““Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun heç də Nardaran hadisələri ilə bağlı deyil. Çünki bu sənəd ortaya çıxandan bəziləri deyirlər ki, guya bu Nardaran hadisələri və ya digər hadisələrlə bağlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini parlamentdə müzakirəyə təqdim edərkən bildirib. Onun sözlərinə görə, əslində belə deyil: “Gərək biz bunu hələ əvvəldən hazırlayıb parlament müzakirələrinə çıxardardıq. Çünki belə bir qanunun qəbul edilməsi ilə bağlı fikirlər çoxdan səslənirdi. Ötən parlament zamanı da belə bir qanunun qəbulunun vacibliyi vurğulanırdı. Bütün bunlara baxmayaraq, belə bir qanunun qəbul edilməsinə çox böyük ehtiyac var. Çünki dünyada son zamanlar din adı altında dini ekstremizm meyilləri özünü güclü şəkildə göstərməkdədir. Hansısa dairələr dini ekstremizmi yaymaqda məkrli niyyətlərini həyata keçirmək hətta dövlət quruluşlarını dəyişməyə cəhd göstərirlər. Ancaq ən yaxşı model elə bizim dövlət quruluşu modelidir. Biz dünyəvi, tolerant dövlət quruluşuna üstünlük vermişik. Hətta bizi əsassız yerə tənqid edən dairələr belə bizim modelimizə həsəd aparırlar”.
Cia.az
