Bir il 3 aylıq fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Ermənistanın hakim Respublika Partiyası İcraiyyə Komitəsinin iclasından sonra partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanovun sözlərinə görə, görüş dekabrın əvvəlində baş tuta bilər.
Oktyabrın 26-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bölgəyə səfər zamanı vasitəçilərin ilin sonunadək prezidentlərin görüşünü təşkil eləmək niyyətində olduqlarını söyləmişdi. Belə görünür ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona sonuncu səfəri əvvəlcə İrəvan, ardınca Bakıda keçirdikləri görüşlər minimum nəticə verib. Hər halda, müşahidəçilər son zamanlar tərəflərin bir-birinə qarşı həm təmas xəttində, həm də diplomatik baxımdan sərt mesajlar verməsini müharibənin hər an alovlana biləcəyinin əlaməti kimi dəyərləndirirdilər. Odur ki, daha bir görüş faktının olması status-kvonun saxlanmasına və gərginliyin növbəti fazaya keçməməsinə maraqlı olanlara rahat nəfəs dərmək imkanı verəcək.

Lakin görüşün hansı ölkədə keçiriləcəyi məlum deyil. Xatırladaq ki, sonuncu yüksək səviyyəli görüş prezident Ollandın təşəbbüsü ilə 2014-cü ilin oktyabrında Parisdə baş tutub. Növbəti görüşün Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçiriləcəyi gözlənilsə də, Ermənistanın qeyri-konstruktivliyinə, Sərkisyanın Dağlıq Qarabağı “Ermənistanın tərkib hissəsi” saymasına cavab olaraq Azərbaycan liderinin mərasimə qatılmaması səbəbindən baş tutmadı. E.Şarmazanovun dediklərindən isə belə aydın olur ki, prezidentlərin görüşü yaxın həftələrdə olacaq.
“Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünü mümkün sayıram. Görüş hansı gündə və harada keçiriləcək, bu haqda Prezident Aparatı müvafiq qaydada xəbər verəcək” - deyə, Şarmazanov bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin oktyabrın 26-28-də regiona səfərindən sonra diplomatların yaydıqları bəyanatda bildirilirdi ki, Azərbaycan və Ermənistan prezidentləri ilin sonunadək yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Azərbaycan prezidenti son günlər Qarabağ məsələsində rəsmi Bakının tutduğu prinsipial mövqeyini davamlı şəkildə bəyan edib, ərazi məsələsində güzəştin olmayacağını bildirib. Türkiyənin Antalya şəhərində “Böyük iyirmilik” ölkələri liderlərinin Sammiti çərçivəsində keçirilən toplantıda Azərbaycan prezidentinin, R.T.Ərdoğanın dediyi kimi, ev sahibi statusunda çıxış etməsi əslində Ermənistana, onun havadarlarına çox ciddi mesaj idi. Eyni zamanda ölkə başçısı liderlərin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Üstəlik, Azərbaycan prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar fikirlərini söyləyərkən Azərbaycanın Türkiyə və Fransanın yanında olduğunu bəyan etdi. Söhbət rəsmi Bakının antiterror koalisiyasının üzvü olaraq sivil dünyanın yanında olmasından gedir və Ermənistanın terrorçuluğun və işğalçılığın dəstəkçisi olması da faktdır. Bu mənada hazırkı vəziyyət Azərbaycanın Qarabağ məsələsində mövqeyini möhkəmləndirir.
Noyabrın 17-də isə Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edən Azərbaycan prezidenti işğalçı Ermənistana ünvanlı sərt çıxış edib. İ.Əliyev dünya birliyinə də çağırış edib: “Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik”. Ali Baş Komandan düşmənə və Azərbaycanı işğal faktı ilə barışdırmaq istəyənlərə kifayət qədər sərt mesaj verib: “Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. ”Qarabağ" sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, “Qara”, “Bağ” deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur".
