Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya iki günlük səfəri başlayıb. Ötən sayımızda da qeyd elədiyimiz kimi, səfər Türkiyə-Rusiya münasibətlərindəki olduqca gərgin və həssas duruma təsadüf eləməsi ilə həm yerli, həm də beynəlxalq medianın və analitiklərin xüsusi diqqətində idi.
Dünən ali qonağı Bakı hava limanında baş nazirin müavini Əli Əhmədov qarşılayıb. Qarşılanma mərasimindən sonra planlaşdırıldığı kimi, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş nazirini qəbul edib. Görüş əvvəlcə təkbətək formatda keçirilib, ardınca isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib (APA).
Prezident Əliyev görüş öncəsi Əhməd Davudoğlunun Türkiyədə son parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini vurğulayaraq, bunu Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının, qardaşlığın göstəricisi olduğunu deyib: “Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

***
Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğuna və önəminə bir daha diqqət yönəldib: “Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün də sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.
Ölkə başçısının sözlərinə görə, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü də bir o qədər artacaq. Qeyd edib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur: “Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”.
İki ölkə arasında energetik sahədə əməkdaşlıqdan söz açan ölkə başçısı bildirib: “TANAP Türkiyə və Azərbaycan layihəsidir. Bu layihənin icrasında heç bir problem yoxdur. Layihə 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək. Bununla da Türkiyə və Avropa ölkələri yeni qaz mənbəyinə çıxış əldə edəcəklər. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bizim əsas ixrac yolumuz da Türkiyə və Türkiyə üzərindən digər Avropa ölkələridir”.
Prezident mətbuat konfransında indiyədək həllini tapmamış Dağlıq Qarabağ məsələsindən danışıb və bu məsələdə verdiyi dəstəyə görə qardaş ölkəyə təşəkkür edib.
***
Öz növbəsində Əhməd Davudoğlu bildirib ki, hələ anadan olduğu İstanbula getməyib, ancaq Azərbaycana gəlib: “Azərbaycan ”Can Azərbaycandır", bizim canımızdır. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil". O, Türkiyə və Azərbaycanı bir millət, iki dövlət olduğunu xatırladaraq Azərbaycanın uğurla inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, “Türkiyə hər zaman Azərbaycanın yanındadır” deyib.

“Görüşümüzdə TANAP layihəsinin 2018-ci ildə deyil, daha tez istismara verilməsi barədə razılığa gəldik. Avropanın enerji təhlükəsizliyində Xəzərin resursları mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu da Çindən Avropaya uzanan yolun onurğasını təşkil edir. Çinlə də bu mövzuda görüşlərimiz, müzakirələrimiz olub. Azərbaycan prezidentinin Çinə səfərində də bu məsələ müzakirə ediləcək. Biz Azərbaycanı, Bakını Asiyanın yüksələn ulduzu kimi görürük. Baş nazir kimi bəyan edirəm ki, qarşıdakı 4 ildə də Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq” - bildirib Davudoğlu.
Türkiyə baş naziri həmçinin iki ölkənin ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyduğunu söyləyib. O, hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam etdirəcəyini deyib: “Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək”.

***
Maraqlıdır ki, Davudoğlu Bakıda ikən Rusiya prezidenti Vladimir Putin Türkiyə əleyhinə, AKP hökuməti əleyhinə sərt və alovlu çıxış edib, rəsmi Ankaranı hədələyib, hətta aşağılayıb. Belə ki, canlı yayımda xalqla ünsiyyəti zamanı o, “Su-24" bombardmançısını vurması insidentini növbəti dəfə şərh edərkən deyib: ”Mən heç cür başa düşmürəm ki, onlar (Türkiyə-red.) nəyə görə bunu elədilər. İstənilən problemi tamamilə ənənəvi şəkildə həll etmək olardı. Biz onlarla ən həssas məsələlərdə belə təmaslara hazır idik.
Onlar niyə belə ediblər, bunu ancaq Allah bilir. Görünür, Allah Türkiyənin hakim elitasının ağlını başından alaraq onları cəzalandırmağı qərara alıb. Rusiya Türkiyəyə cavab olaraq düşünülmüş və konstruktiv addımlar atacaq. Bizdən bütün dünya üçün təhlükəli ola biləcək əsəbi, isterik reaksiyalar gözləməsinlər. Ancaq əgər onlar düşünürlərsə ki, belə alçaq cinayət törədib canlarını pomidorla, tikintidə, yaxud hansısa sahədəki işlərin həcmini azaltmaqla qurtaracaqlar, dərindən yanılırlar. Biz onlara nə elədiklərini hələ çox xatırladacağıq və onlar buna görə hələ çox peşman olacaqlar. Biz nə etmək lazım olduğunu bilirik".

***
Bu hədələrə Türkiyə baş nazirinin Bakıdan cavabı özünü çox gecikdirməyib: “Dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyirik. Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə dünya ictimaiyyətinə məlumat verilib. Türkiyə sərhədləri bizim üçün müqəddəsdir. Bizim üçün sərhədlərimiz və suverenliyimiz yeganə toxunulmaz məsələdir”. Baş nazir onu da xatırladıb ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib: “Ancaq bu gün Türkiyənin günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb edirik”.
Davudoğlu emosiyaları daha da qızışdıran Putinə çağırış da edib: “İki qonşu ölkə olaraq masa ətrafında oturaraq problemlərin çözülməsinin tərəfdarıyıq. Türkiyəyə qarşı əsassız ittihamları isə qəbul etməyəcəyik. Türkiyə sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verməyəcəyimizi də bir daha bəyan edirəm”.
Yeni Müsavat
