“Müsavat partiyasının nizamnaməsi öz üzvlərinin hər hansı bir hərəkatda təmsil olunmasına qadağa qoymur”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Vurğun Əyyub Nüşabə Sadıqlının “Düşünürəm ki, Müsavatdan kənar bir hərəkatın yaradılması tapşırıqdır” fikrinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Müsavat partiyasının nizamnaməsi buna qadağa qoymur: “Onu dəvət edirəm ki, hər hansı bir məsələyə münasibət bildirəndə məsuliyyətini yada salsın, sözlərini ehtiyatla seçsin. Və bundan başqa rəhbərliyində olduğu partiyanın nizamnaməsini yaxşı öyrənsin. Müsavat partiyasının nizamnaməsi öz üzvlərinin hər hansı bir hərəkatda təmsil olunmasına qadağa qoymur. Əgər belə olsaydı, partiyanın rəhbərliyində olan o vaxtkı və indiki şəxslər müxtəlif hərəkatlarda təmsil olunmazdılar. Hətta, bəziləri həmin hərəkatların rəhbərliyində olublar. Mən hər hansı bir hərəkat yaradıramsa, yaxud da orada təmsil olunuramsa, bunun üçün Nüşabə Sadıxlıdan icazə almalıyam?”.
Qeyd edək ki, APA-ya açıqlamasında Müsavat partiyası başqanının müavini Nüşabə Sadıqlı bildirib ki, “Azərbaycan Demokratiya və Rifah” hərəkatının yaradılması ancaq tapşırıq ola bilər.
N. Sadıqlı deyib ki, Müsavat partiyasının nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur.
