|
Ölkədə müxalifət institutu sıradan çıxır
Azərbaycanda ənənəvi müxalifət partiyalarının, müxalifətçilik institutunun hər ötən gün öləzidiyi, sıradan çıxmaqda olduğu məlum olur. 1 noyabr parlament seçkilərindən sonra bu mənzərə daha çılpaqlığı ilə görünməyə başladı. Ölkədə müxalifət o qədər zəif duruma düşüb ki, varlığı ilə yoxluğu faktiki olaraq bilinmir.  
Siyasi ekspert, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu barədə “Yeni Müsavat”a şərhində Azərbaycanda müxalifət institutunun zəiflədilib sıradan çıxarılma siyasətinin illərdir aparıldığını və acı nəticələrini verməyə başladığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda müxalifətlə yanaşı, hüquq-müdafiə təşkilatlarına, QHT-lərə, biznes adamlarına qarşı çox yanlış siyasət aparılıb. Bu siyasətin “bəhrələri”ni görməkdəyik: “Müxalifətin və qeyd etdiyim strukturların zəifləyib sıradan çıxdığı ölkələrdə gec-tez hakimiyyət özü də zəifləyir, ciddi problemlərlə üzləşir. Artıq Azərbaycanda məhz bu mərhələ yaşanır. Müxalifətin zəif və yox vəziyyətinə salınması ölkə üçün də problemlər yaradıb. Müxalifəti, QHT-ləri ağır duruma düşən ölkənin özü və iqtidarı heç vaxt uzun müddət yaxşı durumda yaşaya bilməz. Diqqət edirsinizsə, artıq bu gün həbsdə olan müxalifətçilərin, hüquq müdafiəçilərinin, jurnalistlərin sayı qədər məmurlar, yüksək rütbəli adamlar həbsdədir. Hələ daha ciddi problemlər qarşıdadır. Ölkədə iqtisadi böhran getdikcə dərinləşəcək. Paralel olaraq cəmiyyətdə narazılıq artacaq”.

Ekspert vurğuladı ki, belə bir durumu yaşayan ölkələrdə sivil demokratik müxalifətin olması, onun cəmiyyəti yönləndirmək gücündə olması çox vacibdir. Azərbaycan iqtidarı üçün heç olmasa bunları nəzərə alıb real müxalifətin tamamilə sıradan çıxmaması, cəmiyyətə təsir edə biləcək gücə sahiblənməsinə şərait yaratmalıdır: “Çünki ölkədə iqtisadi, sosial böhranın dərinləşdiyi və cəmiyyətin aqressivləşdiyi dövr üçün sivil demokratik müxalifət ölkəyə və iqtidara lazımdır. Demokratik müxalifət institutunun sıradan çıxdığı ölkələrdə onun yerini radikal təmayüllü qüvvələrin tutması şəksizdir. Belə qüvvələr iqtisadi, sosial böhran vəziyyəti yaşayan ölkələr üçün xüsusilə təhlükə yaradırlar. Cəmiyyətin belə qüvvələrin ardınca getməməsi və dağıdıcılığa meyllənməməsi üçün demokratik sivil müxalifət qüvvələri güclü olmalıdır. Azərbaycan iqtidarı bunu nəzərə almalıdır. Əks halda, heç də ürəkaçan vəziyyət olmayacaq. Hakimiyyət bilməlidir ki, müxalifəti güclü olan iqtidarlar daha güclü olur, müxalifətin güclü olduğu cəmiyyətlər daha demokratik olur və radikallıqdan uzaqlaşır.
 
Biz dəfələrlə Azərbaycan hakimiyyəti ilə görüşlər keçirmişik, dialoqa getmişik və bütün görüşlərdə demişik ki, müxalifət institutunun zəiflədilməsi prosesinin sonu yaxşı olmayacaq. Mən ölkə üçün narahatam. İstəmirəm ki, ölkədə təlatümlər yaşansın". 
 
M.Əliyev eyni zamanda qeyd etdi ki, ölkədə bundan sonrakı mərhələdə müxalifətin güclənməsi də xalqın narazılığının artması ilə paralel gedəcək: “Artıq elə bir mərhələ gəlir ki, xalqda narazılıq fonunda iqtidar zəifləyir, müxalifət isə narazıların sayının artması hesabına elektoral bazasını artırır. Bu, öz-özünə gedən prosesdir. Əslində isə bu da normal proses sayılmamalıdır. 
 
Yaxın zamanlarda amnistiyalar olacaq. Həbs edilən siyasi məhbuslar azadlığa buraxılacaq. Yaxşı olar ki, heç olmasa bundan sonra indiyə qədərki yanlış siyasət təkrarlanmasın".
Cia.az