Politoloq Arzu Nağıyev ölkə başçısının mövqeyi və prezidentlərin gözlənilən görüşü barədə danışarkən qeyd etdi ki, planlaşdırılan görüşün təşəbbüskarı ABŞ-dır: “Dəfələrlə bu haqda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bildirib. Dekabrda görüşün baş tutması da sual altındadır. Çünki Ermənistan rəhbərliyi atəşkəsi pozmaqda davam edir, beynəlxalq normalara riayət etmir. Ərazi bütövlüyü ilə bağlı beynəlxalq normalara uyğun olmayan bəyanatlar verir. Eyni zamanda Azərbaycan rəhbərliyi də erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir və hətta lazım gəlsə güc nümayiş etdiriləcəyini bəyan edir. Yəni belə bir şəraitdə görüşün baş tutacağı sual altındadır”.
A.Nağıyev əlavə etdi ki, Rusiya da bu görüşün məhz ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır: “Eyni zamanda Ermənistanda konstitusiya dəyişikliklərini nəzərdə tutulan referendum keçirilməlidir və bu baş tutarsa, prezidentin səlahiyyətləri azalacaq və parlamentin bu görüşə necə yanaşması da əsas faktdır. Düşünürəm ki, ermənilər görüşlərlə status-kvonu saxlamğa da çalışır. Bir sözlə, konkret addımlar atılmayacağı bir şəraitdə bu görüşün baş tutması da münaqişənin həlli üçün bir rol oynamır”.
Azərbaycanın da qatıldığı, dünyanın 20 nəhəng dövlətinin zirvə toplantısının Qarabağın azadlığına hansısa töhfələr verə biləcəyi barədə proqnozlara gəldikdə, politoloq bunları bildirdi: “Türkiyədə keçirilən G-20 toplantısı ərəfəsində Fransada baş verən məlum terror hadisələri tədbirin gündəliyində mühüm dəyişikliyin edilməsi ilə nəticələndi. Belə ki, təbii ki, Suriya məsələsi də daxil olmaqla, əsasən iqtisadi problemlərin müzakirəsini nəzərdə tutulan tədbirdə terror problemi də gündəmə gəldi. Belə bir toplantıda Azərbaycanın dövlət başçısı İlham Əliyevin də iştirakı və onun dünya liderləri qarşısında Ermənistanın Azərbaycana qarşı illərlə keçirdiyi terror hadisələrini, 2000- dən artıq həmvətənlərimizin terror qurbanı olduğunu bildirməsi həddən artıq təqdirəlayiq bir haldır. Yəni baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT-in Minsk Qrupuna həvalə edilsə də, BMT-nin bir neçə qərarı da daxil olmaqla, problem danışıqlardan o tərəfə keçmir, ərazi bütövlüyü haqqında danışılmır, sülhə çağırışlardan başqa mühüm bir qərar verilmir. Məhz bundan istifadə edən və havadarları hesabına beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan status-kvonu saxlayır və terror və təxribatlarını davam etdirir. Bütün bunların cənab İlham Əliyevin çıxışında öz əksini tapması çox mühüm amildir. Təbii ki, belə bir çıxış və dünya liderləri qarşısında gətirilən arqumentlər və faktlar Ermənistanın kəskin reaksiyasına səbəb olmalı idi və oldu. Bunun da Azərbaycan xarici siyasət idarəsi tərəfindən cavabı verildi. Əsas məsələ ondan ibarətdir ki, dünya dövlətləri bir daha terrorun hansı fəsadlara gətirdiyini, dini və etnik radikalızmin milli təhlükəsizliyə necə bir təhdid olduğunun bir daha şahidi oldular və Azərbaycanın da bu təhdidlə illərlə üz-üzə qaldığının dövlət başçısının çıxışında bir daha şahidi oldular”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, həmsədrlərin nikbinliyinin nəyə əsaslandığını söyləmək çətindir: “Həmsədrlər əldən-ayaqdan gedirlər ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərini görüşdürsünlər. Birincisi, görüşün baş tutub-tutmayacağı hələ böyük sual altındadır. Lap tutaq ki, həmsədrlərin səyi nəticəsində prezidentlər görüşdü, bu, danışıqlar prosesində nəyi dəyişəcək ki? Növbəti məzmunsuz görüş olacaq. Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına dair heç bir işartı yoxdursa, prezidentlərin danışığından real nəticə gözləmək əbəsdir. Əksinə, həmsədrlər anlamalıdırlar ki, prezidentlərin görüşü uğursuz alınarsa, bu, cəbhə bölgəsindəki vəziyyəti bir az daha gərginləşdirəcək”.
