Milli Məclisin sədri və müavinləri dəyişmədi; parlament komitələrinin sayı isə artırıldı; 3 rektor-deputat komitə sədri seçildi; Prezident İlham Əliyev: “Bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb”
Fazil Mustafa: “YAP çoxluğu təşkil edir və istədiyi adamı seçə bilir”;Tahir Kərimli: “Həm partiyam, həm də mənim özüm üçün yeni bir dönəm başladı”
Noyabrın 24-də Konstitusiya Məhkəməsi 1 noyabr parlament seçkilərinin nəticələrini təsdiqlədikdən dərhal sonra beşinci çağırış Milli Məclisin ilk iclası keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb.
O deyib ki, MM-in daxili nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya isə Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.
İclasa sədrlik edən deputat Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib. Daha sonra dövlət himni səslənib.
Ardınca prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.
“V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm. Noyabrın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib”. APA-nın məlumatına görə, bunu İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: “Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib”.
Prezident deyib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, dünyada etibarlı tərəfdaş kimi tanınır: “Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir, bu da vətəndaşların həyatına təsir edir. Yoxsulluq və işsizliyə qarşı mübarizə sahəsində Azərbaycan ciddi nailiyyətlər qazanıb. Bütün bu uğurların təməlində sabitlik dayanır”.
Ölkə başçısı çıxışında Qarabağ məsələsinə xüsusi yer ayırıb. “Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir”- deyə, İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: “Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.
İlham Əliyev deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələlik səmərə vermir: “Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir. Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.
Qeyd edək ki, ilk iclas məhdud sayda media mənsublarının iştirakı ilə keçirildiyindən prosesi birbaşa izləyə bilmədik. “AzərTAc”ın məlumatına görə, iclasda daha sonra parlamentin rəhbərliyi seçilib. Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq, hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentin sədri vəzifəsinə yenidən deputat Oqtay Əsədovun namizədliyini irəli sürüb. Qabaqcadan spiker postuna başqa bir deputatın gətiriləcəyi və ümumiyyətlə, sədarətin yenilənəcəyi barədə proqnozlar özünü doğrultmayıb. YAP isə yalnız iclasdan təqribən bir saat öncə öz namizədinin O.Əsədov olduğunu açıqlamışdı. Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə hakim Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.
Modern.az saytı xəbər verir ki, iclasda diqqət çəkən məqamlardan biri də deputatlardan kimin kiminlə yanaşı əyləşməsi olub. Milli Məclisin köhnə deputatlarından bəziləri bu dəfə mandat qazana bilmədiyindən bir sıra millət vəkilləri “parta yoldaşı”nı dəyişməyə məcbur olub. Məsələn, əvvəlki çağırış boyu deputatlar Fazil Mustafa və İlyas İsmayılov yanaşı əyləşirdilər. Amma İlyas İsmayılov beşinci çağırış Milli Məclisə deputat seçilə bilmədiyindən Fazil Mustafa ilk iclasda YAP-çı İmamverdi İsmayılovla yanaşı əyləşib.
Dördüncü çağırışda deputat Aslan Cəfərovla yanaşı əyləşən Fuad Muradov da “parta yoldaşı”nı dəyişməyə məcbur olan millət vəkillərindəndir. Belə ki, YAP-çı Aslan Cəfərov beşinci çağırış Milli Məclisə düşə bilmədiyindən, ilk iclasda Fuad Muradov deputat Adil Əliyevlə yanaşı əyləşib.
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib. Sonra Milli Məclisin sədri vəzifəsinə gizli səsvermə keçirilib və gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib. 2005-cı il dekabrın 2-dən bəri parlamentin sədri vəzifəsini tutan O.Əsədov yenidən bu posta seçilməsindən dolayı ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Daha sonra qeyd olunub ki, Milli Məclisin daxili nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış MM-in ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir. Ardınca F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

Bunun ardınca Milli Məclis sədrinin müavinləri, eləcə də komitələrin sədrləri seçilib. Keçən çağırışda olduğu kimi, deputatlar Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçiliblər. Z.Əsgərov, B.Muradova parlamentdə deputatları çoxluq təşkil edən YAP-ı təmsil edir, V.Ələsgərov isə bitərəfdir.
Milli Məclis 4 yeni komitənin yaradılması ilə bağlı qanun layihəsini qəbul edib. Beləliklə, parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılıb. Həmçinin köhnə komitələrin bəzilərinin adları yenilənib. Bundan sonra Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq. Ümumilikdə isə V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Səsvermə nəticəsində deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov Aqrar siyasət komitəsinin, Hadi Rəcəbli Əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə Regional məsələlər komitəsinin, İsa Həbibbəyli Elm və təhsil komitəsinin, Rafael Hüseynov Mədəniyyət komitəsinin, Bahar Muradova İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan Səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı yeni yaradılan Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov yeni yaradılan Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər. Bununla da beşinci çağırış Milli Məclisin ilk iş günü başa çatıb.

