|
Dayanacaq davası edənlər, skamya yazanlar....
Son illər Azərbaycanda, xüsusən də paytaxt Bakıda müşahidə olunan hallardan biri də insanların sivilizasiyanın bəzi nümunələri ilə davranışlarıdır. İnsanlarımız mavi ekrandan Avropa həyat tərzini görür, bəyənir, onun ölkəmizdə olmasını arzulayır, amma... Eyni sivilizasiya örnəyi gözünün önündə olanda onunla adekvat davrana bilmir.
Bunun son örnəklərindən biri “Baku Bus”dır. Dayanacaqdan kənar yerdə saxlamayan avtobus sürücüsünün döyülməsi faktı mətbuatın gündəmini məşğul edən xəbərlərdəndir. Təsəvvür edin ki, insanlarımız daim “ay sürücü, kartof-soğan daşımırsan, asta sür. Tez-tez saxlama” deyə şikayət etdikləri sürücülərdən bu dəfə sivil, normaya uyğun davranış görəndə də aqressiv reaksiya verirlər. Avtobusların oturacaqlarını bıçaqla kəsənlər, metroya, avtobus divarlarına öz adını, sevdiyinin adı ilə birgə ürək şəklini həkk edənlər də bizimkilərdir. 
Bugünlərdə Dənizkənarı Parkda qarşıma çıxan daha bir mənzərə isə sadəcə komediya filmini xatırladırdı. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun xaricdən gətirdiyini dediyi ekzotik ağacların, xüsusən kaktusların üzərində gənclərimiz öz “dəli sevda”larını, eləcə də izlədikləri saytın adını həkk etmişdilər. 
 
Sual da budur: niyə sivilizasiya ilə ayaqlaşa bilmirik? Texnikanın son nailiyyətlərinə qarşı niyə belə münasibət sərgiləyirik? 

 
Psixoloq Azad İsazadə hesab edir ki, son illər ölkəmizdə sadaladıqlarımızı Avropa standartları və ya sivilizasiya qaydaları adlandırmaq doğru deyil. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan üçün yeniik deyil: “Mən uşaq olarkən yadımdadır ki, Bakı parklarında skamyalar da vardı, avtobuslar da ancaq dayanacaqlarda saxlayırdı. Dayanacaqdan kənar avtobus saxlaya bilməzdi. Taksilər üçün ancaq bəlli dayanacaq vardı. Səhər 6-7-də şəhərin küçələri yuyulurdu xüsusi maşınlarla. Bu yenilik deyil. Daha öncədən də var idi. Amma hansısa illər ərzində bunu itirmişik. Sonra yeni qaydalara uyğunlaşmışıq. Biz hamımız - istər yaxşıya, istər də pisə tez öyrəşirik. Pisə daha tez. Avtobusu evin yaxınlığında saxlamaq o qədər rahatdır ki, bunu müsbət iş kimi qəbul edir. Bu qayda pozulanda narazılıq edirlər. Kütlə psixologiyasına uyğun, aydın bir şeydir”. 
 
Müsahibimizin fikrincə, bu məsələdə təkcə əhalini günahlandırmaq da düzgün deyil. A.İsazadə hesab edir ki, dayanacaq yerləri incə və dəqiqliklə seçilməlidir: “Təəssüflə qeyd etməliyəm ki, vaxtilə dayanacaq olan yerləri ləğv ediblər və yerini dəyişiblər. Əhali bundan narahatçılıq hiss edir. Piyada keçidlərlə dayanacaq bir-birinə uyğun gəlmir. Insanlar xahiş edir ki, keçidə yaxın saxlasınlar. Amma bu o demək deyil ki, qaydanı pozmalıyıq. Qayda pisdir və ya yaxşı, insanlar buna riayət etməlidir. Burda psixoloji amil rol oynayır ki, insanlar çox həssasdılar. Onlar bilirlər ki, bu gün hansı qaydalar işləyir: rəsmi və ya qeyri-rəsmi. Rəsmi qayda odur ki, avtobusları dayanacaqda saxlamaq lazımdı. Qeyri-rəsmi qayda isə odur ki, sürücü müştərini harda istəsə götürə, harda istəsə düşürə bilər. Bu qayda neçə ildir işləyirdi. Sonuncu qayda neçə ildir ki, işləyirdi. Bu qayda birdən dəyişdi. Camaat hələ öyrəşməyib. Dünən də bu qayda rəsmi vardı, amma işləmirdi tam”.
 
Psixoloq onu da dedi ki, rəsmi qaydalara uyğunlaşmaq üçün vaxt lazımdır. Müsahibimizin fikrincə, təbliğat və tərbiyə də bu məqamda mühüm rol oynayır: “Ən əsas nümunədir. Polis əməkdaşı piyadanı düzgün yolu keçməyəndə cəzalandırırsa, o biri qaydanı pozmuş vətəndaşa çatmaq üçün özü o yolu qaydasız keçirsə, pis nümunədir. Birinə olar, o birinə olmaz. 
 
O ki qaldı skamyaya, oturacaqlara avtoqraf qoymağa, bu, yəqin ki, ümumdünya problemidir. Harasa gedəndə Bakı metrosu o birilərdən təmizdir. Dünya metrolarında nəinki oturacaqlar, divarlar da yazı içindədir. Bəlkə cırmırlar, qırmırlar. Amma o da baş verirsə, vaxtında təmir olunmur. Tarixi yeri xarab edib, öz nişanını qoymağın böyük bir nümunəsi tarixdə olub.  Napaleon general olanda, Misirə, piramidalar olan yerə gələndə əmr etmişdi ki, Sfinksə top atsınlar. Topun yeri Sfinkisin burnunu çartlatmışdı. O sınıq yer tarixi bir nümunəyə çevrildi. O Napalenonun izidir. Amma bu, o demək deyil ki, hamımız haralarasa bu izləri qoymalıyıq. Afinada dağılmış sarayların ətrafında hər il bir neçə ton xırda daş atırlar. Çünki hər turist özü ilə balaca bir daş aparmaq istəyir. Çay qırağından daşları tökürlər ki, insanlar suvenir kimi aparsınlar. Hər turist fikirləşir ki, bircə daş aparıram. Ora milyonlarla turist gəlir və yarısı o daşı aparsa nə baş verər? Psixoloji baxımdan qəbul olunan bir hərəkətdir. Onlara qarşı qadağalar yox, təbliğat lazımdır".

A.İsazadə sonda onu da qeyd etdi ki, hazırda Bakının əhalisi xeyli dəyişib. İstər sosial, istər maddi, istərsə tərbiyə və mədəniyyət baxımdan bu dəyişiklik özünü göstərir: “Mən demirəm ki, pisə və ya yaxşıya doğru. Sadəcə, dəyişib. Sayca da dəyişib. 60-cı ildə yüz nəfər o skamyalara öz adını yazırdısa, indi onların 1000-ə yaxın nəvələri var. Say rol oynayır. Sosial proqramlar həyata keçirilməlidir. Bu da bələdiyyələrin üzərinə düşməlidir. Onlar sosial proqramları nəzərdə tutubmu, bilmirəm. Hərəsi öz bələdiyyə zonasını qoruya bilsə, bu, yaxşı ola bilər”.
Cia.az