Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun bank borcunun ödəyə bilmədiyi üçün üstünə benzin tökərək özünü yandırması xəbəri banklardakı kredit mövzusunu bir daha gündəmə gətirdi. Musavat.com-un Respublika Yanıq Mərkəzində olan reportyoru xəbər verir ki, özünü yandıran Malik Hüseynov hazırda reanimasiyadadır.
M.Hüseynovun həyat yoldaşı və anası isə Respublika Prokurorluğuna gediblər.
İddia olunur ki, M.Hüseynovun banka kredit borcu olub. Bank bu iddianı təkzib etsə də, özünü yandıran şəxsin ailə üzvləri bu barədə sənədlərin olduğunu deyirlər.
Qəzetimizin ötən sayında kreditlərlə bağlı mövzuya toxunmuş və çıxış yolları haqda yazmışdıq. Noyabrın 23-də kredit borcunu ödəyə bilmədiyi üçün özünü yandıraraq intihara cəhd edən şəxs bir daha cəmiyyətdəki sosial gərginliyin son həddə olduğunu göstərdi.
İqtisadçı ekspert Rəşad Həsənov bankların bu gün yaranmış ciddi borc böhranının əsas səbəbkarları olduğunu bildirdi: “Baş verən son hadisələr, xüsusən də devalvasiyadan sonrakı vəziyyət cəmiyyətdəki sosial gərginliyi artırıb. Bunun qarşısını almaq üçün mütləq ciddi addımlar atılmalıdır. Əlbəttə, mən razıyam ki, bank sektoru özəl sektordur. Banklar, sadəcə olaraq, vasitəçidir və bu pulların idarə edilməsindən faiz əldə edir. Amma burada maraqlı məsələlərdən biri ondan ibarətdir ki, banklar bu gün yaranmış ciddi borc böhranının əsas səbəbkarlarıdır. Birincisi ona görə ki, onlar çox yüksək faizlə kreditləri idarə edirdilər. Bu da faktiki olaraq ölkə iqtisadiyyatının və vətəndaşının gücü daxilində deyildi. İkinci səbəb isə odur ki, banklar bu kreditləri bir çox hallarda kredit bumunun fonunda özləri bilə-bilə kreditin geri qaytarılma ehtimalı çox az olan müştərilərə veriblər. Təbii ki, pul verilirsə, burada günahkarlardan biri əgər vətəndaşdırsa ki öz imkanı daxilində olmadığı halda kredit götürür, ikincisi bu pulu verən tərəfdir ki, buna şərait yaradıb. Bu gün isə hər iki tərəfin, yəni kredit verənin və kredit götürənin iradəsindən kənar hadisələr baş verdi. Yəni heç bir Azərbaycan vətəndaşı kredit üçün müraciət edəndə dünya bazarında neftin qiymətinin düşəcəyini, Rusiya-Avropa münasibətlərinin pisləşəcəyini gözləmirdi. Bu gün baş verənlər onların iradəsində deyil və bu məsələlərə ümumi həll variantı tapılmalıdır. Bu gün Azərbaycan vətəndaşlarının iki milyon yarım kredit borcu var. Orta hesabla hər bir ailəyə bir borclu vətəndaş düşür. Nəzərə alsaq ki, bir ailənin bir üzvü hansısa ciddi sıxıntılarla üzləşibsə, bu o deməkdi ki, bu ailə sıxıntılar yaşayır və bu gün bu çox ciddi sosial narahatlıq dalğası yaradır. Ona görə də bu gün banklar da burada müəyyən qədər məsuliyyətli davranmalıdırlar. Əksər hallarda bir çox banklar hədə-qorxu vasitəsilə vətəndaşlardan ödənişləri geri tələb etməyə cəhd göstərirlər. Bu isə tam qanunsuzdur.