E.Şahinoğlunun fikrincə, prezident Əliyev “Böyük iyirmilər”in Antalyada keçirilən sammitində iştirakı iki səbəbdən vacib idi: “Birincisi, Azərbaycan prezidenti sammitdə böyük dövlətlərin liderləri ilə görüşüb fikir mübadiləsi aparmaq imkanına malik oldu. İkincisi, İlham Əliyev sammitdəki çıxışı ilə dünya liderlərinin diqqətini Azərbaycanın böyük enerji layihələrinə və Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Rusiya Ermənistanın stratejı hərbi müttəfiqi olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil, Azərbaycanı qazının Avropaya çatdırılmasını əngəlləmək məqsədilə ”Türk axını" layihəsini TAP-dan əvvəl tikmək istəyir. İlham Əliyev hər zaman belə bir fikri də vurğulayır ki, Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə Qərbin yanındadır. Misal olaraq da Azərbaycan əsgər və zabitlərinin Əfqanıstan və İraqda xidmət göstərmələri bildirilir. Beynəlxalq aləm indi yeni anti-İŞİD koalisiyası formalaşdıracaq. Növbəti sual budur: Azərbaycan anti-İŞİD koalisiyasında yer almalıdırmı? Doğrudur, son terror aksiyalarına (Rusiya təyyarəsinin partlaması nəticəsində 224 nəfər həlak oldu, Beyrutda 40 nəfər qətlə yetirildi, Parisdəki partlayışlarda 130 nəfər öldü) partlayışlara baxmayaraq hələ ki nə belə bir koalisiya formalaşıb, nə də bizdən virtual koalisiyaya qoşulmaq xahişi edilib. Ancaq hadisələr o qədər sürətlə inkişaf edir ki, böyük dövlətlərin İŞİD-ə qarşı ortaq mübarizə cəbhəsi açması uzaq perspektiv də deyil. İllər öncəsi Azərbaycan əsgərinin və zabitinin Əfqanıstan və İraqda olacağını ehtimal etmək çətin idi. Ancaq bu, oldu".
Politoloq hesab edir ki, gələcəkdə İŞİD-ə qarşı mübarizədə Azərbaycandan yenə sülhməramlı qüvvələrin tərkibində yer alması xahiş oluna bilər: “Rəsmi Bakı beynəlxalq aləmin bu xahişinə ”yox" deməyəcək. Birincisi, bunu Azərbaycanın bölgədə oynadığı rol diktə edir, ikincisi, İŞİD Azərbaycan üçün də getdikcə təhlükə mənbəyinə çevrilir, üçüncüsü, Rusiya da bu koalisiyada yer alacaq ki, bu amil də rəsmi Bakının müsbət cavab verməsinə şərait yaradır. İŞİD üzvləri arasında savaşan azərbaycanlıların nə planladıqlarını bilmək üçün Azərbaycanın dövlət strukturlarının böyük dövlətlərlə kəşfiyyat xəbərləşməsinə ehtiyacı var. Böyük ölkələr isə təmənnasız rəsmi Bakı ilə xəbərləşməyəcək. Ona görə də Azərbaycanın anti-İŞİD koalisiyasında yer alması ehtimalı yüksəkdir. Buna baxmayaraq, bütün bu prosesin və Azərbaycanın beynəlxalq terrora qarşı verdiyi və verəcəyi töhfənin Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirəcəyini söyləmək çətindir. Əks halda, Azərbaycan 2001-ci ildən antiterror koalisiyasında yer alıb, ancaq bu amil Qarabağ münaqişəsinin həllinə təsir etməyib".
Belə təxmin etmək olar ki, G-20 zirvəsi çərçivəsində Azərbaycan və Amerika prezidentlərinin görüşü də təsadüfi olmayıb. Deməli, bu, həm də Vaşinqtonun Qarabağ müzakirələri üçün ev sahibliyi etməsinin anonsu sayıla bilər. Ancaq Rusiya ABŞ-ın təşəbbüsünə imkan verəcəkmi?
Cia.az
