|
Korrupsiyaya qarşı mübarizədə prezidentə necə dəstək verməliyik?
Son bir ayda Azərbaycanda korrupsiyaya qarşı mübarizə intensiv hal alıb. Xüsusilə MTN, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gedən məlum proseslər dediklərimizi  təsdiq edir. Hakimiyyətin də bu məsələdə əvvəlki illərə nisbətən qətiyyətli olduğu açıq şəkildə özünü büruzə verir.
Ölkə başçısının son çıxışları dediklərimizi əyani sübut edir. Prezident demək olar ki, çıxışlarının böyük bir hissəsini bu problemə həsr edir. Həm problemin həll edilməsinin vacibliyindən danışır, həm də korrupsiya ilə məşğul olan məmurlara mesajlarını çatdırır. İqtidarın addımları ölkə ictimaiyyəti tərəfindən də diqqətlə izlənir və dəstəklənir. Maraqlı bir nüans ondan ibarətdir ki, hakimiyyətin son bir aydakı məlum addımlarına, korrupsiyaya qarşı mübarizəsinə müxalif şəxslərin də dəstəyi sezilməkdədir. 
 
İqtidaryönlü deputat Fəzail Ağamalı hesab edir ki, ölkəmizdə dövlətçiliyimizə qarşı neqativ hallarda iqtidarın yanında olmaq vacibdir: “Bu cür problemlərdə birlik olanda, cəmiyyət daha çox bəlalardan tez xilas olur. Ölkə prezidentinin bu məsələdəki mövqeyi ortadadır. Cənab  prezident korrupsiya, rüşvətxorluq kimi, eləcə də dövlətçiliyimizə, iqtisadiyyatımıza qarşı olan neqativ hallara müharibə elan edib. Bu müharibəni sona qədər aparacağında israrlıdır. Onun atmış olduğu addımlar təsdiq edir ki, artıq xəbərdarlıqlardan konkret işə keçib. Korrupsiya ilə məşğul olan digər məmurların da ibrət dərsi götürmələri üçün belə addımlar atılır. Xoşagəlməz bəladan tamamilə xilas olmalıyıq. Bu problemin həllində xalqla ölkə başçısı bərabərdir. Bir ay öncə seçicilərlə yaxın təmaslarım olurdu, MTN-də baş verən proseslər nəticəsini verməkdə idi. Seçicilərim cənab prezidentlə bərabər olduqlarını daim önə çəkirdilər. Bu gün də xalqımız prezidentlə bərabərdir. Cənab prezident də xalqın dəstəyi ilə addımlarını atır və atmaqdadır”.
 
 
Deputat parlament seçkilərindən öncə bu məsələ ilə bağlı kəskin çıxış etdiyini də diqqətimizə çatdırdı:“Mən ölkə başçısının ötən ayın 17-də MTN-lə bağlı verdiyi sərəncamdan sonra parlamentdəki yığıncaqda sərt çıxış etdim. Başqa bir həmkarım Yevda Abramov da kəskin danışdı. Bütün parlament üzvlərini, deputat şansı olmaq istəyənləri, şansı olmayanları ölkə prezidenti ilə bərabər olmağa səslədim. Bütün sahələrdə olduğu kimi, bu sahədə də onun addımlarını müdafiə etməliyik. Prezident addımlarında ona dəstək olduğunu görməlidir. Həmin vaxt parlamentin digər üzvləri tərəfindən də bu hal önə çəkilməli idi. Amma olmadı. Artıq bu məsələlərdə geri çəkilmək yolu yoxdur. Deputat olaraq, borcumuz millətin mənafeyinə xidmət etməkdir. Bütün siyasətçilərə, yeni seçilən millət vəkillərinə üzümü tutaraq, onları prezidentin siyasətini dəstəkləməyə dəvət edirəm. Artıq susmağın zamanı bitib”.

F.Ağamalı korrupsiyaya qarşı mübarizədə mətbuatın rolundan da danışdı: “Media bu gün ölkə prezidenti ilə bərabərdir. Korrupsiya probleminin həll olunmasında sizin qəzet xüsusilə fəaldır. Vətəndaşlıq mövqeyi nümayiş etdirirsiz. Siz və digər media təmsilçiləri alqışlara layiqsiniz. Birlikdə oğrulara, rüşvətxorlara qarşı mübarizə aparmalıyıq”.
 

İqtisadçı ekspert Qadir İbrahimli korrupsiyaya qarşı mübarizənin ilk mərhələsinin başladığını qeyd etdi:“Hesab etmirəm ki, korrupsiyaya qarşı ciddi mübarizə başlayıb. Çünki bu hal təkcə MTN və Rabitə Nazirliyində deyil. Amma bu prosesin başlamasının özü müsbət haldır. Əgər bu proses davam edəcəksə, o zaman qəbul etmək olar ki, korrupsiyaya qarşı ciddi addımlar atılır. Hələ ki dairə çox məhduddur. Bu prosesləri təqdir edirəm. Sahibkarların əsas ”düşmən"lərindən biri olan qurum Vergilər Nazirliyidir. Qapadılan iş yerlərinin əksəriyyətində bu qurumun rolu var. Prezident hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə məmurlardan çox yaxın ətrafından dəstək almalıdır. Çünki məmurlar bu problemin həll edilməməsində maraqlıdırlar. Doğrudur, ictimai rəy bu prosesləri təqdir edir. Sosial şəbəkələrdən bu açıq şəkildə görünür. Açığı, bu mərhələdə “ASAN xidmət”in səlahiyyətlərinin artırılmasının əleyhinəyəm. Çünki biz yeni bir güclü strukturun yaradılmasında maraqlı oluruq. Sadəcə, nazirliklərdə iş rejimi “ASAN xidmət” üsuluna keçməlidir. Bu tətbiq edilsə, cəmiyyətin bütün sahələrindən dəstək gələcək".
Cia.az