|
Başına milyonlar qoyulan adamlar...
“Filankəsin başına pul qoyuldu...” Xarici mətbuatda bu sayaq məlumatlara tez-tez rast gəlmək mümkündür. Hansısa bir terrorçunun, qatilin, ya da eks dövlət başçısının. Bəzən milyonlar havada uçuşur, bəzənsə sadəcə bir neçə min dollar. “Yeni Müsavat” bu faktları toplayıb və ortaya maraqlı nəticə çıxıb.
Bəşər Əsədin başına 450 min dollar?
 
2012-ci ildə Suriya prezidenti Bəşər Əsədin öldürülməsi üçün ərəb şeyxi tərəfindən göstəriş verilib. Səudiyyə Ərəbistanının öndə gedən dini liderlərindən olan Əli əl-Rəbii  Suriyada günahsız insanlara qarşı törədilən amansız qətllərdən qəzəblənərək Bəşəd Əsədi öldürənə 450 min dollar və xeyli sayda qiymətli hədiyyələr verəcəyini bildirib.
 
 
 
 
 
2015-ci ilin oktyabrında Suriyada Əsəd qüvvələrinə qarşı vuruşan “əl-Nüsra” cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani Dəməşq rejiminin tərəfində vuruşan “Hizbullah”ın rəhbəri Həsən Nəsrullah və Suriya prezidentini öldürənə mükafat veriləcəyini açıqlayıb. Əsədin başına 3 milyon, Nəsrullahı öldürənə isə 2 milyon avro veriləcək. Culani onları öldürən şəxsin təhlükəsizliyinin “əl-Nüsra” tərəfindən təmin ediləcəyini söyləyib. “Əl-Nüsra” bugünlərdə hər rus əsgərinin başına 1 milyon Suriya lirəsi məbləğində mükafat da təyin edib.
 
2015-ci ilin avqustunda Rusiya baş nazirinin keçmiş müavini Boris Nemtsovun ölümündə şübhəli bilinən Çeçenistanın Daxili İşlər Nazirliyinin keçmiş batalyon döyüşçüsü Zaur Dadayev cinayəti törətmək üçün sifarişçidən 500 min rubl (7 700 ABŞ dolları - red.) avans alıb. Bu haqda Dadayev dindirilmə zamanı bildirib. Dadayev istintaqda adı hallanan Rusikin ona sifarişin icra olunması təqdirində 15 milyon rubl vəd etdiyini deyib. Rusiya İstintaq Komitəsində Dadayev həbs olunarkən onun üzərində tapılan 100 min rublun da həmin hadisəyə görə alındığını düşünürlər.
 
Əsgəri tutana 200 min dollar vədi...
 
2014-cü ildə Ukrayna hərbçilərinin cəsədlərini təhqir edənin   tutulması üçün mükafat elan edilib. Ukraynalı biznesmen rus  əsgəri Dmitri Qrisuku tutana 200 min dollar ödəməyə söz verib.
 
Naməlum qalmağı arzulayan ukraynalı biznesmen “mənim şirkətim orduya, milisə, Milli Qvardiyaya və Antiterror Qrupuna ciddi dəstəyini göstərir. Amma mən öz şəxsi vəsaitimdən daha bir mükafat təyin etmək istəyirəm. Silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının və ya Ukrayna xüsusi xidmət orqanlarının bölməsindən Rusiya əclafı Dmitri Qrisuku sağ və ya ölü ələ keçirən 200 min dollar mükafat alacaq və bankda müstəqil hesaba keçiriləcək” deyə, bildirib. 
 
Biznesmenin belə mükafatı elan etməsinə Sankt-Peterburqdan olan rusiyalı Dmitri Qrisukun öldürülən Ukrayna hərbçiləri ilə fotosunu və videosunu gördükdən sonra şoka düşməsi səbəb olub. Xatırladaq ki, videoyazıda o, öldürülmüş ukraynalıların parçalanmış cəsədlərinin yanında gəzişir və nə gördüyünü şərh edir.
 
Terroristlərə milyonlar...

 
2014-cü ildə ABŞ şotlandiyalı David Hainesin başını kəsən şəxsin başına pul mükafatı qoyub. İngilis əsilli “Cihadçı Con” ləqəbli İŞİD (özünü İraq və Şam İslam Dövləti kimi təqdim edən terror təşkilatı) üzvünün saxlanmasına yardım edəcək şəxslərə 9,75 milyon dollar mükafat veriləcək. Conun tutulması üçün amerikalı və ingilis milli kəşfiyyatçıları bölgədə və İngiltərədə ciddi araşdırma aparırlar. ABŞ prezidenti Barak Obama isə İŞİD-in Suriyadakı qalası kimi bilinən Rakkada saxlandığı iddia olunan Conun öldürülməsi ilə bağlı təlimat verib. Conun milli kəşfiyyat nümayəndələrinin kimliyini təsbit etdiyi deyilir. Onun terror təşkilatına qoşulmazdan əvvəl paytaxt Londonda yaşadığı məlum olub. Conun ailə üzvlərinin sorğuya cəlb olunduğu deyilir. Ən son məlumatlara görə isə avizərbələr nəticəsində qatil Con öldürülüb. 
 
