“Tələbə qız evində kirayə qaldığı qadını öldürdü”, “Tələbə qız bacısının başını kəsdi” və ya “4-cü kurs tələbəsi qız özünü damdan atıb intihar etdi” kimi ağır xəbərlərə tez-tez rast gəlirik. Son dönəmlərə diqqət etsəkb görərik ki, cinayət törədənlər, intihar edənlər arasında gənclər, xüsusən də tələbə qızlar üstünlük təşkil edir.
Dövlət Statistika Komitəsindən modern.az-a verilən məlumata görə, 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlanlar, 7 nəfəri isə qızlardır. Məlumata əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş uşaqların sayında azalma olub. 2014-cü ilin birinci yarısı 242 cinayət hadisəsini də 14-18 yaşadək uşaqlar törədib ki, bunun da 232 nəfəri oğlanlar, 10 nəfəri isə qızlardır. 2015-ci ilin birinci yarısında bu yaş qrupunda olan uşaqların 6 nəfəri (5-i oğlan, 1-i qız) qəsdən adam öldürmə və adam öldürməyə cəhddə, 17 nəfəri (17-si oğlan) qəsdən sağlamlığa zərər vurmada, 122 nəfər (120-si oğlan, 2-si qız) oğurluqda, 2 nəfər (oğlan)soyğunçuluqda, 5 nəfər (oğlan) quldurluqda, 2 nəfər 9 (oğlan) dələduzluqda, 16 nəfər (oğlan) xuliqanlıqda, 5 nəfər (oğlan) narkotik vasitələrlə bağlı cinayətlərdə, 11 nəfər (10-u oğlan, 1-i qız) hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə, 53 nəfər (50-si oğlan, 3-ü qız) digər cinayətlərdə təqsirləndirilir. 2015-ci ilin birinci yarısı 142 nəfər 14-18 yaşadək olan uşaqlar məhkum edilib ki, bunların 139-u oğlan, 3-ü qızlardır. 2014-cü ilin müvafiq dövründə isə məhkum edilmiş 14-18 yaşadək uşaqların sayı 150 nəfər olub ki, bunun 148 nəfəri oğlanlar, 2-si isə qızlar olub. 2015-ci ilin birinci yarısınadək məhkum edilmiş 14-18 yaşadək uşaqların 18 nəfəri 5 ilədək, 26 nəfəri 5 ildən 10 ilədək azadlıqldan məhrum edilib. Bu müddətdə 14-18 yaşadək məhkum edilmiş uşaqların 41 nəfəri cərimə olunub, 12 nəfəri islah işlərinə, 1 nəfəri ictimai işlərə, 44 nəfəri isə şərti məhkumetməyə cəlb olunub.
Maraqlıdır, azyaşlıları, tələbə qızları bu cür amansızlığa vadar edən nədir, sosial gərginlik, maddi sıxıntı, yoxsa tam başqa səbəblər?
Psixoloq Dəyanət Rzayev bütün bunlara səbəbin sosial ədalətsizlik və maddi sıxıntı olduğunu dedi: “Son vaxtlar cinayət törədən gənclərin, xüsusən də gənc qızların ruhi xəstə olduğu deyilir. Mən sizə deyim ki, ruhi xəstələr çox nadir hallarda cinayət törədirlər. Amma kirayədə yaşadığı evin sahibəsini öldürən tələbə qızın hərəkəti daha çox psixopatiyaya bənzəyir. Qadınlarda psixopatiya nadir hallarda olur. Bu olaysahibəsinin də normal bir insan olmadığını göstərir. Ola bilər ki, tənha qadın olub və qızın sevgilisinin məhəlləyə gəlməsini qısqanıb. Ümumiyyətlə, potensial qəddar insanlar olur ki, onlarda özlərinə məxsus psixologiya və ideologiya olur. Potensial qəddar insanların saçlarında karmerat qurğuşun elementi daha çox olur. Bu insanlar zəhərlənməyə meyillidirlər. Məsələn, tələbə qızın ev sahibəsini öldürməsi hadisəsində qız da, ev sahibəsi də düzgün etməyib. Əgər ev sahibəsi xoşuna gəlmirdisə, qız onu öldürmək əvəzinə başqa bir evə köçə bilərdi. Ev sahibəsi də, ola bilər ki, qızın sevgilisi ilə görüşünə mane olub. Amma bu, o demək deyil ki, kiminsə həyatına son qoymalısan. Qızın psixikasında müəyyən problemlər olub. Çünki qəddarcasına öldürmək bu düşüncəyə səbəb olur”.

Psixoloq gənc tələbə qızların cinayət törətməsinə sosial vəziyyətin çətinliyinin və insanların yaşayış səviyyəsinin aşağı olmasının da səbəb olduğunu dedi: “Kimin ki, yeməyi, içməyi, normal yaşayış səviyyəsi var, o insanlar daha rahat və sakit olur. Amma elə insanlar da var ki, onlar bilmirlər ki, dərsə getsin, iş axtarsın yoxsa çörək pulu tapsın.
Mağazalarda qiymətlər bahadır. Bütün bunlar insanda gərginlik yaradır. İnsan ac olanda daha aqressiv olur. Həm də bəzən olur ki, bir neçə problem üst-üstə düşür. Ola bilər ailədə konfliktlər olsun, ailənin anlayışları fərqli olsun. Azərbaycandakı sosial problemlər bu cinayətlərin, intiharların artmasına səbəb olur. Insanlar nəyə görə özlərini öldürür?! Ailəsini dolandıra bilmədiyinə, banka olan borclarına görə bu yola əl atırlar. Bütün gərginliklər, maddi vəziyyətin çətinliyi insanları bir anlıq asert vəziyyətə düşürür. Asert qısa müddətli kəskin keçən emosiyadır. Bu vəziyyətdə insan nəsə edir və sonra başlayır düşünməyə ki, mən nə etdim. Bu zaman insan sırf emosiyalarla hərəkət edir, düşüncələrlə yox. Əvvəllər də sosial problemlər vardı, amma bu qədər cinayətlər, intiharlar yox idi. 1990-cı illərdə büdcə indikindən daha az idi. Ancaq o zaman insanlarda ümid vardı, gözləri işıldayırdı ki, hər şey yaxşı olacaq. Bu qədər sosial ədalətsizlik yox idi. İnsanlar bir-biri ilə mehriban idi, təbəqələşmə yox idi. İndi isə hansısa varlı insan bahalı maşını ilə gedib kimisə vurur öldürür, onu cəzalandırmırlar. Sosial ədalətsizlik həddindən artıq çoxalıb”.
Cia.az
