|
Bakı Vaşinqtonla münasibətlərinə yenidən baxır
Ötən həftə ABŞ Ticarət Departamenti rəsmilərinin də daxil olduğu böyük bir nümayəndə heyəti Azərbaycanda oldu. Son 7 ildə ilk dəfə ölkəmizə belə böyük tərkibdə amerikalı iş adamlarından ibarət nümayəndə heyətinin gəlişi Bakı-Vaşinqton münasibətlərindəki soyuqluğun aradan qalxmaqda olduğu təəssüratını yaratdı.
Lakin aydındır ki, siyasi münasibətləri normal axara salmadan iqtisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq mümkün deyil. Bakı ilə Vaşinqton arasında isə bu sahədə həllini gözləyən, həm də təcili həllini gözləyən problemlər qalır. Onlardan ən önəmlisi Azərbaycanda təməl insan haqlarının vəziyyəti və siyasi dustaqlarla bağlıdır. 
 
Görüntülərə görə, Qərb, ələlxüsus da ABŞ çoxdandır ki, bu yöndə Bakıdan real addım gözləyir. Siyasi məhbus Arif Yunusun az öncə ev dustaqlığına buraxılması bu mənada mühüm addım olsa da, yəqin ki, yetərli deyil. Amerika və Azərbaycan prezidentlərinin də qatıldığı G20 sammitinin yaratdığı, istifadə edilməyən Antalya fürsəti bunun təsdiqi sayıla bilər.
 
***
Maraqlıdır ki, sammitdən dərhal sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya işlərin üzrə müavininin köməkçisi Bricit Brink Güney Qafqaza səfərə gəlib və səfərini də Ermənistandan başlayıb. Bundan sonra Gürcüstanda olan Brink “Rustavi 2" telekanalının qapadılması ilə əlaqədar Amerikanın nigarançılığını Tiflis hökumətinin diqqətinə çatdırıb, plüralist cəmiyyətin mövcudluğu üçün medianın ömənimi qabardıb. 

“Rustavi 2" ilə bağlı qeyd edim ki, mən dəfələrlə demişəm və bu mövqe sizə bəllidir: biz Gürcüstanın demokratik inkişafını qəti şəkildə dəstəkləyir və hesab edirik ki, Gürcüstanda növbəti seçkilərin azad və ədalətli mühitdə keçirilməsi onun mühüm elementi olan azad KİV-lərsiz mümkün deyil” - deyib amerikalı diplomat.     
ABŞ-ın yüksək çinli rəsmisinin Ermənistandan və Gürcüstandan sonra Azərbaycana da gələcəyi haqda hələlik rəsmi informasiya yoxdur. Xanım diplomat İrəvan və Tiflis turnesindən sonra öz ölkəsinə qayıdarsa, bu, o demək olacaq ki, Vaşinqton hər halda, siyasi sahədə Bakı ilə münasibətlərin tezliklə istiləşəcəyinə ümid bəsləmir. Yaxud bu, o anlama gələcək ki, dövlət katibi müavininin köməkçisi Bakıda verəcəyi açıqlamalarla Azərbaycan hakimiyyətində izafi qıcıq yaratmaq, yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt sualları ilə üzləşmək istəmir.      
*** 
Bu sahədə isə sahman yaratmaq vaxtı, həqiqətən, çatıb. Deyəsən, rəsmi Bakı da artıq bunun fərqindədir. Bəzi yeni detallar belə qənaət üçün kövrək inamı gücləndirir. Məsələn, artıq bəllidir ki, Antalya sammitindən dərhal sonra Parisə, YUNESKO-nun toplantısına gedən prezident İlham Əliyev ayın sonunda təzədən Fransaya yollanacaq - bu dəfə Fransa paytaxtında dekabrın 1-də keçiriləcək BMT-nin iqlim dəyişikləri ilə mübarizəyə həsr olunmuş konfransına qatılmaq üçün. BMT konfransda isə ABŞ prezidenti Barak Obamanın da iştirakı gözlənilir. 
 