2014-cü ildə Ukraynanın Kremençuq şəhərinin meri, Gəncə şəhərində doğulmuş Oleq Babayevin qatillərinin adını söyləyənə də mükafat vəd edilib. Merin dostları O.Babayevi qətlə yetirən haqqında məlumat verənə 100 min qriven mükafat vəd edib.  Merin dostları pul yığılması üçün xüsusi fond yaradıblar. “Fonda artıq 100 min qriven (8,5 min dollar) yığılıb. Tanışları zəng edir, yeni vəsaitlər hazırlayırlar ki, cinayətkarlar tapılsın”, - deyə, Ukrayna Radasının deputatı Yuri Şapoval bildirib.
 
Milisdən bildirirlər ki, Oleq Babayevin qətli sifarişli olub. Hüquq-mühafizə orqanları bir neçə versiya üzərində işləyirlər. Qətl siyasi, biznes və ya məişət xarakterli ola bilər. 

Xatırladaq ki, Oleq Babayev evinin yaxınlığında öldürülüb. Ona 3 dəfə atəş açılıb. Atəş açan naməlum şəxs və ya şəxslər avtomobillə hadisə yerindən uzaqlaşıblar. 
 
2015-ci ilin may ayında ABŞ hökuməti İŞİD terror qruplaşmasının 4 lideri haqda informasiyaya görə üst-üstə 20 milyon dollar mükafat ayırıb. Ən böyük məbləğ - 7 milyon dollar təşkilatın liderlərindən olan Mustafa əl-Kaduli ilə bağlı informasiya üçün vəd edilib.
Bundan əlavə, Amerika hökuməti Əbu əl-Adnani və Gürcüstan əsilli Tarxan Batiraşvili üçün hərəsinə 5 milyon ayırıb. Tarik əl-Xarzinin başına isə 5 milyon dollar qoyulub.
ABŞ İŞİD-i ölkəyə əsas təhlükələrdən biri hesab edir. Qruplaşma daha bir neçə ölkədə, o cümlədən Rusiyada terrorçu təşkilat kimi tanınıb. 2015-ci ilin yanvarında “İslam dövləti” komandirlərinin başına 1 milyon Suriya lirəsi qoyulub. Bu barədə “İslam ordusu” komandiri Zəhran Alluş çıxış edib. Siyahıda terror qruplaşması rəhbərlərinin 17 komandirinin adı keçir. Alluşun ölüm siyahısında məşhur İŞİD komandirləri - Əbu Ənəs İraqi, yardımçısı Əbubəkir Öməri, Əbu Musab Küveyti və Əbubəkir Misraba var.
 
Vəhhabi mediası isə bu açıqlamaya “Alluşun bu qədər maliyyə resursları varsa, onun nəzarət etdiyi Quta Şərqiyyə bölgəsi niyə acından ölür” sualı ilə cavab verib.
 
2014-cü ilin yanvarından Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin harada olduğu bəlli deyil. Ölkənin müxalif fəalları onun tapılıb qanun qarşısında mühakimə olunması üçün kampaniyaya başlayıblar. Fəallar facebookda Yanukoviçi tapıb gətirəni mükafatlandırmaq üçün vəsait toplanmasına çağırış ediblər. Çağırış yayılandan bir neçə saat sonra artıq 50 min dollardan çox vəsaitin toplandığı elan edilib.

Çağırışa şərh yazanlardan bəziləri isə Yanukoviçi tutub təhvil verməyə həvəsli olduqlarını və bunun üçün mükafata ehtiyac duymadıqlarını bildiriblər.
 
Başına pul qoyulanlardan biri də Rusiya prezidenti Vladimir Putin olub. Bu ilin fevral ayında onun başına pul qoyulub. Vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib. Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alınmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib. Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var - o da Vladimir Putindir. Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək. 
 
Terrorçular komandir müavininin başına pul qoyanda...

 
2014-cü ildə “Şaxtyorsk” batalyonunun komandir müavini Ruslan Onişenkonun başına terrorçular 100 min dollar pul qoyublar.  Bu barədə DİN rəhbərinin müşaviri Anton Geraşenko sosial şəbəkədəki profilində yazıb. Onun sözlərinə görə, Onişenko soyadı terrorçulara yaxşı məlumdur, çünki o, doğma Şaxtyorsk uğrunda savaşlarda separatçılara qarşı diversiya əməliyyatlarını əla idarə edir:
 
“Onişenkonun 90-cı illərdə qanunlarla bağlı xeyli problemi olub, amma hazırda o, Şaxtyorskın azad olunmasında heç nə əsirgəmir”. Geraşenko onu da bildirib ki, Donetçində 2 yük maşını, “Rapira” topu və silahları Onişenkonun rəhbərlik etdiyi qrup ələ keçirib.
 
