Xəbər verdiyimiz kimi, Donetsk Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyev bu ilin oktyabrında naməlum şəxslər tərəfindən oğurlanıb. Bu haqda Ukrayna KİV-ində yayılan məlumatlarda bildirilirdi ki, C.Pirverdiyevlə yanaşı digər bir şəxs də oğurlanıb.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyev oktyabrın 13-dən 14-nə keçən gecə Kiyevdə müəmmalı şəkildə naməlum şəxslər tərəfindən oğurlanıb. Bununla bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
M.Pirverdiyevin oğlu oğurlanandan sonra bu fakt ictimaiyyətdən gizli saxlanıb, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilmişdi. Bildirilirdi ki, M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.
İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.
Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda cəza çəkən “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı da iddia olunur.

Digər oğurlanmış şəxsin kimliyi, onun ailəsi haqda isə çox məhdud məlumat var. Həmin məlumatda bildirilirdi ki, oğurlanan bir iş adamının oğludur və Ukraynada təhsil alıb. Tələbə gəncin buraxılmasından ötrü yaxınlarından 1 milyon dollar “xərac” tələb olunur.
“Yeni Müsavat”a daxil olan məlumata görə, oğurlanan Fərid adlı tələbədir. O, Ukrayna Tibb Universitetinin 4-cü kursunda oxuyub. Atası tanınmış diş həkimidir. Belə məlumatlar da var ki, Fəridin atası oğlunu 350 min dollar müqabilində azad etdirə bilib. Fəridin atasının Ukrayna ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən klinikalardan birində çalışması haqda da məlumat var.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun 3 üzvünü yaxalayıb. Şübhəli şəxsləri hazırda Azərbaycanda cəza çəkməkdə olan “qanuni oğru”nun idarə etdiyi bildirilir.
Mövzuya qayıdacağıq.
Cia.az
