|
Mərkəzi Bankın özü pul paylamağa başladı
Ölkədə banklara olan inam azalıb. Ona görə də insanlar qazandıqları vəsaitləri yatırım edərək pul qazanmağa deyil, daha çox mənzillərində saxlamağa üstünlük verirlər. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirir ki, son bir ildə dollarla saxlanılan əmanətlərin və yığımların həcmi hər ay artır. Əgər ötən ilin yekunlarına görə dollarla olan əmanətlərin və yığımların həcmi 6 faiz artmışdısa, təkcə bu ilin 9 ayında həmin pul kütləsinin az qala yarısı dövriyyədən çıxıb və anbarlarda öz saatını gözləməkdədir. Ölkədə əmanətlərin dollarlaşması səviyyəsi isə 75 faizi keçib.
E.Rüstəmov dövriyyədəki pul kütləsinin azalmasının səbəblərini izah edərək deyib ki, azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıblar. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmirlər.
 
E.Rüstəmovun bildirdiyinə görə, azərbaycanlılar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayırlar. Bu kupyurların sayı dövriyyədə ilin əvvəlindən iki dəfə azalıb. Ölkə miqyasında isə bu, milyardlarla manat deməkdir. Həmin pullar banklarda saxlanılmayıb, dövriyyədən çıxarılıb və nəticədə Mərkəzi Bankın hesabladığı pul kütləsinə daxil deyil: "Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi".
 
İnsanlar niyə banklara etibar etmir? 
 
İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a bildirdi ki, fevral ayındakı devalvasiyadan sonra əhali haqlı olaraq dollar şəklində olan əmanətlərini geri götürdü: "Ötən müddət ərzində manatla qoyulan əmanətlərin həcmi 60 faizdən 25 faizə qədər enib. Xarici valyutada olan əmanətlər isə 75 faizə qədər artıb. Əhalinin hökumətə inamı itdiyinə görə artıq pullarını banklara yatırmağa üstünlük vermirlər. Ona görə də əmanətlərin həcmi 350 milyon manat azaldı. Dinamika göstərir ki, insanların banklara inamı bu ilin fevralın 21-nə qədər olub. Məhz o vaxta qədər yatırılan əmanətlərin həcmi artan xətt üzrə gedirdi. 
 
Amma Mərkəzi Bank bir gecənin içində manatı 34 faiz dəyərdən salmaqla bu inamı baltaladı. Əhaliyə 1.4 milyard dollar, bank sektoruna isə 4.4 milyard dollar dəyərində ziyan dəydi". 
N.Əliyev əlavə etdi ki, baş verən olaylardan sonra Elman Rüstəmovun başçılıq etdiyi bank sektoruna inamın azalması təbiidir: "Elman Rüstəmov indi istəyir ki, əhalinin gündəlik alış-veriş üçün xərclədiyi vəsaiti də banklara, kartlara yatırsın. Amma bank sektoruna qarşı etimadsızlığın yaranmasında məhz Elman Rüstəmov və yüksək çinli məmurların rolu var. Təəssüf ki, bunun izahını dövriyyədə manat kütləsinin azalması kimi təqdim edirlər. Bildirirlər ki, 50-100-lük əskinazları əhali yastığının altında saxlayır. Əvvəla həmin yastığın altı banklardan etibarlıdır. 
 
Bir vaxtlar Mərkəzi Bankın dövriyyədə olan manat kütləsinin həcmi 11 milyard manat idi. Bu gün həmir rəqəmin 7 milyard manata qədər düşməsinin əsas səbəbkarı Mərkəzi Bankdır. Dövriyyədə olan 4 milyard manatlıq vəsaiti qurum anbara yığıb. Əgər ölkənin iqtisadiyyatının təşkil olunmasına ehtiyac bilirlərsə, o zaman anbarların ağzını açmalıdırlar".
 