Yada salaq ki, Əliyev sentyabrda BMT Baş Məclisinin 70-ci yubiley sessiyasına qatılmaq üçün Nyu-Yorka getməyib, hansı sessiya çərçivəsində ki, hətta Ermənistan prezidenti Serj Sərkisyan da Barak Obama və xanımı Mişel Obama ilə görüşüb şəkil çəkdirmək fürsətini qaçırmamışdı.. 
Ölkə başçısı İlham Əliyevin cəmi 10 gün sonra, Antalya sammitindən isə 15 gün sonra təzədən Fransaya səfərə hazırlaşması onun BMT tədbirinə verdiyi önəmdən daha çox (hər halda BMT Baş Məclisinin yubiley sessiyası daha vacib toplantı idi, nəinki BMT-nin Paris konfransı), başqa mətləblərdən qaynaqlana bilərdi. Hansılardan? Ehtimal ki, onların arasında Dağlıq Qarabağ problemi ilə yanaşı, Vaşinqtonla münasibətləri, nəhayət, irəli aparmaq imperativi də var. 
*** 
Bu ehtimalı gücləndirən amillərdən biri Rusiyanın son vaxtlar bölgədə, ələlxüsus da Xəzər akvatoriyasında əzələ nümayişini xeyli intensivləşdirməsidir. Növbəti belə güc nümayişi cəmi bir neçə gün öncə, İŞİD mövqelərinə Xəzərdən qanadlı raketlərlə zərbələr endirilməsi ilə göstərildi. Moskva bu yolla, sözsüz ki, Xəzəryanı ölkələri, öncəliklə Azərbaycanı təhdid və şantaj eləməklə yanaşı, dənizin dibindən çəkiləcək transxəzər qaz kəmərlərinə də yeni ciddi risklər yaradır.  
Yeri gəlmişkən, bu arada məlum olub ki, Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin ikinci mühüm hissəsi olan və TANAP-ın davamı sayılan TAP-ın da (Transadriatik Qaz Kəməri) Avropa ərazisində inşasını əngəlləyə biləcək yeni risklər ortaya çıxıb. Bu riskləri isə, təcrübə göstərir ki, ABŞ-ın siyasi-diplomatik müdaxiləsi olmadan aradan qaldırmaq mümkünsüzdür.

Konkret risklərə gəlincə, virtualaz.org saytı İtaliyanın “İlFatto Quotidiano” qəzetinə istinadən xəbər verib ki, onlar TAP konsorsiumunun 2014-cü il üçün maliyyə auditi hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, layihənin qarşısında siyasi səbəblərdən çoxsaylı icazələrin alınmasından, hansısa gözlənilməz hadisələrdən və ya geoloji risklərdən qaynaqlanan potensial problemlər dayanır. Əgər bu əngəlləri vaxtında aradan qaldırmaq mümkün olmasa, səhmdarlar layihənin reallaşmasının mümkünsüzlüyü qənaətinə gələ bilərlər.
Konsorsium TAP kəmərinin tikintisinə 2016-cı il, mayın 16-da başlamağı planlaşdırır. Audit hesabatında deyilir ki, layihə ilə bağlı investisiya layihəsinə problem yoxdur. Çünki Avropa Yenidənqurma və İnkişaf Bankı qitənin energetika təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən bu layihəni maliyyələşdirməyə hazırdır. Ancaq TAP-ın 2014-cü il büdcəsinə dair hesabat meqa-layihədə bəzi çatların olduğunu üzə çıxarıb. Belə ki, konsorsium ili 100 milyon avro ziyanla başa vurub. 
Tikintinin hələ başlamadığı nəzərə alınarsa, bu, normal hesab edilə bilər. Lakin bildirilir ki, vaxt TAP-ın əsas düşmənidir. Əsas səhmdarları BP, SOCAR, “Statoil”, “Fluxys”, ENAGAZ və “Axpo” olan bu konsorsiumun maliyyə auditinə dair hesabatda deyilir ki, layihə “zamanla dəyişə bilər, bir sıra risklərlə qarşı-qarşıyadır”.
 
Bura siyasi və ya texniki problemlər daxildir. Həmin problemlər layihənin vaxtında həyata keçirilməsinə mane ola və xərclərin artmasına gətirib çıxara bilər. “Nəticədə səhmdarlar konsorsiumu ləğv etmək qərarı verə bilərlər” - hesabatda deyilir. Üstəlik, Norveçin “Statoil” şirkətinin TAP-dakı 20 faizlik payını satmaq niyyəti layihənin gələcəyinə şübhələri artırıb.
 
*** 
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin digər hissəsi olan TANAP kəmərinin tikintisi hazırda Azərbaycan və Türkiyə tərəfindən sürətlə həyata keçirilməkdədir. Bir neçə ay əvvəl prezident İlham Əliyev TAP layihəsinə yaradılan əngəllərə eyham vuraraq Cənub Qaz Dəhlizinin qarşısında süni maneələr yaradıldığını, Avropanın bu əngəlləri aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməli olduğunu bildirmişdi.  
Avropanın Rusiya qazından asılılığını azaldacaq TAP layihəsi önündə yeni əngəllərin aradan qaldırılmasında isə Avropanın təhlükəsizlik  qarantı olan ABŞ-ın siyasi iradəsi həlledici ola bilər... 
 
***
 
Beləliklə, Bakının ABŞ-a artan siyasi ehtiyacının indi azı, iki mühüm səbəbi ortaya çıxır - güclənməkdə olan Rusiya təhlükəsi və TAP-a (TANAP-a) yaranan yeni risklər. Onu da unutmaq olmaz ki, Moskva Azərbaycan iqtidarının çoxsaylı reveranslarına rəğmən, Qarabağ məsələsində indiyədək heç bir irəliləyişə yardımçı olmayıb ki, bu da rəsmi Bakını ABŞ-la əlaqələri sıxlaşdırmağa vadar edir. 
 
Lakin energetika və təhlükəsizlik sahələri üzrə dəstəyin qarşılığında Vaşinqtonun Azərbaycan hakimiyyətindən demokratiya və insan haqları ilə bağlı minimum gözləntiləri var.  
Cia.az