Azərbaycan Milli Konservatoriyasında Norveçdən gələn Elen Kaavenin etno qrupunun konserti baş tutub. Tədbirin keçirilməsində ən vacib amil iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsidir.
Konserti konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen çıxış edərək ölkələrimiz arasındakı mədəni sahədə mövcud əlaqələrdən söz açıb. Bildirib ki, belə mədəni proqramlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Daha sonra söz musiqiyə verilib.
Gecədə tanınmış musiqiçi Elin Kaaven bir sıra mahnılar ifa etdi. Bu sırada "Tree dance", "Ulda allures", "Lynxie", "Gothla", "Heart light" "Demure" "Enya" və s. ifa etdiyi musiqilər hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb. Elin Kaaveni gitarada Viktor Bomstad müşayiət edib. Tədbirin sonunda səslənən kompozisiya daha böyük marağa səbəb oldu. Burada konservatoriyanın müəllim və tələbələri ilə norveçli musiqiçilər eyni səhnəni bölüşüb. Belə ki, Şəhriyar İmanov (tar), Mirələm Mirələmov (vokal), Zülfüqar İsmayılov (tar), Kamran Kərimov (nağara), eləcə də Elin Kaaven və Viktor Bomstadın birgə ifasında orijinal musiqi əsəri təqdim olunub.
Cia.az
