Ölkənin mənzil və torpaq bazarında durğunluğun ilin sonunadək davam edəcəyi bildirilir. Hətta gələn ilin əvvəllərində də vəziyyət ucuzlaşmaya doğru gedəcək. Ekspertlər bildirirlər ki, neftin qiymətlərinin daşınmaz əmlak bazarına təsiri dolayıdır. Qiymətlərin artması üçün isə makroiqtisadi şərait yaxşılaşmalıdır. Neftin qiymətləri bazara tədricən təsir etməyə başlayır.
Ekspert Rəşad Əliyevin sözlərinə görə, qiymətlər devalvasiyadan sonra enməyə başlamayıb: “Əslində qiymət enməsi devalvasiyadan qabaq başlayıb, 2014-cü ilin payızından. Fevralda baş verən devalvasiyaya qədər qiymətlər artıq 6 ay idi ki, düşürdü. Qiymət enməsinin nəzərə çarpmamasının əsas səbəbi ucuz mənzillərin qiymətinin daha az düşməsi olub.
Devalvasiyadan sonra qiymətlər müvəqqəti olaraq manat ifadəsində artdı, dollar ifadəsində isə azaldı. Bir müddət sonra qiymətlər hər iki valyutada yenə enməyə başladı. Ancaq buna baxmayaraq, bir sıra mənzillərin qiyməti manat ifadəsində devalvasiyadan öncəki qiymətlər kimi, ancaq 2014-cü ilin pik səviyyəsindən aşağıdır”.
Ekspertin sözlərinə görə, neftin qiyməti qalxan kimi qiymətlərin qalxacağı kimi fikirlər yanlışdır: “Neftin qiymətlərinin daşınmaz əmlak bazarına təsiri dolayıdır. Sözsüz ki, neftin qiyməti makroiqtisadi şəraitə təsir edir ki, bu da öz növbəsində daşınmaz əmlak bazarına təsir edir. 2008-ci il böhranında daşınmaz əmlak bazarında 2009-cu ilin sonunda durğunluq davam edəndə neftin qiyməti artıq 70 dollardan yuxarı idi. Həmin dövrdə ancaq mənzil bazarında vəziyyət bir qədər normal idi, bu isə həmin dövrdən öncə başlayan ipoteka kreditləşməsi ilə əlaqədar idi. Qiymətlərin artması üçün makroiqtisadi şərait yaxşılaşmalıdır və neftin qiymətləri tədricən təsir etməyə başlayır”.
R.Əliyevin sözlərinə görə, ev bazarındakı ucuzlaşma kirayə bazarına çox da təsir etməyib: “Mövcud şəraitdə kirayə haqqı 2 istiqamət üzrə nəzərdən keçirilir. Birincisi mövcud kirayə bazarı, ikincisi isə mövcud kirayə müqavilələri üzrə. İkinci istiqamət üzrə kirayə haqları orta hesabla çox cüzi düşüb. Kirayə bazarı üzrə enmə göz qabağındadır. Ancaq bazarın çökməsi real rəqəmlərlə təsdiq olunmur və bunun üçün hələ vaxt tələb olunur”.
Ekspert qeyd edib ki, “Qiymət enibsə, ev almağın əsl vaxtıdır”,- kimi fikirlər də yanlışdır: “Daşınmaz əmlak qeyri-likvid əmlakdır və o, neft, qızıl və ya digər likvid mal deyil ki, ticarət terminalı qarşısında onun enmə faizinə nəzər yetirəsiniz. Daşınmaz əmlak bazarında standart məhsul mövcud deyil. Qiymət enməsi haqqında mövcud olan bütün məlumatlar şərtidir və hamısı ortalama nəticələrdir. Ev almaq istəyənlər üçün həmin məlumatların praktiki əhəmiyyəti yoxdur və bu məlumatlar bazarda ancaq ab-havanı müəyyən etməyə kömək edir. Əmlak almaq qərarı isə ancaq alıcı tərəfindən aparılan təhlil nəticəsində mümkündür. Hazırda elə ev almaq mümkündür ki, gələcəkdə bazarda qiymətlər ensə belə, onun qiyməti qalacaq. Ancaq elə ev də almaq olar ki, bazarda qiymətlər artsa da, onun qiyməti artmayacaq. Təhlil aparmayan alıcı həmişə uduzur”.
