2015-ci ilin başa çatmasına bir şey qalmadı. Hazırda Dağlıq Qarabağ məsələsində əsas müzakirə olunan mövzu Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonunadək bir araya gəlib-gəlməyəcəyi ətrafındadır. Vəziyyətin özəlliyi ondadır ki, İlham Əliyev və Serj Sərkisyan 2015-ci ildə bir dəfə də görüşməyiblər. Bu, danışıqlar prosesində ən uzun fasilə sayılır.
Xatırladaq ki, prezidentlər - İlham Əliyev və Serj Sərkisyanın sonuncu görüşü ötən il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə, Yelisey sarayında olub. Minsk Qrupu həmsədrlərinin də iştirak elədiyi həmin görüşün yekununa dair hansısa birgə yazılı və ya şifahi bəyannamə qəbul olunmasa da, qərara alınmışdı ki, prezidentlər növbəti dəfə sentyabrda - BMT Baş Məclisinin 70-ci yubiley sessiyası çərçivəsində Nyu-Yorkda bir araya gəlsinlər. Lakin Azərbaycanın dövlət başçısı Nyu-Yorka getmədi.
Bundan sonra təmas xəttində gərginliyin daha da artdığını görən vasitəçilər görüşün baş tutması yönündə səylərini artırdılar. Onlar ötən ay bölgəyə etdikləri səfər zamanı nəhayət, tərəflərin buna razılığını ala bildilər. Ancaq prezidentlərin növbəti görüşünün harada, hansı şəhərdə keçiriləcəyi hələlik naməlum qalır.
***
Erməni mənbələrinin yazdığına görə, görüş dekabrın əvvəllərində reallaşa bilər. Bununla belə nə Bakı, nə də İrəvan tarix və məkan haqda rəsmi məlumat yaymayıb. Bəzi müşahidəçilərə görə, görüş dekabrın 1-də, yenidən Paris şəhərində reallaşa bilər. Məsələ ondadır ki, həmin tarixdə Fransa paytaxtında BMT-nin iqlim dəyişikləri ilə mübarizəyə həsr olunmuş konfransı keçiriləcək. Prezident İlham Əliyevin həmin toplantıya gedəcəyi artıq elan edilib.
Konfransda ABŞ prezidenti Barak Obama və mümkündür ki, Rusiya prezidenti Vladimir Putin də iştirak etsin. Ehtimal böyükdür ki, Ermənistana prezidenti də Parisdə olacaq. Yəni faktiki surətdə iki münaqişə tərəfi - Azərbaycan və Ermənistan və üç həmsədr dövlətin başçıları eyni vaxtda Parisdə olacaqlar. Analitiklər nadir hallarda rast gəlinən belə tərkibin Qarabağ məsələsində hansısa birgə bəyanatın verilmə ehtimalını gücləndirdiyini qənaətindədirlər.
Onu da nəzərə alanda ki, BMT konfransı Parisdəki terror hücumlarından sonraya təsadüf edəcək və həll edilməmiş münaqişələr də potensial müharibə, terror mənbəyidir, o zaman Dağlıq Qarabağa dair də müəyyən diplomatik həmləni - 2015-ci il üçün sonuncu diplomatik təşəbbüsü gözləməyə dəyər. Məsələn, konflikt zonasında, təmas xəttində artan gərginliklə bağlı vasitəçi dövlətlərin ortaq narahatlığını əks etdirən bir bəyanatın qəbulu mümkün görünür.
Bu versiyanı gücləndirən amillərdən biri də Rusiya prezidenti Vladimir Putinin Qərblə təmaslarda son vaxtlar israrla uzlaşma nöqtələri axtarması ilə bağlıdır. Qarabağ məsələsi, münaqişə zonasında eskalasiyanı azaltmaq zərurətindən doğan ortaq maraqlar “üçlüyü” belə bir ümumi mövqeyə kökləyə bilər. Ayrı sözlə, məhz Qarabağ mövzusu ABŞ, Rusiya və Fransa üçün azsaylı uzlaşma nöqtələrindən ola bilər.
***
Prezidentlərin görüş ehtimalını gücləndirən nüanslardan biri də İlham Əliyevin qısa fasilədən - cəmi 10 gün sonra təzədən Fransaya səfərə hazırlaşmasıdır. Xatırladaq ki, ölkə başçısı Antalyadakı G20 sammitindən dərhal sonra Parisə, YUNESKO-nun tədbirinə yollanmışdı. Bu məqam BMT tədbirinə verilən önəmlə yanaşı, başqa maraqlardan da qaynaqlana bilərdi və onların arasında Dağlıq Qarabağ problematikasının olması istisna deyil.
Hər halda, ölkə başçısı Antalya sammitində də, onun ardınca Parisdəki UNESKO toplantısında da Azərbaycanın əsas problemini dünyanın diqqətinə gətirməyə çalışıb. BMT konfransı bu xüsusda üçüncü mühüm tribuna ola bilər.
***
O ki qaldı görüşdən gözləntilərinə, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu xüsusda Bakının mövqeyini kifayət qədər aydın ortaya qoyub. Məmmədov mediaya son açıqlamasında bildirib ki, Azərbaycan görüş xətrinə görüşün yox, real irəliləyiş naminə görüşün tərəfdarıdır. Onun sözlərinə görə, bu kimi təmaslar, bütövlükdə danışıqlar prosesi ən əvvəl işğal probleminə son qoyulmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəlməlidir, əks halda Azərbaycan məqbul bildiyi istənilən yolla özünün ərazi bütövlüyünü təmin edəcək. “Ermənilər bu həqiqəti nə qədər tez dərk eləsələr, bir o qədər özləri üçün yaxşı olar. Əks təqdirdə onları qaranlıq gələcək gözləyir” - əlavə edib PA rəsmisi.
Bu arada Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son vaxtlar müzakirə edilən “5 rayon məsələsi”nə münasibət bildirib. APA-ya açıqlamasında o deyib: “Mən daha əvvəl, Kornegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hərtərəfli həllin bir hissəsi kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycanın nəzarətinə qaytarılmalıdır”.
Belə bir fikri o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib. Uorlik ardınca qeyd edib ki, həllin digər vacib elementi Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olacaq. “Bu elementləri özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq prezidentlər üçün çox vacibdir”, - deyə amerikalı diplomat vurğulayıb.
Yada salaq ki, noyabrın əvvəlində Sergey Lavrovun Ermənistan səfərindən sonra erməni KİV-ləri Dağlıq Qarabağ ətrafında yeddi rayonun qaytarılacağı barədə məlumat yaymışdılar. Mətbuat qeyd edirdi ki, Lavrovun bu səfərində əsas məqsəd rayonların qaytarılmasın üçün Ermənistan hakimiyyətinə təzyiq eləmək olub.
Bu kimi iddiaların nə dərəcədə ciddi olduğu, yəqin ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü və onun nəticəsindən görünəcək.
Cia.az
