Yaxın Şərqdə, xüsusən də Suriyada gedən müharibədə diqqət çəkən məqamlardan biri də tərəflərdən birinin əlində ABŞ silahının, o birinin əlində Rusiya silahının olmasıdır. Faktiki olaraq savaşlarda Rusiya silahı ilə Amerika silahı döyüşür. Rusiya təyyarəsi Amerika silahı ilə-"F-16" ilə vurulur, Suriyadakı Əsəd rejiminin əlində isə Rusiya silahı. Buradan belə nəticəyə gəlmək olarmı ki, iri dövlətlər silah satmaq üçün müharibələrdə maraqlıdırlar və bütün konfliktlərin də arxasında onlar dayanır?
Politoloq Natiq Miri hesab edir ki, Yaxın Şərqdə və digər regionlarda təlatümlərin yaşanması, o cümlədən İŞİD kimi terror qruplaşmalarının meydan sulaması qlobal maliyyə şəbəkələrinin təşkil etdiyi projelərdir. Çünki xaos və savaş olan mühitdə böyük pullar qazanılır: “İnsanların bir yerdən başqa bir yerə miqrasiyasından tutmuş, insan orqanlarının satışından, narkotik və silah alverinə qədər hər şey bu şəbəkələrin nəzarətindədir. Bu, bütün zamanlarda belə olub. Həmin böyük maliyyə şəbəkələri iri dövlətlərdə hakimiyyətləri belə idarə edirlər, siyasi qərarlara təsir etmək imkanları var. Suriyada gedən proses də böyük bir planın tərkib hissəsidir. Həm ABŞ, həm Rusiya üçüncü dövlətlərə silah, hərbi texnika satmaqla məşğuldur. Onlara silahlarının satılması üçün konfliktlər, müharibələr lazımdır. Yaxın Şərqdə müharibələr məhz bu güclərin silah satışının çiçəklənməsi üçün lazımdır. Həmin güclər, xüsusən də Rusiya müharibə arealını genişləndirmək üçün bəzən özü də birbaşa savaşa girir.
Bu, sonrakı mərhələdə daha çox silah satışına nail olmaq üçün atılan addımlardan sayıla bilər. Silah alverində Fransa və Böyük Britaniya da iştirak edir. Yaxın Şərqdə müharibə ocaqlarının miqyası qəsdən genişləndirilir. Qarşılığında Səudiyyə Ərəbistanı, Qətər və digər pul sarıdan zəngin olan ölkələr milyardlarla dollar xərcləyib ABŞ-dan, Böyük Britaniyadan silahlar alır”.
Politoloq vurğuladı ki, müharibələr, münaqişə ocaqları, terror yuvaları silah alverindən milyardlarla dollar qazanan güclər üçün bazardır. Bu bazarda insan qırğını həmin güclər üçün heç bir dəyər daşımır: “Terror qruplaşmaları birbaşa silah alverindən paralar qazanan güclərə bağlıdır”.
N.Miri təəssüflə söylədi ki, Yaxın Şərqdə və digər münaqişə bölgələrində hakimiyyət başında dayanan qüvvələr qeyd edilən dünya güclərinin əlində alətdir. Onlar istəsələr belə qurulan oyundan kənara çıxa bilmirlər. Oyundan kənara çıxmağa cəhd edəni məhv olmaq aqibəti gözləyir. Son 4-5 ildə baş verənləri xatırlasaq, kimlərin məhv edildiyini görəcəyik.
Cia.az