İqtisadçının sözlərinə görə, 7 ay ərzində kreditləşmə səviyyəsi 1.6 milyard manat azalıb: "Belə bir vəziyyət bankların mənfəətli şəkildə işləməsinə imkan vermir. Bankların maliyyə vəziyyəti barədə məlumatlar da açıqlanmır ki, durumu doğru təhlil etmək və təkliflər vermək mümkün olsun. Məlumdur ki, banklar manatla kredit verməkdən çəkinirlər. Onların 4 milyardın üzərində nizamnamə kapitalı var. İndi banklar kapital halında olan həmin vəsaitləri manat şəklində kredit verməyə ehtiyat edirlər. Əhali isə dollarla olan bahalı krediti götürmək istəmir".
İqtisadçıya görə, əmanət qoyuluşlarının azalması, kreditlərdə yaranan məhdudiyyətlər real iqtisadiyyatda pul qıtlığı yaradıb: "Ölkənin qeyri-neft sahələrinin maliyyə vəsaitləri ilə təmin olunması kəskin şəkildə ağırlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə ümumi kapital qoyuluşu azalıb. Emal sənayesi, mədənçıxarma, neft-qaz, tikinti, ticarət, xidmət-bir sözlə bütün sahələrdə istehsal göstəriciləri aşağı düşüb. Ümumilikdə, qeyri-neft sektorunda kapital qoyuluşu 1.5 milyard manat azalıb. Pul-kredit sisteminin düzgün qurulmaması nəticəsində ölkə iqtisadiyyatında böyük problemlər meydana çıxdı. Əgər gərəkən addımlar atılmazsa, proses davam edəcək".
 
Mərkəzi Bank ölkənin qazlaşdırılmasına 500 milyon ayırdı
 
Yeri gəlmişkən, Mərkəzi Bank dövriyyədə pul kütləsini artırmaq üçün bir sıra iri layihələri dolayı yolla maliyyələşdirməyə başlayıb. Belə ki, bu il Beynəlxalq Bank və Dövlət Neft Şirkəti üçün böyük miqdarda vəsait ayrılıb. "Biz ilin sonuna qədər Beynəlxalq Banka 3 milyard manatın ayrılmasını başa çatdıracağıq. Bu vəsaitin 2 milyard manatı artıq banka daxil olub. SOCAR-a ölkənin qazlaşdırılmasını başa çatdırmaq üçün 0,5 milyard manat ayrılıb. Biz bankların rezerv normalarını da aşağı salmışıq, bu da pul kütləsinin artmasına təsir edəcək""- deyə Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın birbaşa real iqtisadiyyata kredit yönəltməsinə münasibət bildirən hüquqşünas, sabiq bank işçisi Əkrəm Həsənov dedi ki, bu, dünya təcrübəsində yaxşı hal hesab edilmir: "Yəni kommersiya banklarının ayıracağı kreditləri Mərkəzi Bank verir. Doğrudur, qanun buna icazə vermir. Amma 3-4 il əvvəl "Mərkəzi Bank haqqında" Qanuna edilən dəyişikliyə görə, strateji əhəmiyyətli layihələr üçün quruma səlahiyyət verildi. Bildiyimə görə, indiyədək "AZAL"a, SOCAR-a belə vəsaitlər verilib".
 
Ə.Həsənovun fikrincə, bunun iqtisadi cəhətdən nə qədər məqsədəuyğun olduğunu demək üçün analiz etmək lazımdır: "Amma prinsipcə, Mərkəzi Bankın iqtisadiyyata manatın kredit şəklində yönəldilməsi düzgündür. Dövriyyədə pul qıtlığı var. Bunun da başlıca səbəbi əhalinin banklara milli valyutada əmanət qoymamasıdır.  Mərkəzi Bank sadəcə olaraq bunu birbaşa etməməlidir. Həmin vəsaitlər kommersiya banklarına verilməlidir. Banklar da vəsaitləri özləri kreditə yönəltməlidir. Belə çıxır ki, Mərkəzi Bankın özü kommersiya fəaliyyəti ilə məşğuldur və digər banklarla rəqabət aparır".
Hüquqşünasa görə, Mərkəzi Bankın manatla ayırdığı bu kreditin bazarda dollara çevrilməsi təhlükəsi var: "Mart ayında banklara açıq valyuta mövqeyi limiti aradan qaldırılıb. Buna görə də Mərkəzi Bank onlara mərkəzləşdirilmiş kredit verən kimi banklar tez bir zamanda vəsaiti dollara çevirirlər. Bu səbəbdən Mərkəzi Bank mərkəzləşdirilmiş kreditləri ayırmaqdan ehtiyat edir. Çünki valyuta ehtiyatları kəskin azala bilər. İqtisadiyyata milli valyuta lazımdır ki, o da bu yolla təmin etməyə çalışır. Amma həmin vəsaitin təyinatı üzrə istifadə olunacağına nəzarət etmək imkanlarının olub-olmayacağı maraqlı məsələdir".
Cia.az