Qeyd edək ki, qiymət ucuzlaşması həm təkrar, həm də ilkin mənzil bazarında müşahidə olunur. Bəzi ekspertlər bildirirlər ki, neftin ucuzlaşması, həmçinin təkrar devalvasiya ehtimalları da qiymətlərə təsir göstərməkdədir. Yaxın üç ay ərzində qiymətlərin artması gözlənilmir. Əksinə, qiymətlərin daha da azalması gözləniləndir.
Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin oktyabrında təkrar mənzil bazarında 3,1 faiz ucuzlaşma olub. İlkin mənzil bazarında isə bu rəqəm 1,1 faizdir: “Ümumən 1,2 faiz qiymətlər düşüb. İlin əvvəli ilə müqayisədə ümumi mənzil bazarında 26 faiz ucuzlaşma var. Qiymət azalmasının əsas səbəbi xarici faktorlardır, regionda baş verən hadisələrdir. Dünya maliyyə bazarlarında baş verən hadisələr qiymətlərin ucuzlaşmasına təsir göstərir. Nəticəsi kimi neftin qiymətinin aşağı düşməsi və bunun Azərbaycana təsiri də mühüm rol oynayır. İkinci səbəb də insanların neqativ gözləntiləridir. İnsanlar hələ ki risk etmirlər əllərində olan vəsaiti mənzil bazarına yönəltsinlər. Yaxın üç ay ərzində qiymətin artması ehtimalı yoxdur. Gələn il yanvarın sonuna qədər bahalaşma olmayacaq”.
Ekspert Samir Əliyevin sözlərinə görə isə hazırda mənzil bazarında süstlük müşahidə edilir. Bu, bir tərəfdən, dünya bazarında neftin ucuzlaşması ilə, digər tərəfdən, Rusiya amili ilə bağlıdır. Rusiyadan ölkəmizə kifayət qədər maliyyə vəsaiti gəldiyi zaman həmin vəsait bazarda aktivliyi kifayət qədər saxlayırdı. Birinci devalvasiya baş verəndə mənzil bazarındakı qiymətlər buna uyğunlaşmağa başladı. Dollar ifadəsində mənzillərin ucuzlaşması baş verdi, manat ifadəsində isə əksinə, bahalaşdı. Ancaq bu, ilkin dövrdəki reaksiya idi. Sonrakı dövrdə manatla da mənzillər ucuzlaşmağa başladı. İndi daha çox köhnə evlərin qiymətində azalmalar baş verir.
Ekspertlər qeyd edirlər ki, ümumən ötən ilin mart ayından Rusiyada rublun məzənnəsinin yüksəlməsi, Ukrayna hadisələri və ətraf regionda, dünya siyasi səhnəsində baş verən hadisələrin mənzil bazarına təsiri qaçılmazdır. Bu, tək bizim ölkədə deyil, regionda bu vəziyyət müşahidə edilir. Biz də bu bazarın tərkib hissəsi kimi qiymət azalmasını hiss edirik. Bildirilir ki, mənzilə tələbat da azalıb ki, burada da psixoloji faktor rol oynayır. Çünki insanların dünya ilə əlaqəsi var, informasiya vasitələrini izləyirlər, məlumatlıdırlar, bu da öz psixoloji təsirini göstərir.
Ekspertlərin fikrincə, real alıcıların böyük bir hissəsi bazarı tərk ediblər. Səbəb isə əllərindəki pulu qoruyub saxlamaqdır. Hər zaman bazarda canlama yaradan və qiymətləri artıranlar daha çox investorlar idi. Artıq onlar da bazarı tərk ediblər...
Cia.az
