“Böyük iyirmilər”in (G20) sammiti yəqin ki, hələ bir müddət də siyasi analitiklərin təhlil mövzusu olacaq. Sammitin Parisdəki məlum terror olaylarından iki gün sonraya təsadüf eləməsi ona diqqəti nəinki azaltdı, əksinə, artırdı.
Doğrudur, zirvə toplantısının ilkin gündəliyi iqtisadi məsələlərdən ibarət idi, Paris terroru isə əslində onun önəminə önəm qatdı, gündəliyi daha sanballı elədi. Çünki terrorla effektli mübarizənin yolu liderlərin bir araya gəlib vahid mövqe sərgiləməsindən keçir. Bu məsələyə dair isə Antalya sammiti çərçivəsində iki və çoxtərəfli müzakirələr aparılsa da, ortaq strategiya cızmaq mümkün olmadı - ən əvvəl də Rusiyanın İŞİD və Suriya problemlərinin həllinə prinsipial fərqli yanaşması səbəbindən.
Sadalanan aktual mövzular ətrafında müzakirələr, o sırada Ankara və Qərbin Bəşər Əsədə yalnız 5-6 aylıq şans tanıması, bütövlükdə Türkiyənin, Amerika və Avropanın vahid mövqe sərgiləməsi özünü qabarıq şəkildə göstərdi və üstəlik, rəsmi Ankaranın rolunun artması ilə yada qaldı. Söhbət həm də Avropa qitəsinə miqrant axınının qarşısını almaqdan gedir.
Rusiya tərəfi təbii ki, bundan məmnun deyil, hərçənd zirvə toplantısı çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə də səmərəli danışıqları olub, iqtisadi-energetik sahələrdə əməkdaşlığı davam etdirmək yönündə anlaşma əldə edilib.
Ancaq gerçək bundan ibarətdir ki, qardaş ölkənin də yer aldığı Qərb İŞİD-lə birgə mübarizə qarşılığında Rusiyaya Ukrayna, Suriya ilə bağlı güzəşt tanımadı, Moskvanın təcriddən çıxmasına “dobro” vermədi. Putin isə Parisdəki terror hücumunu fürsət bilib buna çox ümid edirdi. Hər halda, belə bir əməkdaşlıq Moskva strateqlərinə görə, Krım məsələsinin dünyanın gündəmindən həmişəlik çıxmasına, ardınca sanksiyaların götürülməsinə və yekunda Rusiyanın “bağışlanmasına” gətirə bilərdi.

***
Amerika rəsmilərinin son bəyanatlarından da görünür ki, Vaşinqton terrorla birgə mübarizə əvəzində Moskvaya nəinki Donbas, heç Krımla bağlı da güzəştə getməyə hazırlaşmır. Bu mövqeyi ABŞ diplomatiyasının “ağır topları”ndan sayılan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bir daha ortaya qoyub: G20 zirvəsindən cəmi iki gün sonra Berlində beynəlxalq təhlükəsizlik konfranslında məruzə ilə çıxış edən Nuland açıq bəyan edib ki, “Rusiya Krımı qaytarmayınca, Donbasdan öz qoşunlarını çıxarmayınca, Minsk anlaşmasına tam riayət etməyincə ona qarşı sanksiyalar saxlanmalıdır”.

Öz növbəsində nüfuzlu Amerika nəşrlərindən olan “The Washington Post” hesab edir ki, Suriya ilə bağlı Rusiya ilə əməkdaşlıq ABŞ-ın təhlükəli səhvi olardı. “Parisdəki terror aktları Putin üçün taktiki imkanlar açıb. Rusiya hökmdarı iki ay idi ki, ərəb və Qərb dövlətlərini özünün ”anti-İŞİD alyansı" adlandırdığı koalisiyaya qoşulmaq üçün inandırmağa cəhd edirdi - hərgah Rusiyanın əməliyyatları İŞİD-dən çox mötədil müxalifət qüvvələrinə qarşı yönəlib", - deyə “The Washington Post” qəzetinin son sayındakı redaksiya məqaləsində qeyd olunur.
Nəşr daha sonra yazır: “İndi - Parisdəki terror aktlarından sonra Fransa prezidenti Fransua Olland qəfildən böyük alyans yaratmaq ideyasını ortaya atıb və onu irəli aparmaq üçün növbəti həftə Vaşinqton və Moskvaya səfərə hazırlaşır. Kremlə bu sərf edir: alyansın qurulması yanvarda müddəti başa çatan sanksiyaların götürülməsi (əgər onlar uzadılmayacaqsa) demək olar, Rusiyaya Suriyanın və mümkündür ki, Ukraynanın gələcəyini müzakirə eləməyə icazə vermək anlamına gələr”.

Lakin məqalə müəllifləri hesab edirlər ki, hərbi planda Kremlin ABŞ başda olmaqla, Qərb koalisiyasına verəcəyi ciddi bir şey yoxdur. “Putinin Əsəd rejimini dəstəkləməsi İŞİD üzərində qələbəyə mane olan ən böyük əngəllərdən biridir. Putinin koalisiyaya yeganə məhsuldar töhfəsi o ola bilər ki, Rusiyanın nüfuzundan istifadə edərək Bəşər Əsədin getməsinə nail olsun və Suriyada Qərbin müdafiə elədiyi müxalif qüvvələrə hücumları dayandırsın. Bu, olmasa, Rusiya ilə alyans yaratmaq ABŞ və Fransa uçun təhlükəli səhv olacaq”, - deyə analitiklər xəbərdarlıq ediblər.
***
Bu arada ABŞ prezidenti Barak Obama da bəyan edib ki, Bəşər Əsəd getməyincə, İŞİD-in tam məhvi mümkün olmayacaq. “Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkünsüz olacaq. Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə isə siyasi nizamlanma mümkün deyil” - Ağ Ev başçısı vurğulayıb.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini bildirib. “Terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil”, - deyə o söyləmişdı.
Təbii ki, Əsəd belə açıqlamaları Rusiya və İranın dəstəyinə güvənərək verir. Odur ki, Qərbin bir problemi də indi Moskva və Tehran arasında ixtilaf yaradıb onların Suriya, Bəşər Əsəd məsələsində əməkdaşlığına mane olmaqdır. Buna da İŞİD-lə mübarizəni gücləndirmək və müxalif anti-Bəşər qüvvələrinə hərtərəfli köməyi gücləndirməklə nail olmaq mümkündür.
Bu məsələlərdə isə NATO üzvü Türkiyə vazkeçilməz ölkə olaraq qalır və belə görünür Suriyaya dair “Yol xəritəsi” də məhz qardaş ölkə üzərindən və onun birbaşa iştirakı və dəstəyi ilə həyata vəsiqə alacaq. Ankaranın bölgədə rolunun və nüfuzun güclənməsi isə Bakının da uduşu deməkdir. Həm də o səbəbə ki, Suriya üçün uğurlu “Yol xəritəsi” Ukrayna, Dağlıq Qarabağ problemlərinin həlli üçün də “Yol xəritə”lərinin tapılmasına gətirə bilər.
Cia.az
