|
Fevral devalvasiyasının gerçək baiskarları...
Bu ilin fevralında milli valyuta olan manatın devalvasiyasının səbəbləri ilə bağlı yeni ehtimallar səslənməkdədir. Bildirilir ki, hökumət həmin vaxt devalvasiyanı önləməyə çalışsa da, vəziyyət qəflətən ciddi şəkildə dəyişib. Buna səbəb isə Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin birgə həyata keçirdiyi cinayət tərkibli maliyyə əməliyyatlarıdır. Qeyd edilir ki, Cahangir Hacıyev və Eldar Mahmudovun gizli işbirliyi və həyata keçirdikləri maxinasiyalar manatın devalvasiyasını “tətikləyib”. 

Söhbət on milyard manata yaxın vəsaitdən gedir. Üstəlik, hökumət çıxış yolu olaraq yumşaq devalvasiyaya getməyi qərara alsa da, bankir və nazirin saxta kredit əməliyyatı vəziyyəti dramatikləşdirib. Yəni MTN rəhbərliyi Beynəlxalq Bankla birlikdə köhnə tarixə çox böyük məbləğdə kreditlər sənədləşdirərək vəziyyəti bir qədər də ciddiləşdiriblər. Məsələnin hazırda aparılan çoxsaylı həbslərlə bağlı istintaqda da araşdırıldığı vurğulanır. 
 
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, əslində devalvasiyanın fundamental makroiqtisadi səbəbləri var idi: “Azərbaycan manatı uzun illər süni şəkildə stabil saxlanılırdı. Manatın baha olması ümumi iqtisadi göstəricilərinə mənfi təsir göstərirdi. Azərbaycanın satdığı məhsulun 94 faizi neft və neft məhsulları idi. Gəlirlər ona görə müəyyən olunurdu. Bunun da manatın güclü olmasına ciddi dəstəyi var idi. Neftin qiymətinin iki dəfədən çox düşməsi ölkəyə gələn valyutanın ciddi şəkildə azalmasına səbəb oldu. Bununla da manata olan dəstək xeyli dərəcədə zəiflədi. Ancaq ölkədə baş verən olaylar, o cümlədən Beynəlxalq Bank ətrafında baş verənlər bu prosesi sürətləndirə bilərdi. Biz hələ bu ilin əvvəlində devalvasiyanın olacağını əminliklə deyirdik. Amma daha çox ehtimallar noyabr seçkisindən sonra devalvasiyanın baş verəcəyi barədə idi. Devalvasiyanın fevralda olacağı ehtimalları az idi. MTN-in iqtisadiyyata müdaxiləsi, müəyyən əməliyyatların həyata keçirilməsinin burada rolu ola bilər”.
 
Qeyd edək ki, bəzi ekspertlər devalvasiya prosesinə MTN-in böyük təsiri olduğunu qeyd və ehtimal edirlər. Bildirilir ki, devalvasiya ərəfəsində MTN rəhbərliyi Beynəlxalq Bankla birlikdə köhnə tarixə çox böyük məbləğdə kreditlər sənədləşdiriblər və bankdan böyük məbləğdə pullar çıxarılaraq mənimsənilib. Problem o dərəcədə ciddidir ki, hətta hazırda istintaqda da bu məsələnin araşdırıldığı bildirilir. Ehtimallara görə, dövlət başçısının devalvasiyadan sonrakı çıxışında “maliyyə möhtəkirləri” ifadəsi məhz buna işarədir və bu prosesin üstü açılıb. 
Ekspert Qadir İbrahimli isə bildirir ki, bu kimi ehtimallar səsləndirmək mümkündür:
 
“Devalvasiya məsələsində ümumiyyətlə əsas günah Beynəlxalq Bankda idi. Ölkənin valyuta ehtiyatları çox amansızcasına talan edilmişdi. Eyni zamanda devalvasiya ərəfəsində hökumət ilkin olaraq yumşaq devalvasiyaya getməyi düşünürdü. Bununla bağlı layihədə hökumət yumşaq devalvasiyaya getməyi planlaşdırırdı. Ancaq həmin ərəfədə böyük məbləğdə pullar dəyişdirilmişdi, Beynəlxalq Bank tərəfindən manat dollarla əvəz edilmişdi. Prezident də Mingəçevir səfərində qeyd etdi ki, müəyyən möhtəkirlər bir gecəyə 500 milyon manatı dollara çeviriblər və bu proses bir neçə gün davam edib. Həmin 500 milyonluq əməliyyatlar Beynəlxalq Bank tərəfindən aparılırdı, Cahangir Hacıyevin rəhbərliyi ilə aparılırdı. Burada Eldar Mahmudovun özünün iştirakı olub. Çünki həmin vaxt ölkənin valyuta ehtiyatı kəskin şəkildə azaldığından, hökumət məcbur olub kəskin devalvasiyaya getdi”. 

Qeyd edək ki, milli valyutanın devalvasiya ehtimalları yenidən səslənməkdədir. Əksər ekspertlər bildirirlər 2015-ci ilin sonuna qədər manatı qorumaq mümkün olmayacaq. Yəni manat yenidən öz dəyərini, həm də ciddi şəkildə itirəcək. Əksər ekspertlərin fikrincə, manatın devalvasiyası qaçılmazdır. Milli valyutanın ilin sonuna qədər dəyərini saxlaya biləcəyi sual altındadır. Neftin qiymətinin artmaması, valyuta ehtiyatlarının getdikcə azalması, Federal Rezerv Sisteminin də faiz dərəcəsini artıracağı ehtimalları devalvasiyanı qaçılmaz edir. Ekspertlərə görə, manata olan işgüzar inam gündən-günə azaldığından onu qorumaq Mərkəzi Banka getdikcə baha başa gəlməkdədir. Yəni neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivi görsənmir.

Cia.az