Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim İnqilab Nəsirov sədrlik edib.
Proses çox qısa olub. Hakim bildirib ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məhkəmə bildirişlərinin, o cümlədən kasasiya şikayətinin surətinin çatıb-çatmadığı barədə poçt qəbzi yoxdur. Bu səbəbdən də hakim məhkəmə prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.
Cia.az
