Dünya mediasının yazdığına görə, İŞİD terroru Rusiya prezidenti Vladimir Putini Qərb dövlətlərinin izolyasiyasından çıxarıb. Qərbin Rusiyaya qarşı sərt sanksiyaları davam edir. Lakin son terror hadisələrindən sonra bu əlaqələrdə də xeyli yumşalma nəzərə çarpır.
Politoloq Natiq Miri hesab edir ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi məhz Putinin diplomatik izolyasiyadan çıxmasına və yenidən “dünya gücü” statusunun bərpasına xidmət edib: "Nəticə etibarı ilə bu, həm də Rusiya üzərindən Qərbin də sanksiyalarının götürülməsinə şərait yaradıb. Çünki Ukraynada yürüdülən siyasət əslində Rusiyanın diplomatik izolyasiyasına və iqtisadi baxımdan sanksiya ilə üzləşməsinə səbəb oldu. Putin anladı ki, Ukraynada bu savaş yürüdülərkən Rusiya öz istəklərinə nail olmayacaq. Əksinə, getdikcə bu proses daha çox onların özlərinə zərər edəcək. Bu baxımdan Suriyaya hərbi müdaxilə Rusiya üçün “xilas kəməri” kimi istifadə olundu. Eyni zamanda Avropada bütün marginal rəhbərlər, hətta ABŞ prezidenti Barak Obama da “G-20" sammitində etiraf etmiş oldu ki, terrora qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etmək olar. Bu isə Rusiyanın yenidən siyasi izolyasiyadan çıxıb, Avropa ilə qovuşması anlamına gəlir”.
Politoloq bildirib ki, bütün bunlar Rusiya üçün asan olmayacaq: “Çünki Obamanın işətdiyi fikirlərdə xüsusi bir vurğu var. O bildirdi ki, Rusiya öz təyyarəsinin terror nəticəsində partladılmasından sonra əgər anladısa ki, Suriyada Əsəd rejiminə dəstək verməkdən çox, terrora qarşı mübarizədə dünya gücləri ilə bir olmaq lazımdır, o zaman gələcəkdə Qərblə əməkdaşlıq edə bilər. Bəli, bu, onların izolyasiyadan çıxmasının göstəricisidir. Ancaq bu da faktdır ki, Obama yuxarıda söylədiyimiz fikri Putinin qarşısında şərt kimi qoyub. Gələcək Rusiyanın Suriyadakı planlarından asılı olacaq. Əgər Putin Əsəd rejiminin saxlanmasını özü üçün vazkeçilməz məsələ sayacaqsa, Rusiyaya qarşı sanksiyalar və eyni zamanda diplomatik izolyasiya davam edəcək”.
N.Miri bildirib ki, Qərbin sanksiyalarına gəlincə bu, Suriyadakı olaylarla deyil, Ukraynada Rusiyanın açdığı savaşla əlaqədardır: “Bu baxımdan, həm Obama və Amerikanın dövlət katibi Con Kerrinin köməkçisi xanım Viktoria Nulandın da çıxışında göstərildi ki, Rusiya Krımı Ukraynaya qaytarmayana qədər ona qarşı sanksiyalar ləğv edilməyəcək. Bu, eyni zamanda o deməkdir ki, artıq Ukrayna ABŞ və Rusiya arasında siyasi bazarlıq predmeti ola bilməz. Əgər Rusiyanın buna müəyyən ümidləri varsa, bu, puça çıxacaq”.
Cia.az
