Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Türkiyədə keçirilən G-20 sammiti zamanı ABŞ prezidenti Barak Obama ilə görüşdüyünü və müzakirə apardığını açıqlayıb. Bu barədə dövlət televiziyası və rəsmi dövlət agentliyi məlumat yayıb.
Dövləti başçısı İlham Əliyev deyib ki, G-20-nin Antalya toplantısında ABŞ prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib. İki ölkə arasında müxtəlif sahələrdə uzun illərdir ki, uğurlu əməkdaşlığın olduğunu deyən prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edək ki, noyabrın 23-dək prezident İlham Əliyevin G-20 sammitində Barak Obama ilə fikir mübadiləsi apardığı barədə heç bir rəsmi informasiya və açıqlama olmayıb. Həm Türkiyə telekanallarında, həm də Azərbaycan televiziyalarında İlham Əliyevin önündən keçən Barak Obamanın Azərbaycan dövlətinin başçısı ilə sadəcə əl tutub bir neçə saniyəlik salamlaşdığı görüntüsü yayılmışdı. Noyabrın 23-də prezidentin ABŞ-dan gələn nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi fikirlərdən isə belə məlum olur ki, İlham Əliyevlə Barak Obama arasında fikir mübadiləsi ilə keçən görüş olub.
Siyasi ekspertlər hesab edir ki, həm bu nüans, həm də son bir ayda ABŞ-dan Azərbaycana böyük nümayəndə heyətlərindən ibarət rəsmi səfərlər, iş adamlarından ibarət qrupun gəlməsi, Vaşinqtondan gələn qonaqların ən yüksək səviyyədə qəbul edilməsi bir neçə ildir müşahidə olunan soyuq münasibətlərin arxada qalması, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan iqtidarının Qərbə üz tutması ölkənin maraqlarına uyğundur: “Mən əvvəllər də demişəm ki, Azərbaycan hakimiyyətinin Rusiyanın yanında dayanması Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından məqbul deyil və bunu iqtidar çox gözəl bilir. Münasibətlərdə müəyyən mərhələlərdə enmələr olsa da, Rusiyanın müxtəlif təzyiqləri qarşısında hakimiyyət bəzən manevr etməyə çalışsa da güman etmirəm ki, Qərb kursundan geri duracaq. Çünki Qərb kursundan geri durmağın Azərbaycan xalqına, dövlətçiliyinə, o cümlədən hakimiyyətə nə qədər baha başa gələcəyini hər birimiz kifayət qədər hesablaya bilirik. Azərbaycan iqtisadiyyatının bu gün 90 faizi Qərbdən asılıdır. Cəmi 6 faiz iqtisadiyyatımızda Rusiyanın payı var ki, bu da 90 faizin qarşısında çox kiçik rəqəmdir. Ona görə də hesab edirəm ki, bu məsələdə Azərbaycan hakimiyyəti zaman-zaman hansı bəyanatlar verbsə, yaxud da müzakirələr edibsə belə, strateji müttəfiqlik anlayışında Qərbdən vaz keçməyəcək və Qərb siyasəti davam edəcək”.