Bu ölkədə hüquq sistemi, qanun var və bu proseslər orada həll olunmalıdır. Bu gün bankların başında dayanan istənilən şəxsə mikrofonu uzatsanız, cavabı o olacaq ki, biz iqtidarın siyasi kursunu dəstəkləyirik. Amma bu adamlar əgər siyasi kursu dəstəkləyirlərsə, bu gün onların etdikləri hərəkət əslində ölkədə çox ciddi sosial narazılıq yaradır. Bu baxımdan banklar bir qədər güzəştə getməlidirlər. Amma özəl sektor olduğundan, bankların öhdəlikləri olduğundan bütün yükü də bankların üzərinə qoymaq olmaz. Dövlət tərəfindən bu sahəyə dəstək olmalıdır. Təkliflərdən biri də Rusiyada tətbiq edilən iş yerini itirmiş insanların müvəqqəti olaraq kreditlərinin dondurulması məsələsidir. İkinci məsələ banklar tərəfindən kredit götürənlərə fərdi yanaşma tətbiq edilməlidir. Burada hər bir bankda komissiya yaradılmalı, müştərinin maliyyə vəziyyəti xüsusi formada öyrənilməlidir. Əgər vətəndaşın həqiqətən imkanı yoxdursa, banklar müəyyən qədər güzəştlər edə bilər. Hətta bu cür vətəndaşların kreditləri silinə də bilər. Bu şəxslər işləyib gəlirlərinin böyük bir hissəsini bu banklara veriblər və bankların özlərinin böyüməsinə şərait yaradıblar.
Bu gün onların da iradəsindən kənar hadisə baş verib və banklar bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bəzi müştərilərin faizləri dayandırıla, kreditləri dondurula bilər. Yəni müxtəlif formalarda buna yanaşılmalıdır”.
Ekspert bu sahədə ən böyük addımı hökumətin atmalı olduğunu dedi: “Hökumət xaricdə saxlanılan valyuta ehtiyatlarının müəyyən qismini, təxminən 6-8 milyardını Azərbaycana gətirə bilər və bu banklarda faizsiz şəkildə yerləşdirə bilər. Bu valyutaların xaricdə saxlanılmasının Azərbaycan üçün ciddi bir əhəmiyyəti yoxdur. Çünki Neft Fondunun hesabatlarına baxdıqda görürük ki, milyardlarla vəsait illik 1 faizdən aşağı gəlirlərlə istifadə olunur. Buna görə də iqtisadiyyatın kapital təminatçısı kimi funksiyası tam itirməsin deyə bu pulları gətirib bankda yerləşdirmək olar. Belə bir şərt də qoyula bilər ki, iqtisadi problemin yaşandığı keçid dövründə vətəndaşlar mümkün qədər borc sınağına çəkilməsin.
Yəni onların borcları dayandırılsın, gözlənilsin, bağışlanılsın. Bu kimi addımlar mütləq atılmalıdır. Əks halda, 2016-cı ildə biz 23 noyabrda baş vermiş hadisənin daha pis variantlarını görə bilərik. Bu, kütləvi hal ala bilər. Buna görə də mən düşünürəm ki, həm hökumət, həm cəmiyyət, həm də bank sektoru bu sahədə üzərilərinə çox ciddi məsuliyyət götürməlidirlər. Ölkənin indiki çətin günlərində prosesin daha az itkilərlə idarə olunmasına cəhd göstərməlidirlər”.
Hazırkı vəziyyət Milli Məclis üzvlərinin də diqqətindədir və onları narahat edir. Belə ki, deputat Fəzail Ağamalı açıqlamasında bank sektorunun xalqın qanını sovurduğunu və məhv etdiyini bildirib: “Bu gün Azərbaycan əhalisinin 2,5 milyona qədəri kredit borcu içərisindədir. Onların arasında 100 min manat və daha yuxarı məbləğdə borcu olanlar da var. Azərbaycanın bank sistemi xalqın qanını zəli kimi sormaqdadır. Bunun qarşısı alınmalıdır. 20 faizdən 50 faizə qədər kredit vermək deməzdim ki, təkcə allahsızlıqdır, artıq bundan o tərəfi yoxdur. Hamısına şamil edilməsə də, bankların bir çoxu varlanmaq, daha çox pul qazanmaq üçün həm sahibkarların, həm də yeni iş qurmaq, istehlak krediti götürüb övladının xeyir işini eləmək istəyənlərin, sözün həqiqi mənasında, qanını sormaqdadır”.
Cia.az
