Rusiyanın İŞİD-lə mübarizədə Xəzər dənizinin hava məkanından istifadə etməsi hazırda müzakirə olunan əsas məsələlərdən biridir. Xüsusilə də qonşu ölkənin prezidenti Vladimir Putinin türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı günahkarlar cəzalandırılana qədər bu imkandan istifadə edəcəyini açıq şəkildə bəyan etməsi narahatlığa səbəb olub.
Bəzi ekspertlər hesab edirlər ki, Putinin açıqlaması Xəzərsahili ölkələrə növbəti təzyiq vasitələrindən biridir. Görüşdə Rusiyanın dövlət başçısının bu məsələ ilə əlaqədar Xəzəryanı ölkələr tərəfindən narahatlıq yaranarsa, minimuma endirməklə bağlı fikirləri müəyyən mətləblərdən xəbər verib: “O ki qaldı bizim regiondakı dostlarımızın Xəzər dənizi üzərindəki hava məkanından istifadə edilməsindən narahatçılığına, bizim qazaxıstanlı dostlarımız hələ heç nə deməyib, lakın biz bunu nəzərə alacağıq”,- deyə Putin qeyd edib.
Şimal qonşumuzun Suriyada İŞİD-ə qarşı mübarizədə apardığı siyasət Azərbaycanda da narahatlıqla qarşılanıb. Ekspertlər bildirirlər ki, bununla Rusiya İŞİD təhlükəsini Xəzər sahillərinə gətirmək üçün belə bir siyasətə əl atıb. Azərbaycanın Rusiyaya İŞİD-lə mübarizədə Xəzərdən istifadə etməyə icazə verib-verməməsi müəmmalı olaraq qalır.
Son günlərdə İŞİD təhlükəsinin ölkəmizə yaxınlaşdığı açıq şəkildə sezilməkdədir. Terror qruplaşmasının Gürcüstanı hədələyən videomüraciəti Azərbaycanda narahatlıqla qarşılanıb. Gürcü dilində danışan şəxslər Gürcüstanda yaşayan müsəlmanlara müraciət edərək, onları İŞİD-ə dəstək verməyə çağırır, eyni zamanda Gürcüstanı “Xilafət”in gəlişi ilə hədələyirlər. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti faktla bağlı artıq araşdırmalara başlayıb.
Milli təhlükəsizlik nazirinin sabiq müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Rusiya öz silahlarını sınaqdan keçirmək üçün belə bir siyasətə əl atıb: «Məsələnin ümumi və xüsusi tərəfləri var. Rusiya silahlarını sınaqdan keçirməklə dünyaya sübut etmək istəyir ki, onun da ABŞ kimi müasir texnikaları var, uzaqdan istənilən ölkəni vura bilər, itki də verməz. Digər mesajlardan biri də Xəzərsahili ölkələrədir. Rusiya bildirmək istəyir ki, regionda hakim dövlətdir".
Ekspert İŞİD-in Gürcüstanı hədələməsinin ölkəmiz üçün yaratdığı təhlükələrdən də danışdı: “İŞİD dəfələrlə Azərbaycanı da təhdid edib. Ölkəmizə birbaşa təhdid var. Bir də Türkiyə, Rusiya və Gürcüstan üzərindən. Azərbaycana İŞİD təhdidi ciddidir. İŞİD Rusiyaya qarşı əməliyyatlara başlasa, onlar üçün ən uyğun yer Şimali Qafqazdır. Şimali Qafqaza da keçid Azərbaycan və Gürcüstan üzərindəndir. Bu baxımdan əsas hədəfdə olan ölkəyik. Rusiya ilk dəfə qanadlı raketlərini döyüş şəraitində sınaqdan keçirdi. Putin hazırda çətin vəziyyətdədir. Dünya bazarında neftin qiymətinin düşməsi, Rusiya iqtisadiyyatının çöküşü Putini çətin vəziyyətə salıb. Dünya masasına Rusiya prezidenti qəbul edilməyincə daha da əsəbləşəcək, gözlənilməz addımlar atacaq”.
S.Əkbər Rusiyanın dövlət başçısının türkmənistanlı həmkarı ilə görüşündə verdiyi mesajlardan çıxan nəticələrə də toxundu: “Putin Rusiyası İŞİD-i bəhanə gətirib, Azərbaycan daxil, digər ölkələrə müdaxilə edə bilər. Rusiya hazırda Suriyaya dünyanın gözü qarşısında müdaxilə edirsə, bunu terrora qarşı mübarizə ilə əsaslandırırsa, sərhədlərində də bu siyasəti apara bilər. İŞİD-i bəhanə edib, Azərbaycana da Rusiya müdaxilə edə bilər. Təhdid getdikcə arta bilər. Bu, Azərbaycan üçün gözlənilməz olmamalıdır. Geopolitik qarşıdurmada Rusiya SSRİ-nin çəkildiyi sınağa çəkilir. Bir tərəfdən yeni müharibələrə çəkmək, hərbi xərcləri artırmaq, digər tərəfdən də dünya bazarında neftin qiymətini aşağı salmaqla Rusiyanın gəlirlərini aşağı salmaq siyasəti yürüdülür. Bir neçə gün öncə İran nefti 30 dollara satılmağa başladı. Rusiyanı nələrin gözlədiyi göz önündədir. İranın da dünya bazarına çıxması ilə neftin 10 dollar da ucuzlaşması gözlənilir. Neftin qiymətinin gələn il 20 dollara qədər düşməsi realdır. Bundan sonra Rusiyada hansı vəziyyətin yaranacağı indidən bəllidir”.
Sabiq MTN-çi Azərbaycanın Rusiyanın Xəzər sahilindən əməliyyatlarına icazə verib-verməməsi ilə bağlı bunları dedi: “Hüquqi baxımdan götürsək, Rusiya Xəzərdən, neytral zonadan bu zərbələri endirə bilər. Azərbaycandan icazə almağına da ehtiyac yoxdur. Terrorla mübarizə Rusiyanın bütün hərəkətlərinə legitimlik verir. Bu baxımdan Azərbaycan buna etiraz da edə bilməz. Rusiya bu məsələdə bizimlə hesablaşmaya bilər. Şimal qonşumuz Azərbaycan sularından istifadə etmir. Dövlətimiz Rusiyanın terrorla mübarizədə Xəzərin hava məkanından istifadə etməsinə etiraz edə bilməz. Çünki burada terrora qarşı mübarizədən söhbət gedir. Vaxtilə Azərbaycan Əfqanıstanda terrora qarşı mübarizədə ABŞ-a razılıq verib. Azərbaycan ilk razılıq verən ölkələrdən biri idi. Buna imkan verən Azərbaycan MDB üzvü olan Rusiyaya icazə verməyə bilməz”.
Müsahibimiz Dağıstanda fövqəladə vəziyyətin elan olunmasının Azərbaycana necə təsir edəcəyindən də söz açdı: “Suriyada baş verən proseslərin qonşu ölkələrə necə təsir etdiyi məlumdur. Dağıstan Azərbaycan və türklərin yaşadığı yerdir. Bu baxımdan orada baş verən proseslərin ölkəmizə təsiri qaçılmazdır”.
Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.
Cia.az