İ.Ağazadə onu da dedi ki, ABŞ-la münasibətlərdə son vaxtlar müşahidə olunan istiləşmənin daxildəki proseslərə, siyasi məhbusların azad olunmasına təsir edəcəyi mütləqdir: “Mütləq mənada təsiri olacaq. Bunun təsirsiz ötüşməsi mümkün deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, Rusiyanın təzyiqlərindən yayınmaq üçün müəyyən mərhələlərdə ABŞ-la münasibətlərdə gərginliklərə gedilir. Son vaxtlar isə münasibətlərdə istiləşmə mərhələsinin başlanması müşahidə edilir: “Müstəqillik qazandıqdan bəri ABŞ Azərbaycanla üç istiqamətdə əməkdaşlıq edir. Enerji sahəsində, Təhlükəsizlik sahəsində, İnsan haqları, demokratiya sahəsində əməkdaşlıq. Üçüncü istiqamətdə son illərdə münasibətlərdə gərginlik yaşanır. Azərbaycan hakimiyyəti Amerikanın Azərbaycandakı demək olar ki, bütün fond və mərkəzlərini qapatdı. Bu da münasibətlərdə gərginlik yaratdı. Gərginliyi bir az da artıran ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın AzadlıqRadiosuna verdiyi müsahibədə “Ukraynadakı Maydan hadisələri Azərbaycanda təkrarlana bilər” fikri oldu. Azərbaycan hakimiyyəti ABŞ-ın demokratiya və insan haqları məsələsində ölkəmizin daxili işlərinə qarışmasını istəməsə də digər iki istiqamətdə əməkdaşlıq əvvəlki tempdə davam edib. Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq dayanmayıb. TAP və TANAP-ın reallaşmasında Azərbaycan ən böyük dəstəyi Amerikadan görüb. Amerikanın Avropa ölkələrindəki səfirləri o ölkələrin hakimiyyətləri ilə danışıqlar aparırlar ki, həmin ölkələr Rusiyadan çox Azərbaycan qazına üstünlük versin. Bu, enerji əməkdaşlığının ölçüsünü göstərir. Əsas da dövlət başçısı İlham Əliyevin Antalyada keçirilən G-20 sammitindəki çıxışına diqqət edək. İlham Əliyev Barak Obamaya minnətdarlıq etdi və dedi ki, əgər 1990-cı illərin ortalarında ABŞ-ın Azərbaycana dəstəyi olmasaydı Azərbaycan böyük layihələri reallaşdıra bilməzdi. Söhbət 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən və Bakı-Tibilisi-Ceyhan layihəsindən gedir ki, Amerikada bu layihələrdə bizə çox böyük siyasi dəstək verdi. Azərbaycana Rusiyadan böyük təzyiqlər var idi. Bu təzyiqləri məhz ABŞ neytrallaşdırdı. İlham Əliyev bunu mötəbər tribunadan bir daha xatırlatmaqla Amerikaya təşəkkürünü bildirdi. Bu, yeni mərhələnin başlanmasının rəsmi təsdiqi idi.
Diqqət etdinizsə, bunun ardınca da qısa müddətdə ABŞ-dan Azərbaycana iki ciddi nümayəndə heyəti gəlib".
Ekspert vurğuladı ki, Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Azərbaycan bölgənin lider ölkəsidir və antiterror koalisiyasında illərdir iştirak edir. Mümkündür ki, yaxın vaxtlarda Amerika anti-İŞİD koalisiyasının da yaradılmasına başlasın və bu koalisiyada ABŞ-a daha çox müsəlman ölkəsinin də yer alması vacibdir:“Düşünürəm ki, Bakı ilə Vaşinqton arasında bu istiqamətdə də danışıqlar gedəcək. Vaşinqton istəyəcək ki, Azərbaycan anti-İŞİD koalisiyasında yer alsın. ABŞ enereji-iqtisadiyyat, təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlıqdan, Azərbaycan da ABŞ-la əməkdaşlıqdan vaz keçmir. Ard-arda nümayəndə heyətlərinin səfərləri də bunu təsdiq edir. Vaşinqton Azərbaycanın dəyərini anlayaraq onunla əməkdaşlıqda maraqlıdır”. E.Şahinoğlu onu da dedi ki, ABŞ Azərbaycanın Rusiyanın nəzarəti altına düşməməsinə çalışır. Demokratiya və insan haqları məsələsində münasibətlər soyuq olsa da digər istiqamətlərdə münasibətləri sıxlaşdırmaqla Azərbaycanı Rusiyaya bağlanmaqdan mümkün qədər uzaqlaşdırmaq istəyirlər. Nə ABŞ, nə də Avropa Birliyi Azərbaycanın Rusiyanın caynağına keçməsində maraqlı deyil.
Cia.az
