|
Mövlud Çavuşoğlu düzmü dedi:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun noyabrın 26-da baş verən Nardaran hadisələrini terror kimi qələmə verməsi Azərbaycanda geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı başsağlığı verən, dəstək nümayiş etdirən Çavuşoğlu bildirib ki, ümid edirik, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq. 
Təsadüfi deyil ki, hadisədən keçən bu müddət ərzində ölkəmizin istintaq orqanları hələ də baş verənlərin terror olub-olmaması barədə qəti fikir bildirməyiblər. O zaman bir sual meydana çıxır: Doğurdanmı Nardaran hadisələri terrordur? 
 
Politoloq Ərəstun Oruclu hesab edir ki, Nardaranda 7 nəfərin ölümü ilə bağlı baş verən hadisə Cinayət Məcəlləsində yazılan terror sözünün mənaları ilə uyğun gəlmir: “Cinayət Məcəlləsində terror sözünün izahı var. Sözbəsöz terrorun nə olduğu yazılıb. Nardaranda baş verən həmin atışma buna uyğun  gəlmir. Bu günə qədər Nardaran hadisəsini hüquq-mühafizə orqanları terror kimi dəyərləndirməyiblər. Burada söhbət Cinayət Məcəlləsindən gedirsə, polisə silahlı  müqavimət, qanunsuz silah saxlama, odlu silahdan istifadə etmə kimi hallar ola bilər. Hüquqşünas olmadığımdan bildiklərimi deyirəm. 
 
Terror tamam başqa anlayışdır. Terror ictimai xof, cəmiyyətdə çaşqınlıq yaratmaq kimi anlayışlardır. Düşünürəm ki, hüquq-mühafizə orqanlarımız bu hadisəni terror adlandırmamaqda haqlıdırlar. Ona görə ki, burada terror əlamətləri yoxdur”.
 
Politoloq bildirdi ki, bir ölkənin rəsmisi digər dövlətdə baş verən hadisəni şərh etməməlidir: “O zaman şərh verər ki, hadisə törədilən ölkənin mövqeyi olsun. Çavuşoğlunu AŞ PA-nın həmsədri olduğu dövrdən tanıyırıq. Bu baxımdan onun fikirləri mənə təəccüblü gəlmədi. Diplomatik təcrübədə belə hallar olmur. O, Azərbaycan hakimiyyətinə dəstək ifadə etmək istəyib. Sadəcə, bir qədər canfəşanlıq edib. Özü də həddindən artıq. Onun fikirlərində bir səbəb görmürəm. Sadəcə, dəstək ifadəsinin Çavuşoğlu forması idi”.
 
 
Ə.Oruclu Nardaran hadisələrinə olan baxışını bu cür ifadə etdi: “Hadisənin detallarını bilmirəm. Rəsmi açıqlama bir yanadır. Burada düzgün nəticə o zaman çıxarıla bilər ki, əməliyyat çəkilişi olardı, bundan müəyyən nəticə çıxarılardı. Amma bilmədiyim üçün öz mülahizələrimi irəli sürmək istəmirəm. Hər halda pis haldır ki, belə hadisə baş verdi. Bu gün müxtəlif məntiqsiz bəyanat, çağırışlar səsləndirilir. İnsanlar din faktorunu əsas götürüb zorakılığa çağırışlar edirlər. Belə hallar təhlükəlidir. İndiki dövrdə hansısa təhlükəyə, təhdidə rəvac vermək lazım deyil. İstənilən münaqişə danışıq yolu ilə həll olunur. 
 
İstər dövlət vətəndaş münasibəti, istərsə də dövlətlərarası münasibətlər olsun. Hətta ən böyük müharibələr belə sonda masa arxasında bitir. Burada təşəbbüs irəli sürülməlidir. Hakimiyyət ölkə arasında baş verən bütün hadisələrə görə məsuliyyət daşımaqla yanaşı təbii ki, ictimai asayışı təmin etməyə borcludur. 
 
Açığı, nardaranlıların reaksiyası anlaşılan deyil. Tutaq ki, polis əməliyyatı keçirilir, əməliyyat zamanı ölüm olur. Bunun axı kənd əhalisinə aidiyyəti yoxdur. Kənd əhalisi ayağa qalxır, sanki əhaliyə qarşı olub. Burada hərbi məsuliyyət anlayışı var. Bu əməliyyat konkret şəxslərə qarşı keçirilib. Niyə bütün kənd ayağa qalxır, yaxud bunları ayağa kimlər qaldırır? Bunlar bir tərəfin yanlışıdır. Digər tərəfin yanlışı isə elektrik borclarını indi xatırlamaq, telekanallarda, mediada müxtəlif çağırışlara yol vermək kimi addımlardır. 
 
Hesab edirəm ki, emosiyadan uzaqlaşmaq lazımdır. Məsələni həll etmək lazımdır. Qarşıdurmaya getmək, güc tətbiq etmək daim mümkün olan yoldur. Amma bu yol effektiv deyil. İlk növbədə, nardaranlılar geri çəkilməlidir. Başa düşməlidirlər ki, bu, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatdır. 
 
Bunu bütün kəndə aid etmək lazım deyil. Nəzərə alaq ki, öldürülmüş şəxslərdən ikisinin kəndə aidiyyəti yoxdur. Kənd əhalisi bunu kəndə təcavüz kimi qiymətləndirməməlidir. Bunun arxasında kimlər durur, yaxud niyə başqa istiqamətə yönəldirlər? Bunlar başqa vaxtın söhbətidir. Kəndin işığını kəsmək, yollarda post qurmaq yersizdir”.
Cia.az