|
“Qoy Raufun məhkəməsi bitsin...”
Son bir ayda MTN ətrafında baş verən proseslər, həbslər “Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun azadlığa buraxılacağı ilə bağlı ümidləri artırıb. Xüsusən də hüquq müdafiəçisi Arif Yunusun həbsdən azad olunmasından sonra gözləntilər maksimuma yüksəlib. 
Bəs bu tabloda fəaliyyətini dayandırmış “Ayna Zerkalo” qəzetini taleyi necə görünür? Qəzet yenidən media sektoruna geri qayıda bilərmi? İşıq ucu görünürmü?
Qəzetin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında bu mövzuya toxundu.
Müsahibimiz adətən ona məsləhət üçün müraciət edənlərə “gəlin problemləri sıra ilə həll edək” məsləhəti verdiyini yada saldı. Dedi ki, indiki halda da məsələlərə mərhələli şəkildə baxmağın tərəfdarıdır: “Hazırda məni ən çox maraqlandıran  Rauf Mirqədirovun məhkəməsinin nə ilə yekunlaşacağıdır. Sonra nə olacaq, o barədə düşünmürəm. Mənim üçün əsas olan Raufun  bəraət qazanmasıdır. Bunu üçün bütün əsaslar da var. Hər halda, ümid etmək istəyirəm ki, hər şey öz yerini tutacaq. Bu insan 1 il 8 aydır təkadamlıq kamerada qalır. Mənən də çətindir. Düşünürəm ki, MTN hadisələri ilə bağlı müəyyən məqamlar öz yerini tutmaq üzrə kimi görünür. Ümid etmək istəyirəm ki, bizim ədalət məhkəməsi ədalətli araşdırmadan sonra düzgün qərar verəcək və Raufu azadlığa buraxacaqlar”.
 
O, R.Mirqədirovun məhkəmə prosesinin qapalı keçirildiyini xatırlatdı. Müsahibimiz ikinci prosesdə şahid qismində ifadə verdiyini vurğuladı: “Bir çoxları soruşdu ki, sonla bağlı nə düşünürsən? Sadəcə olaraq, ümumi mənzərəni görə bilmirəm. Ancaq özüm məhkəmə zalında cavab verdiyim hissəsini görmüşəm. Gəldiyim qənaət isə budur ki, adətən belə proseslərdə müdafiəyə qarşı ittiham və sədarət tərəfindən hansısa gərginlik olur. Burda, sözün doğrusu, bir elə gərginlik hiss etmədim. Deyə bilmərəm ki, hamı bir-birinə ”can" deyib, “can” eşidirdi. Amma düşmən atmosfer hiss etmədim. Hər kəs öz işini görürdü. Tərəflər suallarını verdi. Cavab verdim. Ona görə də məhkəmənin ədalətli qərarına ümidlərim var". 
E.Şıxlı bir daha vurğuladı ki, indi əsas gözləntisi R.Mirqədirovun məhkəməsidir: “Onun nəticəsinə uyğun olaraq ondan sonrakı mərhələlərlə bağlı ya düşünəcəm, ya da deyəcəm ki, düşünməyin mənası yoxdur”. 
Cia.az