Noyabrın 10-dan 11-nə keçən gecə Şəmkir rayonunun Dəllər qəsəbəsində Ramin Hüseynova məxsus avtomobillərin ehtiyat hissələri satılan mağazadə oğurluq hadisəsi baş verib. Naməlum şəxslər mağazanın dam örtüyündən içəri daxil olaraq ümumi dəyəri 3 min manat olan avadanlıqları oğurlayıblar.
Tahir Hüseynov - zərərçəkənin atası: “Əsasən motor yağlarını, açar bloklarını- motora aid hissələrdir və digər əşyaları götürüblər. Demək olar ki, əllərinə keçəni götürüblər”.
Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi qısa müddət ərzində oğurluğun üstünü aça bilib. Müəyyən edilib ki, Ramin Hüseynova məxsus mağzaya daxil olan şəxslər Gürcüstan vətəndaşı 33 yaşlı Rəşad Əliyev və 21 yaşlı Əli Yusifovdur.
Aysel Həsənova - müstəntiq: “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində həmin oğuluq hadisəsini törədən Gürcüstan Respublikasının vətəndaşı olan 1982-ci il təvəllüdlü Əliyev Rəşad Nizami oğlu və 1994-cü il təvəllüdlü Yusifov Əli Vaqif oğlu müəyyən edilərək maddi sübutlarla birlikdə istintaq bölməsinə təqdim olunub”.
Rəşad Əliyev ilkin ifadəsi zamanı Gürcüstandan Şəmkirə işləmək məqsədi ilə gəldiyini və sonradan sərfəli gəlir yolu kimi oğurluğu seçdiyini deyib. “Qəhrəman” oğurluq zamanı qarşılaşdıqları problemlərdən də danışıb. Onun cinayət ortağı Əli Yusifov isə oğurluqdan sonra səhvini başa düşdüyünü və payına düşən ehtiyat hissələrini yol kənarına atdığını deyib.
Rəşad Əliyev - saxlanılan şəxs: “Öz aramızda razılaşdıq və evdən qapını açmaq üçün alət götürüb getdik. Kilidi qıra bilmədik, damdan girdik içəriyə".
Əli Yusifov - saxlanılan şəxs: “Dəqiq saya bilmədik nə qədər əşya götürmüşük. Demək olar ki, hər cür ehtiyyat hissələri var idi. Mən öz payıma düşəni gecə ilə öz mışınımıza qoyub, Qanlı Qobu deyilən əraziyə aparıb tökdüm”.
Hər iki şəxs barəsində Şəmikir rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq aparılır.
Cia.az