Modern.az saytı xəbər verir ki, Milli Məclisə yenidən deputat seçilmiş dörd nəfər rektorluqla vidalaşmalı olacaq. Bunlar Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdur. Onlar deputat mandatı aldıqdan sonra rektorluqdan istefa verəcəklər. Qeyd edək ki, bu ilin sentyabr ayında verilən qərara əsasən, YAP-dan namizədliyi irəli sürülmüş rektorlar deputat seçiləcəkləri təqdirdə, vəzifədən getməlidirlər. Bu qərara uyğun olaraq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deputatlıqdan imtina edərək, rektor qalmağa üstünlük veriblər. Rektorluqdan istefa verməsi gözlənilən 4 şəxsdən 3-nün Milli Məclisdə ayrı-ayrı komitələrə rəhbər seçilməsi isə maraqla qarşılanıb. Hesab olunur ki, rektor deputatların könlünü almaq üçün onlar komitə sədrliyinə gətirilib. Yalnız Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev komitə sədri seçilməyib. Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərovun R.Hüseynli ilə əvəzlənməsi isə suallar doğurub. Lakin N.Cəfərov telefonu açmadığından sualımız cavabsız qaldı.
İlk iclasla bağlı bəzi deputatların mövqeyini soruşduq.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, prezidentin çıxışında Azərbaycanın prioritet istiqamətləri diqqətə gətirildi: “Qarabağ məsələsi, Milli Məclisin fəaliyyət istiqamətləri və iqtisadi çətinliklər, böhranlı ərəfədə Azərbaycanın daha mobil siyasət izləməsinin vacibliyi vurğulandı. Əsas bunlar idi. Həmçinin çıxışda ATƏT-in Minsk Qrupunun fəaliyyətinə, dünya birliyinin ikili standartlarına toxunuldu və ənənəvi mövqe təkrar olundu”.
Milli Məclis rəhbərliyinin seçilməsinə gəldikdə, F.Mustafa heç bir ciddi dəyişikliyin olmadığını, sədarətin köhnə qaydada seçildiyini vurğuladı: “Komitələrdə dəyişiklik oldu, 4 yeni komitə yaradıldı və yeni sədrlər seçildi. Bu mənada parlamentdə bir yeniləşmə oldu. Lakin müxalifətin hansısa təmsilçiliyi nəzərdə tutulmadı”.
Deputat bildirdi ki, iclasda şəxsən hansısa bir təşəbbüslə çıxış etməyib: “Təşəbbüsün mənası qalmır. YAP çoxluğu təşkil edir və istədiyi adamı seçə bilir. Bu təklifin YAP tərəfindən dəstəklənməsi lazım idi. Ona görə də hansısa təkliflə çıxış etməyin də mənası yoxdur”.

MM-ə ilk seçilən deputatlardan biri, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Yeni Müsavat”a bildirdi ki, təəssüratları müsbət, həm də qeyri-adidir: “Mən uzun illərdən sonra parlamentə qayıtmışam. 1990-95-ci illərdə parlament üzvü olmuşam, o vaxt da Ali Sovetin deputatı kimi seçilmişdim. İndi Milli Məclisin deputatı kimi fəaliyyət göstərmək başqa hissdir. Mən həmişə məmur vəzifəsində çalışmaqdansa, deputat olmağı arzulamışam. İlk iclas günü həm aparat işçiləri, həm də deputatlar arasında olan köhnə tanışları gördüm, səmimi bir ortam var idi. Cənab prezidentin çıxışından da məmnun oldum. Qarabağdan tutmuş, digər məsələlərə qədər çox məsələlərdən bəhs olundu.
Həmçinin parlament rəhbərliyi seçildi. Ümumilikdə ilk günün təəssüratları müsbətdir”.
Vəhdət sədri qarşıdakı dönəmin məsuliyyətini yaxşı başa düşdüyünü vurğuladı: “Qanunvercvilik fəaliyyətinə başlayırıq. Həm partiyam, həm də mənim özümçün yeni bir dönəm başladı, Allaha pənah, görək nə olur”.
Cia.az
