Avropa Şurasının Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçirilən iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib. Bu barədə modern.az-a Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
E.Süleymanovun dediyinə görə, qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.
AŞ PA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir.
Bəs Sərsəng su anbarının Azərbaycan üçün əhəmiyyəti nədir? Sərsəngin erməni işğalında olmasının təhlükə ilə yanaşı vurduğu zərərlər nədən ibarətdir?
1976-cı ildə Tərtər çayı üzərində, keçmiş Ağdərə rayonunun hazırda Tərtər rayonunun inzibati ərazi vahidi olan hissəsində 726 metr hündürlükdə inşa edilən Sərsəng su anbarı 12 kilometr uzunluğu olan çayın üzərində tikilib. Onun ümumi sututumu 565 mln kvadratmetr, bəndin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Su anbarına və onun qurğularına 20 ildən artıqdır ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətindəndir. Sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edir. Su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 kvadratmetr/san olmaqla SES-dən cəmi 60 kvadratmetr su buraxıla bilər. Bundan əlavə, suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılıb. Bu siyirtmələr vasitəsilə hər biri 5 kvadratmetr/san olmaqla Tərtər çayına cəmi 30 kvadratmetr/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 kvadratmetr/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulub. Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı təhlükə altındadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən mütəmadi olaraq çaylarda monitorinqlər keçirilir. Monitorinqlərin nəticəsinə uyğun olaraq çox vaxt Ermənistandan təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini keçir.
Sərsəng su anbarına axıdılan suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur.
ETSN tərəfindən işğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf mühiti Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiya icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər də edilib.
Ermənilər Sərsəng su anbarının suyunu yayda deyil, qışda buraxırlar. Halbuki çox yağışlı havalarda, qışda aşağıda yerləşən fermaları, qaçqın evlərini yuyub aparır.
Nazirlikdən onu da bildirdilər ki, ermənilərin su anbarını qonşu ölkə kimi bir yerdə idarə edək deməyə haqqı yoxdur. Çünki Qarabağ ölkə deyil, Azərbaycanın tərkib hissəsidir.

Sərsəng su anbarındakı mövcud problemlə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da narahatlığını ifadə etdi və bildirdi ki, Elxan Süleymanovun hazırladığı qətnamə layihəsinin Avropa Şurasının Sosial Məsələlər Komitəsində qəbul edilməsi Azərbaycanın uğurudur: “Sərsəng su anbarı məsələsinin üzərinə bundan sonra ciddi gedilməlidir. Həmin ərazilərdə hərbi xidmətdə olduğuma görə onun təhlükəsini daha çox bilirəm. Suyu bir qədər çox buraxanda daşqınların yaranmasına səbəb olur. Belə olan halda bölgənin təsərrüfatına böyük zərbə vurur. Bu, əhalinin yaşayışı üçün təhlükədir. Bu təhlükə başqa təhlükələrə bənzəməz, su axını böyük fəlakətlər yaşada bilər. Ona görə də bu məsələ üzərində qaldırılan həyəcan siqnalı hamını düşündürməlidir. Çünki insanlar yeni bir faciə qarşısında qala bilər.
Fəlakət baş verərsə, təbii ki, bu, ermənilərin özlərinə də zərər vuracaq, çünki həmin ərazilərin bir hissəsində ermənilər yaşayır. Bütün hallarda istər dinc erməni əhalisi, istərsə də Azərbaycan əhalisi fəlakətlə üzləşəcək. Humanitar fəlakətə gətirib çıxaran məsələyə dünya ictimaiyyəti kəskin reaksiya verməli və həssaslıq göstərməlidir ki, bunun təhlükəsi önlənsin. Buna görə də Ermənistana diplomatik və siyasi təsirlər artırılmalıdır. Bunlar da beynəlxalq müstəvidə tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Ermənilər anbarı partladacaqları barədə hərdən dediklərini reallaşdıra bilərlər. Bu istiqamətdə daha çox millət vəkili Elxan Süleymanov məsələ qaldırır. Biz də onu dəstəkləyirik. Hər kəs dəstək verməli və aktual mövzunun gündəmdə saxlanması üçün çalışmalıdır ki, təhlükənin qarşısını almaq mümkün olsun".
Cia.az