Nazir rejissorun başına 100 min dollar pul qoyub

 
Müsəlman dünyasının qəzəbinə səbəb olan “Müsəlmanların məsumiyyəti” filminin yaradıcısının başına 100 min dollar pul qoyulub. Pakistanın dəmir yolu naziri Hacı Qulam Əhməd Bilur filim yaradıcısını öldürənə 100 min dollar pul verəcəyini vəd edib. Nazir həmçinin bəyan edib ki, müsəlmanları təhqir etdiyi üçün sözügedən filmin rejissoru öldürülməlidir. Hacı Qulam Əhməd Bilur “Taliban” və “əl Qaidə” terror qruplaşmalarına da amerikalı rejissorun öldürülməsi ilə bağlı müraciət edib.
 
2014-cü ildə isə Ukraynada “Layfnyus”  əməkdaşlarının başına pul qoyulmuşdu. Bu barədə “Layfnyus” telekanalının baş redaktoru Anatoli Suleymanov məlumat yayıb. Onun sözlərinə görə, telekanalın bir neçə əməkdaşının başına 20 min dollar mükafat qoyulub.
 
2012-ci ildə ABŞ-da Filadelfiyada bir qrup bank soymaq üçün özlərini niqab və ya çadra geyən müsəlman qadınlara bənzədib qarətlər törədiblər. İndi müsəlman icmaları “niqablı” qarətçiləri tapanlara 20 min dollar mükafat təyin ediblər. Filadelfiyanın müsəlmanlar yaşayan bölgəsində baş verən silsilə basqınlar yerli İslam icmalarını narahat edir. Çünki bank qarətçiləri ənənəvi olaraq maskada deyil, çadraya bürünərək oğurluq edirlər.  Artıq burada yaşayan müsəlmanlar niqab altında gizlənib bank yaran kəsin  tapılması ucun 20 min dollar mükafat təyin ediblər.
 
Məmurlar bildirirlər ki, qarətçilər müsəlman qadınlara xas uzun paltarda və üzlərinə niqab taxan kişilər tərəfindən törədilib. Hətta basqınlardan birində ölüm hadisəsi də baş verib.
 
Öldürənə 130 min dollar, yerini deyənə 13 min dollar
 
Bu ilin mayında Misirin Sina yarımadasındakı tayfalar İŞİD-ə biət etdiyini açıqlayan “Sina vilayəti” adlı təşkilatın liderlərindən olan Şadi əl-Muininin başına mükafat qoyub. Ərəb mediası xəbər verir ki, Ailələr və Tayfa Gəncləri Birliyi onu öldürənə 130 min dollar, yerini söyləyənə isə 13 min dollar mükafat veriləcəyini açıqlayıb.
 
Birlikdən verilən məlumata görə, Muininin Qəzzaya qaçdığına dair dəqiq məlumatlar var. Terabin tayfasının liderlərindən olan Musa ed-Delh isə Sina yarımadasında İŞİD-lə silahlı qarşıdurmaya getməyəcəyini söyləyib.
 
Qeyd edək ki, Misir ərazisində fəaliyyət göstərən və orduya hücumları ilə tanınan “Ənsar Beyt əl-Makdis” qruplaşması İŞİD-ə biət etdiyini açıqlayandan sonra “Sina vilayəti” adlandırılıb.
 
Hüsnü Mübarəkin başı 1 milyon dollaradır?

 
2009-cu ildə İranda Misir prezidenti Hüsnü Mübarəkin başına pul qoyulmuşdu. İran İnqilab Keşikçiləri Korpusu nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının tələbələrdən ibarət qanadı bəyan edib ki, Mübarəki qətlə yetirə biləcək şəxsə 1 milyon dollar mükafat veriləcək. Təşkilat bu addımını Misirin sərhədyanı Rəfah keçid məntəqəsini fələstinlilərin üzünə bağlaması ilə əsaslandırıb. “Bəsic” Misirin dövlət başçısını “terrorçu” adlandırmaqdan da çəkinməyib. “Beynəlxalq terrorçu olan Hüsnü Mübarəki dünyanın istənilən nöqtəsində qətlə yetirə biləcək şəxsə 1 milyon dollar mükafat veriləcək”, - deyə təşkilatın bəyanatında bildirilir.
2007-ci ildə Hindistanın Cammu-Kəşmir əyalətində 3 uşağı yeyən bəbirin başına pul qoyulub. Səlahiyyətli şəxslər ötən həftə 8-10 yaş arası 3 uşağı parçalayan vəhşi heyvanı tapmaq üçün zəruri informasiya verəcək şəxsə 10 min rupi pul mükafatı vəd ediblər. Qanunvericilikdə bəbiri ovlayan şəxslər üçün 6 ilə qədər həbs cəzası nəzərdə tutulsa da, adamyeyən bəbirin öldürülməsi üçün xüsusi icazə alınıb.
Cia.az