|
Gələn il Neft Fondunun gəlirləri 3.5 milyard azalacaq
Gələn il Dövlət Neft Fondunun büdcəsi 35 faizədək azalacaq. Belə ki, Fondun 2016-cı il büdcəsinin  gəlirləri  6 711 564,1 min manat proqnozlaşdırılır ki, cari illə müqayisədə 3.5 milyard azdır. Xərcləri isə 8 261 399,7 min manat proqnozlaşdırılır ki, bu da 4 milyard manat azdır.  Dövlət Neft Fondunun gələnilki kəsiri 1.5 milyard manat civarında olacaq. 
DNF-nin məlumatına görə, oktyabrın 30-da 2016-cı ilin büdcə layihəsinə dair Fondun Müşahidə Şurasının növbəti iclasında yuxarıda sadalanan rəqəmlər təsdiqlənib. 
İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb. 
 
Həmçinin, gələn il Fondun idarə edilməsi ilə bağlı xərcləri  24 420,0 min manat məbləğində müəyyən edilib. İclasa müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Prezidentə təqdim olunması tövsiyə edilib.
 
Bununla yanaşı iclasda Dövlət Neft Fondunun mühasibat sisteminin "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların"dan "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları"na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilib.
Cia.az