|
Qanlar töküləcək:

Moskva Türkiyəni Rusiyanın hərbi təyyarəsini vurmaqla özünün neft təchizatı xəttini “İslam Dövləti” (İŞİD) qruplaşmasından qorumaq cəhdində ittiham etdikdən sonra neft bir daha müharibə səhnəsində peyda olub.

Biz neftin bu və II dünya müharibəsinədək başqa münaqişələrdə oynadığı rola nəzər yetirmişik.

Suriya və İraq: 2011-ci ildən indiyədək

İŞİD adlanan qruplaşmanın iştirakı ilə İraq və Suriyada davam edən münaqişədə neft amili böyük rol oynayıb.

Neft satışı yaraqlılar üçün başlıca gəlir mənbəyidir. Bu gəlir 2014-cü ilin ortalarında günə 2 milyon dollar təşkil edib.

İŞİD Suriyanın neft istehsal edən əksər regionlarına nəzarət edir. Bu təşkilat həmçinin 2014-cü ildə İraqda, Mosul yaxınlığındakı neft mədənlərini zəbt edib.

İddia edildiyinə görə, Rusiyanın hava zərbəsi Suriyadakı neft avtosisternlərini vurur

Bu neft Əsəd hökumətinin özü də daxil olmaqla bir neçə alıcıya və Türkiyə sərhədindəki qaçaqmalçılara satılır.

İndi Rusiya iddia edir ki, Türkiyə onun Su-24 təyyarəsini məhz bu neft alış-verişini qorumaq üçün vurub. Türkiyə İŞİD-dən neft aldığı barədə iddiaları daim danıb.

BBC-nin müdafiə məsələləri üzrə müxbiri Frank Qardner isə deyir ki, Türkiyə hökumətinin bu işə qarışdığını göstərən sübut olmasa da belə bir alverin həqiqətdə baş verməsinin çoxsaylı dəlilləri var.

2003-cü ilin İraq müdaxiləsi

2002-ci ildə İraqın baş naziri Tariq Əziz demişdi ki, İraqa qarşı hərbi hərəkət təhlükəsinin səbəbi neftdir.

O zamanlar bu, bütün ərəb dünyasında geniş yayılmış inanc idi. İraq dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir və əksər ekspertlər inanırlar ki, neft bu münaqişədə şübhəsiz faktor olub. Hərçənd onun bəlkə də əsas faktor olmadığı söylənilir.

İraqda yanan neft quyusu, 2003-cü il

Səddama heç də dost münasibəti olmayan “The Economist” jurnalı 2002-ci ildə belə bir nəticəyə gəlmişdi ki, Səddam Hüseynin devrilməsinə yönəlmiş müdaxilədə ABŞ-ın əsas motivi onun həqiqətən və ya potensial olaraq kütləvi qırğın silahlarına malik olması olsa da ölkənin nəhəng neft yataqlarının açılması da öz mühüm rolunu oynamışdı.

Səddam Hüseynin neft gəlirlərindən istifadə edərək öz strateji nüfuzunu artıracağına şübhələr də faktor sayıla bilər.

ABŞ-ın o vaxtkı vise-prezidenti Dik Çeyni 2002-ci ildə İraqın ambisiyaları barədə xəbərdarlıq edərkən demişdi: “Gözləmək olar ki, bundan sonra Səddam Hüseyn bütün Yaxın Şərqdə hegemonluq fikrinə düşsün və dünya neft təchizatının böyük bir hissəsini öz nəzarəti altına alsın”.

1991-ci ilin I Körfəz müharibəsi

1991-ci ilin müharibəsi ərəfəsində başlıca antihərb şüarı “Neft üçün qan tökməyin!” idi.

Neftin bu münaqişədəki rolu danılmazdır.

1991-ci ilin müharibəsində İraq qüvvələri geri çəkilərkən Küveytin neft quyularına od vurmuşdu

Münaqişə İraqın neftlə zəngin Küveytə müdaxiləsindən sonra başlanmışdı. Səddam Hüseyn bu ölkəni İraqın bir əyaləti hesab edirdi.

Birləşmiş Ştatların və onun müttəfiqlərinin bu münaqişəyə müdaxiləsinin əsas motivi Küveyt neftinin təhlükəsizliyini təmin etmək, həmçinin Səddan Hüseynin bu neftə sahiblənməsinin qarşısını almaq idi.

1953-cü il İran çevrilişi

Neft 1953-cü ildə İranda ABŞ və Britaniyanın təşkil etdiyi hökumət çevrilişində əsas rol oynayıb. Bu iki ölkə seçilmiş baş nazir Məhəmməd Müssədiqi devirməklə Rza şah Pəhləvinin hakimiyyətini bərqərar edib. Şahın hakimiyyətinə isə 1979-cu ildə İslam təməlçilərinin əli ilə son qoyulub.

M.Müssədiqin əsas “günahı” Britaniyanın Anqlo-İran Neft Şirkətini (AİNŞ) milliləşdirmək cəhdi olub. AİNŞ sonralar “British Petroleum” (BP) adlandırılıb.

İranın Qərbə daim şübhə ilə baxması bu müdaxilələrdən qaynaqlanır.

Stalinqrad döyüşündən sonra on minlərlə alman əsir düşüb

II dünya müharibəsi

Adətən II dünya müharibəsinin faşizm əleyhinə mübarizə olduğu düşünülür, lakin dünyanın ən qanlı çarpışması olan bu münaqişədə də neft öz rolunu oynayıb.

Yaponların Pirl Harbora hücumunun kökündə ən azı qismən Birləşmiş Ştatların 1941-ci ildə Tokionun Çinə müdaxiləsinə cavab olaraq Yaponiyanın neft idxalını məhdudlaşdırmaq qərarı durur.

Yaponiya demək olar ki, tamamilə idxal olunan neftdən, ələlxüsus da ABŞ neftindən asılı idi. Neft ona dəniz donanmasının yanacağı üçün lazım idi.

Müharibənin Avropa səhnəsində o zaman Sovet İttifaqının tərkibində olan neftlə zəngin Azərbaycan Almaniya müdaxiləsinin məqsədlərindən biri idi.

Məhz bu istək almanların cənuba üz tutaraq Stalinqradda mühasirəyə düşmələrinə səbəb oldu. Stalinqrad döyüşü bütünlükdə müharibənin dönüş nöqtəsi oldu.

Cia.az