başa çatan və Qarabağ probleminə ötəri toxunulan Belqrad sammiti də təsdiqləmiş oldu.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində həmrəy hərəkətlər və qarşılıqlı məqbul həll yollarının tapılması prinsiplərini əldə rəhbər tutur”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu həmin toplantıda deyib. Onun sözlərinə görə, bu, Dnestryanı və Ukraynadakı münaqişələrə də aiddir. Yəni yenə növbətçi, sıradan və şablon bir acıqlama.
Öz növbəsində ABŞ dövlət katibi Con Kerri vurğulayıb ki, ATƏT Qarabağ probleminin nizamlanmasında qətiyyət nümayiş etdirməlidir. “Moldovada, Gürcüstanda dondurulmuş münaqişələr, Ermənistan-Azərbaycan konflikti hələ də nizamlanmayıb” - qeyd edib Kerri.
Sülh danışıqlarında yaxından iştirak eləməyən, Minsk Qrupu formatında təmsil olunmayan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də Qarabağ problemi ilə bağlı çıxış edib. Diplomat qurumun münaqişənin tənzimlənməsində irəliləyişin olmamasından narahatlıq keçirdiyini söyləyib: “Avropa Birliyi Dnestryanı konfliktin nizamlanmasında zəif irəliləyişdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlikdən və Gürcüstandakı münaqişənin sonrakı gərginləşməsindən narahatdır. Avropa İttifaqı konfliktin bütün tərəflərini ATƏT-in prinsiplərinə riayət etməklə siyasi həll yollarının tapılması üçün səy göstərməyə çağırır”.
***
Toplantıda həmçinin həmsədr ölkələr Dağlıq Qarabağa dair birgə bəyanatla çıxış edib. “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırıq”. Bu barədə Sergey Lavrov, Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin qəbul elədiyi sənəddə deyilir.

“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkısyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik. Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutan Soçi, Uels v Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışıqlar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər”, - deyə bəyanatda vurğulanır.
Sənəddə daha sonra qeyd olunur ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub. “Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər riskazaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla, tərəflər bu təklifləri qəbul edəcəklər”, - deyə sənəddə ümid ifadə olunur.

***
Dağlıq Qarabağa dair bu il üçün son açıqlama, bəyanat və çağırışlar bundan ibarətdir. Əfsus ki, onların heç biri real irəliləyiş üçün yetərli deyil. Çünki onların hamısı artıq qeyd olunduğu kimi, növbətçi xarakterlidir və əvvəlki illərdə dəfələrlə səslənib. Demək, Qarabağ məsələsi ətrafında status-kvo bütün köhnə-yeni riskləri ilə növbəti ilə adlayır.
Bu da o anlama gəlir ki, Güney Qafqazda yeni Qarabağ müharibəsinin alovlanması ehtimalı ciddi olaraq qalır və bəlkə də artmaqdadır. Ona görə ki, istənilən sülhün alternativi müharibədir. Mövcud durumu qəlizləşdirən yeni amillərdən biri isə məsələyə kifayət qədər güclü təsir imkanı olan Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsidir.
Bəzi analitiklərə görə, iki ölkə birbaşa hərbi qarşıdurmada maraqlı olmasa da, Dağlıq Qarabağ münaqişə zonası onların qarşıdurma meydanına çevrilə bilər. Başqa qisim siyasi şərhçilər isə hesab edirlər ki, münasibətlər hər halda qaynar fazaya keçməyəcək.
“Rusiya-Türkiyə münasibətləri tarixdə ilk dəfə deyil ki, kəskinləşir. Münasibətlər kəskinləşir, sonra istiləşir. Çətin ki, indiki kəskinləşmə yeni rus-türk müharibəsinə gətirsin. Bir şey yəqindir ki, yaranmış vəziyyət Güney Qafqaz üçün yeni təhdiddir və Rusiyanı vadar edəcək ki, bölgədə öz təsirini gücləndirsin. Ancaq Qarabağ məsələsində hazırkı vəziyyəti dəyişməyəcək” - deyib təhlilçilərdən biri.

***
Bu vəziyyət əslində o vaxtadək dəyişməyəcək ki, Qarabağ probleminin Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından doğan bir işğal məsələsi olması hamılıqla, ələlxüsus da vasitəçi güclər tərəfindən etiraf və qəbul ediləcək, sülh prosesi BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının, digər mötəbər təşkilatların Dağlıq Qarabağa dair qəbul elədikləri məlum obyektiv qətnamələri əsasında aparılacaq. Odur ki, xüsusən də Qərb (xristian) dünyasında, onun aparıcı dövlətlərində Azərbaycan ərazilərinin işğal faktının dərki mühüm, bəlkə də həlledici önəm daşıyır.
“Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu qanunsuz olaraq işğal altında saxlanılır”. Bu sözləri Almaniya Bundestaqının Avropa Birliyi məsələləri üzrə komitə sədri Günter Krixbaum bildirib. Parlamentar etiraf edib ki, Azərbaycan hazırda olduqca həssas vəziyyətdədir, çünki o, xüsusən də Rusiyadan asılı olmayan müstəqil xarici siyasət nümayiş etdirməyə çalışır.
“Ancaq Dağlıq Qarabağ konfliktinin həlli üçün ölkənin Rusiyaya ehtiyacı var. Biz 1 milyonlu qaçqınları da unutmamalıyıq. Azərbaycan əraziləri hələ də Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal altındadır. İşğal faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində əksini tapıb” - əlavə edib alman siyasətçi.
Yeni Müsavat
